Ana səhifə / Cəmiyyət / Bakı qırğınını çəkən eston fotoqraf: “Xankəndi uçağında 5 nəfər idik”

Bakı qırğınını çəkən eston fotoqraf: “Xankəndi uçağında 5 nəfər idik”

Mark Zükerberqin sayəsində dünyanın çeşidli ölkələrində çox dostlar qazanmışam. 2018-ci ildə qazandığım ən dəyərli dostlardan biri 20 ildən artıqdır Tallində yaşayan Sənəm Əliyevadır. İş elə gətirdi, tanışlığımızdan qısa zaman sonra o, bir mədəniyyət projesi üçün Bakıya gələsi oldu. Bu sözləri bizim onunla gələcək müsahibəmizin anonsu kimi qəbul edin. Estoniyada uzun illərdir professional tərcüməçiliklə məşğul olan bu dəyərli insan Azərbaycan üçün çox işlər görür. Xüsusən Qarabağ problemi ilə bağlı. Sağlıq olsun…

***

Sənəm xanım Bakıdan dönəndən qısa zaman sonra FB-da 20 Yanvarla bağlı bir statusuna rast gəldim. Yazırdı ki, Tallində anım tədbiri keçirilib və 1990-cı illərin qanlı yanvar günlərində, Kreml Bakının qapılarını dünyaya bərk-bərk qapadanda Azərbaycana gəlib, sovet ordusunun yaratdığı dəhşətləri çəkən, onları dünyaya çatdıran iki eston o toplantıda xatirələrini danışıb. Dərhal inboksda bu şəxsləri tanıyıb-tanımadığını soruşdum, öyrəndim ki, Sənəm xanım onların hər ikisi ilə uzun illərin dostudur. Ardınca xahişim gəlirdi – müsahibə almağıma yardımçı ola bilərsinizmi? Sağ olsun, dərhal əlaqə yaratdı və Yuru Vendelin bizə sovet imperiyasının informasiya blokadasını yarmalarının tarixçəsini danışdı:

– 20 Yanvardan təxminən 1 həftə öncə Bakıya gələsi oldum. Yavaş-yavaş SSRİ-də kooperativlər yaradılırdı. Tallində fotoagentlik açmışdım və Helsinkidə Finlandiyanın ünlü fotoagentliklərindən biri ilə əməkdaşlıq edirdim. Həmin şirkətin redaktoru Marka Uorela mənə zəng edib dedi ki, Azərbaycana göndərmək istədiyimiz reportyora SSRİ viza vermir, sən Bakıya gedə bilərsənmi? Marka deyirdi ki, Gəncədə toqquşmalar var, oradan reportaj hazırlamaq lazımdır. Baş verən olaylar haqda bilgim az idi. Bir onu bilirdim ki, konflikt hərbidir. Məsələ “sabah avtobusa bilet aldım, Gəncəyə getdim” məsələsi deyildi. Mənə orda kontaktlar gərək olacaqdı. Tallində azərbaycanlıların “Ocaq” adlı təşkilatları vardı. Telefonlarını tapdım, aradım, sədrlə bir kafedə görüş təyin etdik. Valera (“Ocaq”n sədri Vələddin Kərəmxanovu deyir – red.) ilə çox gözəl ünsiyyət qurduq. Niyyətimi ona bildirəndə dedi ki, səni tək buraxmaram, bərabər gedək. Bu, gerçəkdən ideal bir təklif idi. 1-2 günə biletlər alındı. Hava limanına gələndə baxdım ki, tanışlarımdan biri Andreas Raid da ordadır. Hara getdiyini soruşanda bəlli oldu ki, o da Bakıya uçur.

– Andreas… televiziyada çalışırdı?

– Bəli. O, Estoniyada da, Sovet İttifaqı miqyasında da qaynar nöqtələrdən hazırladığı reportajlarla məşhur idi. Elə orda qərara aldıq ki, bərabər hərəkət edək. Xəbərimiz vardı – SSRİ-də bir Baltikyanı respublikalarda, bir də Azərbaycanda güclü xalq cəbhələri var. Artıq ölkədə hadisələr qaynayırdı və Azərbaycan Xalq Cəbhəsi zamanın tələbi ilə əsas iştirakçılardan biri idi. Bakıda Andreasla qərara gəldik ki, öncə Xalq Cəbhəsinin qərargahına gedək, toplantılardan fraqmentlər çəkək, sonra Gəncəyə yollanaq.

– Azərbaycan xalq hərəkatının ən qaynar dönəmlərinə şahidlik eləmisiniz… Kimlərdən müsahibə ala bilmişdiniz?

– AXC sədri Əbülfəz Elçibəydən. Çox sadə insan kimi yadımda qalıb. Böyük bir hərəkatı idarə etməsinə baxmayaraq bizimlə çox sadə ortamda söhbət etdi, bütün suallarımızı cavablandırdı. Ölkənin qərbinə gedəcəyimizi eşidəndə reaksiya çox müsbət oldu, çünki Sovet İttifaqının ideoloji maşını bütün gerçəkləri gizlədirdi. Demək olar, heç kim Azərbaycanda gerçəkdən nələr baş verdiyindən xəbərdar deyildi. Belə bir durumda bizim informasiya dəstəyimiz kommunist liderləri ifşa etmək üçün Azərbaycana çox gərək idi.

– Hərəkətinizə maneçilik yaradılırdımı? Hər halda əlinizdə ştativlər, cəbhə bölgəsi…

– Yox. Sərbəst işləyirdik, amma yəqin ki, nəzarət vardı hansısa formada. Biz Bakıdan ayrılıb üzü Qərbə yola çıxanda gördük ki, qoşunlar Bakını mühasirəyə alır. Üstündən uzun müddət keçib, amma yenə də həmin günlər haqda mediaqa qarşıma yanlış informasiyalar, miflər çıxır. Bu gün də bəzilərinə elə gəlir, sovet qoşunları AXC-nin mitinqini dağıtmağa gəlibmiş. Əslində isə, onlar Bakını almağa, mitinqlərə imkan verməməyə və bu məqsədlə qətliam törətməyə gəlmişdilər. Həmin dönəmdə Bakıda, Azərbaycanda baş verənlərin şahidi kimi bu gün də bu yanlış təbliğatı durdurmağa çalışıram.

– Gəncədə nələr gördünüz?

– Orada 1 gün qaldıq. AXC böyük mitinq təşkil etmişdi. Çox istəyirdik ki, əsgərləri çəkək. Ancaq onlar kütləvi verdə görünmürdülər. Gözə qalnız milis görünürdü. Gəncə yolundə hərbi hissə vardı. Biz ora yaxınlaşanda gördüm ki, cüssəli hərbçilər futbol oynayır. Amma hər komandada 11 yox, 20 oyunçu vardı. Bu mənə qəribə görünmüşdü. Başa düşürdüm ki, nəsə yerində deyil. Hadisələr baş verəndən sonra anladıq ki, Azərbaycana çox sayda hərbçi göndərilib və onlar hücum əmri alana qədər sadəcə boş vaxtlarını doldururmuşlar.

– Gəncə ətrafındakı Ermənistanla həmsərhəd rayonlarda atışmalar baş verirdi. Bələdçiləriniz sizi ora aparmadılar?

– Bakıdan çıxanda şəhərin ətrafında çox sayda hərbçi gördüyümüz üçün hiss edirdik ki, paytaxta durum qarışa bilər. Ona görə Andreasla Bakıya tələsirdik.

– Heç təsəvvürünüzə gətirirdinizmi ki, belə miqyasda qətliam ola bilər?

– Biz sovet vətəndaşı idik. Həyatımızda konkret çərçivələr vardı, hər birimiz bilirdik ki, kommunistlər hakimiyyətdə qalmaq, iqtidarlarını möhkəmlətmək üçün çox amansızlıqlar ediblər. Repressiyalar, sürgünlər yaşanıb. Ancaq paytaxtda, dinc insanlara belə amansızlıqla davranılacağını gözləmirdik. Çünki təbliğat maşınları bütün günü hansısa sovet əxlaqından danışırdılar. Birdən-birə əliyalın insanlara qarşı silahlı qüvvələrin bu cür davranışı heç kimin ağlının ucundan da keçmirdi. Hamımız böyük sarsıntı keçirmiş, şok yaşamışdıq – vətəndaşı qorumalı olan ordu məqsədli şəkildə çox sayda insanları öldürmüşdü. Neçə gün idi Bakıdaydım. İnsanların əlində adi ov tüfəngi də görməmişdim. Barrikadalar qurulmuşdu, insanlar ordunun şəhərə girişi haqqında xəbər almışdılar və buna imkan vermək istəmirdilər, ancaq onlar silahlanmamışdılar – silahları yalnız bədənləri idi. Şəhərdə heç bir qarşıdurma yox idi.

 Hücumun başlamağından necə xəbər tutdunuz?

– Biz də mərkəzi küçələrdən birindəydik. Ordu Bakıya daxil oldu və məqsədli şəkildə insanlar gülləbaran edildi. Kreml Bakıya əli yalın insanların üzərinə xüsusi təyinatlıları göndərmişdi. Çox dəhşətli bir gecə yaşadı Bakı… İnsanlar tankları və onlara qarşı silah çevirən xüsusi təyinatlıları yalın əllə dayandırmaq istəyirdilər. Yalnız açılan atəşlərin rezin güllələr yox, xüsusi kalibrli güllələr olduğunu anlayandan, səngər yoldaşlarının həlak olduğunu görəndən sonra insanlar durumun ciddiliyini dərk etdilər. Onda Azərbaycan gənclərinin kamikadze kimi o tankların qarşısına çıxdığını gördüm. Sağ qalmağımız möcüzə idi.

– Siz o səhnələri çəkə bilmişdiniz?

– Bəli. Faktiki döyüş meydanında idik. Amma qəribədir ki, qorxu hissini yenmişdik. Andreas da, mən də əlimizə kamera alıb çevrəmizdə baş verənlərin az qala hamısını yaddaşa köçürmək istəyirdik. Tək problemimiz olayın gecə baş verməsi idi – qaranlıq idi. Məni təsirləndirən bir səhnə də oldu o gecə. Yaralıları xəstəxanalara daşıyırdılar. Ordunun xəstəxanaya girməməsi üçün dəmir darvazalar bağlı saxlanılırdı. Biz çəkiliş üçün mərkəzdəki xəstəxanalardan bizinə gəlib darvazanı döyəndə qarovulçu qarşımıza əlində təhlükə yaranan zaman şüşə sındırmaq üçün istifadə edilən qırmızı balta ilə çıxdı… İnsanlar “öz” ordularından müdafiə olunmaq üçün vasitə axtarırdılar. Həmin gecə yolda güllədən deşik-deşik olmuş avtobus gördük. Avtobusun içərisi tamamilə qan idi, amma meyitləri aparmışdılar. Ümumiyyətlə, həmin gecə meyitləri çox sürətlə yığışdırırdılar. Hər şey dəqiq planlaşdırılmışdı.

– Bakıdan necə çıxdız?

– Hava limanına sübh tezdən yola düşdük. Oranı daxili qoşun hissələri mühafizə edirdi. Fotolentlərin müsadirə ehtimalı yüksək idi. Baxdım, bir kənarda uniformalarının qoluna Azərbaycan SSR yazılan 3 milis dayanıb. Sürətlə onlara yaxınlaşdım, içində lentlər olan sellofan torbanı göstərib dedim ki, bu lentlərdə dünənki hadisələrdir, bunları mütləq ölkədən çıxarmalıyıq, kömək eləyin. Milislərdən biri dərhal torbanı əlimdən aldı. Biz sakitcə pasport nəzarətindən keçdik, gözləmə zalına gəldik, amma o milis gözə dəymirdi. Narahat olmuşduq, açığı. Elə o narahatlıqla uçağa mindik. Təzəcə əyləşmişdik stürdessa lentləri gətirdi. O anı heç zaman unutmaram. Moskvaya gəldik. TASS-da tanışlarım vardı, ancaq oraya gedib şəkilləri çıxarmaq istəmədim. Çünki, dövlət tamamilə əks təbliğat aparırdı. Finlandiyaya fotoları lentdə yox, çıxarıb göndərməliydim. Çünki hava limanında rentgendən keçəndə təsvirlər silinə bilərdi. Ona görə “Röyter”in Moskva bürosuna getdim və şəkilləri orada çıxardım. Ancaq qəribədir ki, hansı şəraitdə bilmirəm, amma lentlərin biri itmişdi.

– Bütün hallarda DTK işləyirmiş…

– Görünür… Moskva-Helsinki uçağının reysini öyrənib hava limanına gəlib. Qeydiyyat bölməsində bir nəfərə yaxınlaşdım, açıq dedim ki, fotoqrafam, Bakıda olaylar baş verib, mən fotoreportaj hazırlamışam, bu şəkilləri Finlandiyanın filan şirkətinə çatdırmaq lazımdır, siz apara bilərsizmi? 1-2 sual verdi, anlaşdıq, şəkilləri ona verdim. Bizim dostlar hava limanında həmin şəxsi qarşılayıb, şəkilləri də, lentləri də ondan götürmüşdülər. Bir neçə gün sonra “Röyter”, “Assoşieyted Press”, Frans Press, BBC və digər aparıcı agentliklər Bakı ilə bağlı mənim reportajımı yaymışdılar.

– Sizi buna görə DTK sorğu-sual etmədi?

– SSRİ-də özəl şirkətlər qadağan idi. Yalnız ölkənin çöküşünə yaxşın kooperativ yaratmağa icazə vermişdilər. Fotoagentliyimi bu dalğada yaratdım və dərhal da xarici kampaniyalarla əməkdaşlıq sazişləri imzaladım. Bu sazişlər əsasında beynəlxalq ticarət üzrə lisenziya almışdım. Beləliklə, işimdə heç bir qanundankənar məqam yox idi. Agentlikdə fototeleqraf da vardı və biz şəkilləri onunla da xarcə göndərə bilirdik. Görünür, Estoniya DTK-sının iş prinsipləri bir qədər fərqli idi. Ancaq mən hər zaman qapımın döyüləcəyini gözləyirdim. Amma gələn olmadı, SSRİ də dağıldı…

– Bəxtiniz gətirib…

– Estoniya, bütünlükdə Baltik respublikalarında durum fərqli idi, dediyim kimi. Çünki Qərblə təmas quran Sovet İttifaqı vətəndaşı tək mən deyildim. Heç kimə toxunulmurdu. Estoniyada DTK rəhbəri milliyyətcə eston idi. Sonra onun səsi dəmir biznesindən gəldi. Nəhəng biznesi idarə edirdi. Görünür, 80-ci ilərin sonlarını onlar bizdən daha aydın görürmüşlər.

– Millətlərarası konfliktlər SSRİ-nin çöküşünü tezləşdirdi. Müstəqillik ideyaları həm də buradan doğdu. Sizin yaddaşınız bu haqda nə deyir?

– Bu haqda çox düşünmüşəm. Artıq üzərindən neçə illər keçib və analiz imkanlarımız üçün informasiya daha çoxdur. Mənə elə gərlir, Azərbaycan bu seçimi çoxdan eləmişdi. 1988-ci ildə mən fin həmkarımla Sovet İttifaqı haqqında fotoalbom hazırlamışdıq. Bu, SSRİ haqqında Qərbdə çap olununa son albom oldu. Kənardan baxanda hər şey çox eynicinsli, yeknəsəq görünür – sanki heç bir fərqlilik yoxdur. Biz fin həmkarımla Abxaziyaya getmişdik. Orada bizi müşayiət edən abxaqgürcü xalqı ilə konfliktdən danışırdı. Sonra Azərbaycana gəldik. Bakını, Qız qalasını çəkdik. Bakıda bizə ermənilərlə münaqişədən danışdılar. O zaman bu konfliktlərin qanlı savaşlara çevriləcəyini təsəvvür etmirdim, sadəcə fikirləşirdim ki, Estoniyadakı kimi burada da hansısa izlin proseslər baş verir. Ancaq indi düşünürəm ki, bu bilgilər Qərb fotoqrafına elə-belə deyilmirdi, heç bizi müşayiət edən insanlar da sıradan, bekar insanlar deyildilər. Sovetlər Birliyinin daxilində düzənli bir proses başladılmışdı.

– Qarabağı da çəkmisizmi?

– Çəkmişəm. Hələ orda həbs də olunmuşam. 1988-ci ildə… Qarabağa İrəvandan getmişdim. Ermənistanın ünlü fotoqrafı Bağdasaryanla tanış idik. O zaman İrəvan-Stepanakert (indiki Xankəndi -red.) uçağı vardı. Bağdasaryana dedim ki, bilet alıb getmək istəyirəm, etiraz elədi, təhlükəli olduğunu dedi, amma məni fikrimdən döndərə bilmədi. Məndən başqa uçaqda 2 ukraynalı, 2 də çex vardı. Başqa heç kim… Xankəndinə enəndə gördüm ki, hava limanına Azərbaycanın xüsusi təyinatlı milisləri, DİN, Rusiya DTK-sı, Rusiya ordusu və DİN qüvvələri nəzarət edir. Uçaqdan düşən kimi Azərbaycan XTPD-sinin Hacıyev soyadlı zabiti beşimizi də saxlayıb bölməyə apardı. Mənə bir qumbara uzatdılar. Hərbi xidmətdə olmamışam, heç birlmirdim onu necə saxlamaq lazımdı. Sorğu-sual… Baxdılar ki, təxribatçıya oxşamıram, azad elədilər. Hacıyev bir-bir bizimlə tanış olandan, Qarabağa gəlmək hekayələrimizi dinləyəndən sonra dedi ki, burada mənim qonağımızsınız, təhlükəsizliyiniz təmin olunacaq. Həmin vaxt Rusiya DTK-sının əməkdaşları ifadəsiz gözlərlə baş verənləri müşahidə edirdilər. Hərəkətlərindən başa düşdüm ki, bizi öz nəzarətlərində saxlamaq, ya da geri göndərmək istəyirdilər. Amma Hacıyev imkan vermədi – bizi xidməti maşınlarla yeməyə apardı, ordan mehmanxanaya gətirdi, yerləşdirdi. Bir müddət sonra eşitdim ki, onu öldürüblər. Nur içində yatsın. O səfərdə Qarabağdan xeyli şəkil çəkmişdim.

– Azərbaycana ondan sonra yolunuz düşməyib?

– 2012-ci ildə Avrovision günlərində gəlmişdim. Amma bu işgüzar səfər deyildi, dostlar dəvət etmişdilər, onların qonağı idim. Bakını çox gəzmək imkanım olmadı – elə maşından seyr etdim. Ancaq çox uca bayrağınızı xatırlayıram. Amma yenə gəlmək istəyirəm. Haradan baxsaq, Bakı mənim ikinci dəfə doğulduğum şəhərdir.

Aygün Muradxanlı, Musavat.com

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …