Ana səhifə / Cəmiyyət / Bağdad təcridxanası: aeroport “qulduru”, quru çörək, Rəşidin göz yaşları – Səbuhi Məmmədlinin yazısı (I hissə)

Bağdad təcridxanası: aeroport “qulduru”, quru çörək, Rəşidin göz yaşları – Səbuhi Məmmədlinin yazısı (I hissə)

…Pasportumu azından əlli dəfə o yan – bu yana vərəqləyir. Məni təyyarəyə qədər müşayiət edən Bağdad aeroportunun miqrasiya idarəsinin zabitinə tərs-tərs baxıb, yenə pasportu vərəqləməkdə davam edir. Bu dəfə mənə qəzəblə baxıb, yüksək səslə nəsə deyir. Əlimi yelləyib, heç nə başa düşmədiyimə işarə vururam. Yenə nəsə deyir. Bu dəfə mən dillənirəm osmanlı ləhcəsində:

 – Türkcə konuşan kimsə varmı?

 Bir nəfər irəli çıxır. Təhlükəsizlik xidməti əməkdaşının dediklərinin tərcümə etməsini xahiş edirəm…

 – Deyir ki, sənin vizan var, səni niyə deportasiya edirlər ki?

 – Bunu mən də bilmirəm.

 Türk qardaşımızla zabit öz aralarında ərəbcə nəsə danışırlar…

 – Deyir ki,  gözlə, aydınlaşdırmalıyam.

 Bu vaxt miqrasiya zabiti söhbətə qarışır. Üçlükdə nəyisə müzakirə edirlər. Sonra ora-bura telefon zəngləri. Təyyarə isə gecikir. Məndən başqa hamı yerini tutub. Nəhayət, tərcüməçimiz dillənir:

 – İndi aydınlaşdıracaqlar. Bu zabit anlamır ki, sən Bağdada niyə gəlmisən və indi niyə gedirsən. O biri görəvli isə deyir ki, deportasiya olunursan. Pasportunda isə xeyli ölkənin viza və möhürü var. Bu da bir az qaranlıq qalıb onlara.

 – Deyin ki, səyahət etməyi xoşlayır.

 Dediklərimi tərcümə edir. Zabit kinayə ilə üzümə baxıb, yenə pasportumu vərəqləyir. İki dəqiqə keçmir ki, ona zəng gəlir. Danışığı bitirib, başıyla “keç təyyarəyə” işarəsini verir. 45 dəqiqəlik yubanmadan sonra təyyarə havaya qalxır. Və iki saatdan sonra mən artıq Bakıdayam…

 ***  

 …Bakıdan isə iki gün əvvəl çıxmışdım. Bakı-Bağdad reysi düz saat 22.00-da İraq paytaxtının beynəlxalq hava limanına enmişdi. Sərhəd-keçid məntəqəsində növbəmi tutub gözləyirəm.

 …Pasportumu açıb vizaya baxır. Gözləməli olacağımı deyir. Çəkilib bir kənarda dururam. Yarım saatdan sonra iki zabit yaxınlaşır. Ərəbcə nəsə deyirlər. Əlimi yelləyib, anlamadığımı deyirəm. İngiliscə hansı dildə danışdığımı soruşurlar. Rus, Azərbaycan və türk dillərini sadalayıram. Pasportumu götürüb gedirlər. Təxminən bir saatdan yenidən qayıdırlar. Türk dilini bilən iki nəfərlə…

 – Soruşurlar ki, kimsən və İraqa niyə gəlmisən?

 – Bağdadda olacam. Kərbəlaya gedəcəm. İraqı gəzəcəm 3 gün. 10 günlük vizam da var.

 Xidməti otaqlarına çağırırlar. “Gözlə” deyib, qapını içəridən bağlayırlar.

Təxminən yarım saat da keçir.  Bu zavallı türklər də mənimlə bərabər gözləməkdə.

Zabitlərdən biri içəridən çıxır. Türklərə işarəylə “gedə bilərsiz” – deyir.

– Bunlar mənim pasportumu niyə alıblar, nə istəyirlər?

– Əfəndim, heç bir izahat vermədilər. Gözləməyə məcbursunuz.

Keçib skamyada əyləşirəm. Artıq gecə saat 3-dür…

***

…Yuxudan tamam başqa bir sərhədçi zabit oyadır. Nəzakətlə “gedək” – deyə işarə edir. Mən “pasport, pasport” deyib, sənədimi soruşuram. Gülərüzlə “ardımca gəl” işarəsi verir. Liftlə ikinci mərtəbəyə qalxırıq. Gözləməyi tapşırır. Təxminən 15 dəqiqədən sonra əşyalarımı yoxlamadan keçirilər. Nədənsə üst-başımı yoxlamırlar. Zabit yenə həmişəki nəzakətlə gözləməyimə işarə edir. Artıq saat 5-di. “Bir azdan səhər açılacaq, bir az da gözləyib bir başa otelə gedərəm”, – fikirləşirəm.

Artıq beynimdə proqramımı da qurmuşam. “Bu gün Bağdadda, sabah Samirəyə gedərəm. Biri gün…”

Əşyalarmı götürüb ardınca getməyə işarə edir. Aeroportun içində bir xeyli gedirik. Əlimlə “hara?” işarəsi edirəm. Dillənmir. Deyəsən, artıq başqa terminaldayıq. Məni qaranlıq bir yerə gətirib, mühafizəçiyə təhvil verirlər. Qapını açıb içəriyə keçməyimi əmr edir. Yer göstərir. Çirkli bir döşək, üfunət iyi verən bir yorğan. Bura haradır?

 *** 

– Əssalamu əleyküm.

– Əleyküm əssəlam.

– Muhammad Kudis.

 Əlini uzadır.

– Səbuhi.

 İngiliscə:

 – Mən Banqladeşdənəm

– Mən Azərbaycandan.

 Sonra yenə ingiliscə nəsə deyir. Başa sala bilmirəm ki, ay benqal balası, mənim ingilis dili səviyyəm haradan olduğumu deməkdən o yana keçmir. O da deyəsən bunu anlayır. Telefonuyla qurdalanmağa başlayır. Mən mühafizəçini çağırıram.

 – Du yu spik turkiş?

– No.

– Raşn?

– No.

 Pərt olduğumu görüb telefonunda səsli tərcümə proqramını açır. Düyməni basıb “rus dilində soruş” deyə işarə verir.

– Bura haradır?

 Az qala telefondan xahiş edirəm.

O da ərəbcə telefona nəsə deyir.

Ekranda belə yazılır: Bağdad aeroportunun miqrasiya təcridxanası.

 – Məni bura niyə gətiriblər?

 Mühafizəçinin dediklərindən sonra ekrana yazılanlar ümidverici heç nə demir: “Bu barədə heç nə deyə bilmərəm. Gözləyin, aydınlaşar”. Hardan biləydim ki, bu aydınlaşma düz iki gün çəkəcəkdi.

 ***

 Geniş bir otaqdır. Amma yer siqaret kötükləri, plastik stəkanlarla doludur. Hə, bir də sellofan torbalarla. Yerdə topa-topa düyü dənələrinə də rast gəlmək olur. Bəlkə də elə bu səbəbdəndir ki, burada göyərçinlər və sərçələr də görünür. Hə, təəccüblənməyin. Gördüyüm yeganə aeroportdur ki, içində quşlar uçur. Görünür, aeroportun damında haradasa boşluqlar var, bu quşlar da hərdən bura gəzməyə gəlirlər.

 Bir azdan təcridxana yoldaşlarım bir-bir yuxudan oyanır. Üçü Banqladeşdəndi.

 Muhammad Kudus, Halaleddin, Rəşidul İslam. Biri Madaqaskardan. Eləcə “ku, ku” deyirdi. Adıydı, nə idi, axıra qədər də anlaya bilmədim.  Amma ağappaq dişlərinə həsəd aparmaq olardı. Sonradan bir almanı da yanımıza gətirəcəkdilər. Ən ünsiyyətcili Muhammaddir. Dil boğaza qoymadan danışır. Mən də başımı yelləməklə cavab verirəm. Bəzən üzümə baxıb, gözlərini bərəldir. Görünür “cavab”ımdan şoka düşüb. Axı mən nə bilim nə soruşur?

 Hə, yadımdan çıxmamış deyim ki, mən bu benqal qardaşları bir də şoka salacaqdım. Səhəri günü şalvarımın kəmərini açıb köynəyimi içəri salanda. Əlləri ilə işarə etdilər ki, üzünü o tərəfə çevir, özünü sahmana sal.

İçəriyə internet verirlər. Sürəti də pis deyil. Rəşidül İslamın telefonundakı tərcümə proqramı ətraflı tanışlığımıza imkan yaradır.

 Kudusun yaşı 40-ı keçib. Məlum oldu ki, Kazımiyyədə tikinti malları satır. Mağaza sahibi onun son aylığını verməyib. Bu da etirazını bildirib. Sahib də bundan polisə şikayət edib, onu deportasiyaya məruz qoyublar. Kudus Azərbaycanı soruşur. “Müsəlman ölkəsidi”, deyirəm. 

 – Külli muslim?

– Kulli muslim.

 Amma bir az təəccüblənir. “Tərcüməçimiz” vastəsiylə soruşur.

 – Bəs nədən bizim kimi namaz qılmırsan.

 – Hələ hazır deyiləm.

 – Günahdır, hər bir müsəlman namaz qılmalıdır.

 – Allahu əkbər.

 Üçü də bir yerdə təkrarlayır. Deyəsən, cavabım onları qane etmişdi.

 Söhbəti başqa məcraya yönəldirəm:

 – Mağazada işləyəndə nə qədər maaş alırdın?

 – Aya 100 dollar. Bəs sizdə satıcı nə qədər alır?

 – Təxminən 300 dollar.

 Telefonda dünyanın xəritəsini açıb Azərbaycanı tapmağımı istəyir. Göstərirəm. Yutubda Bakı haqda kiçik rolikə baxırlar. Alov qüllələri, Torqovı, bulvar…gözləri bərəli seyr edirlər.

 – Azərbaycan muslim?

– Dedim axı, kulli muslim.

 Benqalca öz aralarında nəsə xısınlaşırlar, mənə baxırlar. Ürəyimdə fikirləşirəm, yüz faiz maaş xoşlarına gəlib. Maaş demişkən, hər üçü aşağı-yuxarı eyni maaşa işləyir. Amma Rəşidul İslamın durumu lap pisdir. 34 yaşı, 4 övladı var. 85 dollar aylığı varmış. Onun 50 dollarını evlərinə göndərirmiş. 35 dollarını isə burda xərcləyirmiş. Mən onu görən ilk andan, ta deportasiya olunanadək gözünün yaşı qurumadı. Həyat yoldaşıydı, ya anası, ağlaya-ağlaya nəyisə başa salmağa çalışırdı. Elə dəstəyin o tərəfində də ağlaşma səsi gəlirdi. Görünür, ailənin yeganə qazanc yeri bu imiş. İndi o da yoxdur.

 ***

 – Kofe desək alarlar?

– Hə, alarlar. Amma quldurdurlar…

– Anlamadım?

– Bax, o mühafizəçiyə deyirsən, o da buraları süpürən o kişini çağırır. O kişi də 1 dollarlıq kofeni 5 dollara alıb gətirir. Quldurdular yəni.

 Xidmətçini çağırırıq. 4 kofe və bir qutu siqaretə görə məndən 23 dollar istəyir. Mühafizəçiyə etirazımı bildirirəm. Qiyməti 10 dollaradək salırıq.

 – Bir azdan yemək verəcəklər?

 – Hə, lap acından öldük.

 Yemək də, nə yemək. Bir ovuc düyü, bir də kiçik lavaş. Açığı, yeyiləsi deyil, payımı da onlara verirəm. Əvvəlcə heç biri yaxın durmur. Yarım saat sonra Halaladdin düyüdən bir çimdik götürür. Sonra o biriləri. Çörəyə isə əl vurmurlar.

 ***

 – Al, götür, nə qədər bu ayaqqabıda gəzəcəksən. Allah bilir, hələ nə qədər burdayıq.

 Öz çəkələyini mənə uzadır Halaladdin. Özü isə ayaqyalın qalır. Qəti etiraz edirəm. Amma əl çəkmir.

– Biz hələ çox burda qalacağıq?

 – Biz neçə gündür burdayıq. Heç bir söz demirlər. Allah bilir. Təzə gəlmisən ki? (Gülür)

 Amma doğrudan da gülməli bir şey yoxdur. Ümumiyyətlə, səni burdan kim çıxaracaq,  kimə nə deyəsən, bir kimsə yox. Sadəcə mühafizəçi var və bir də kamera yoldaşların. Və ən dəhşətlisi də odur ki, mühafizəçidən rəislə görüşmək istəyirəm tələbi belə qulaqardına vurulur. Bax, beləcə:

 – Siz biz istəyənə qədər burdasız. Heç bir görüş və şikayət qəbul olunmur. Gözləməlisiniz. Bir gün, beş gün, bir ay, bunu deyə bilmərik.

 Hə, bax bunu gözləmirdik. Nəsə fikirləşmək lazım idi. Yoxsa bu havasız, tavandan toz yağan, döşəməsi tüpürcəkli, iyrənc yerdən xilas olmaq lazım idi. Özü də ən qısa zamanda… Amma burada yaşananlar sabah oxuyacaqlarınızın yanında nədir ki? Biz bir qədər də yaxından tanış olacaqdıq. Və bu insan talelərinin hərəsi film kimi…

 – Mən “məşhər”dən necə xilas oldum?

– Bacımın qarnını yarıb, oğlunu da öldürmüşdülər…

– Arvadım macar olduğuna görə, məni daşqalaq edəcəkdilər.

– 160 milyon əhalimiz var, ot da olsa tapıb yeməliyik, ölməyəcəyik ki!

– Pakistanda ölməyə hazırıq, amma onlar bizi sevmirlər…

Və daha nələr, nələr…

Lent.az 

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …