Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Baba Vəziroğlu: “Nə qədər ki, danabaş olacağıq, icra başçılarımız da belə olacaq”

Baba Vəziroğlu: “Nə qədər ki, danabaş olacağıq, icra başçılarımız da belə olacaq”

Azərbaycan ədəbiyyatında müsbət din xadimi obrazına rast gəlmək mümkün deyil. Din xadimləri hər zaman tənqid hədəfinə çevrilib. Onlar saxtakar, dələduz kimi təqdim olunub.

Buna səbəb nədir? Doğrudanmı, Azərbaycanda heç vaxt ideal din xadimi olmayıb, yoxsa biz hələ də sovet ideologiyasının təsirindən xilas ola bilməmişik?

Tanınmış şair, Əməkdar elm xadimi Baba Vəziroğlu mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, mollaların hər zaman yumor hədəfi olduğunu bildirib:

“Bu proses ədəbiyyatımızda  yeni deyil. Bütün klassiklərimizin əsərlərində mollalar, din xadimləri hər zaman tənqid olunub, lağa qoyulub. Sarkazm və yumor hədəfi olublar. Çünki mollalar hər zaman üzdə olurlar, onları hər adam görür və tənqid hədəfinə çevrir. Bu səbəbdən onları mənfi formada qələmə almaq o qədər də çətin deyil. Molla Nəsrəddindən bu günə qədər molla xüsusi bir tipajdır. Əlinə qələm alan, mollanı hədəf seçir”.

Yazıçı pisliyin insanın xislətində olduğunu bildirib:

“Pislik insanın xislətində varsa, onun peşəsinin heç bir fərqi yoxdur. Bizim klassiklər mollaları hədəf seçməklə, cəhalətə, avamlığa, danabaşlığa qarşı mübarizə aparırdılar. O danabaş icra başçısı da ola bilər. Necə ki, indi elədir. Bəzilərinin  aqibəti həll olub, lakin hələ danabaşların çoxu qalıb icra başçısı kreslosunda”.

Baba Vəziroğlu bir-neçə gündür gündəmdən düşməyən “Sonuncu şam yeməyi” filmi haqqında da danışıb:

““Sonuncu şam yeməyi” filmində molla bir az lotudur. Lakin o lotu təzə yaranmayıb. Ən böyük lotunu Mirzə Cəlil Şeyx Nəsrullahla yaratmışdı. Maraqlı məqam odur ki, bəzən yazıçının rəğbəti hiss olunur mollalara qarşı. İnanın ki, Mirzə Cəlilin də rəğbəti olub Şeyx Nəsrullaha. Çünki Şeyx Nəsrullah istedadlı bir fırıldaqçı idi.

Bu gün Şeyx Nəsrullah əsərinin yazılmasından 100 il keçsə də, cəmiyyət həmin cəmiyyətdir, heç dəyişməyib.

“Sonuncu şam yeməyi” filmində də heç kimin səsi çıxmır olanlara qarşı. Orada söyüş də söyülür, ölü də təhqir olunur, heç kim səsini çıxarıb nə isə demir. Çünki cəmiyyət artıq məhv olmuş cəmiyyətdir. Olanları qəbul edir və ayılmırlar.

Mən düşünürəm ki, 100 ildən sonra yenə bu cür filmlər çəkiləcək. Yenə də Şeyx Nəsrullahlar olacaq. Nə qədər ki, bizim cəmiyyət dəyişib, inkişaf edib, kitab oxumayacaq, küt və avam qalacaq. Bu əslində avamlıq da deyil, danabaşlıqdır. Biz nə qədər ki, danabaş olacağıq bizim mollalarımız, icra baçılarımız da belə olacaq. Nə qədər ki, cahil olub qalacağıq, o qədər də bizim “kamil” mollalarımız və icra başçılarımız olacaq”.  

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …