Ana səhifə / Cəmiyyət / “Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

“Azdrama”da vəzifə davası: Nazir onlardan hansını seçəcək?

Akademik Milli Dram Teatrına direktor təyinatının yubanması müxtəlif mülahizələrin meydana çıxmasına səbəb olub. Mərhum Xalq artisti Azər Paşa Nemətovun dünyasını dəyişməsindən sonra ölkənin ən qədim teatr məbədinə kimin rəhbərlik edəcəyi maraq doğurur. 

Belə ki, iddialılar sırasında üç tanınmış mədəniyyət adamının – Xalq artistləri Nurəddin Mehdixanlı, Bəsti Cəfərova və tanınmış rejissor Mehriban Ələkbərzadənin adı hallanır. 

İddialılardan biri – sevilən aktrisa Bəsti Cəfərova hər hansı vəzifədə gözünün olmadığını deyib. Xalq artisti bildirib ki, Azdramaya rəhbərlik etməyi düşünmür, onu ancaq sənəti maraqlandırır. 

Adı Akademik Milli Dram Teatrının direktoru postuna namizədlər sırasında hallanan, hətta bəzi çevrələrdə ən şanslı namizəd kimi xarakterizə edilən  tanınmış və təcrübəli aktyor Nurəddin Mehdixanlı isə məsələyə fərqli münasibət bildirib. Xalq artisti sözügedən vəzifə ilə bağlı hər hansı iddiasının olub-olmadığına dair suala birmənalı cavab verməyib. O, “Azdrama”ya yeni direktor təyin edilərkən kollektivlə məsləhətləşməyin vacib olduğunu bildirib.

Adı namizədlər sırasında hallanan digər iddialı – tanınmış rejissor, Əməkdar Mədəniyyət Xadimi Mehriban Ələkbərzadə ilə bağlı durum isə bir qədər fərqlidir. Məlumatlara görə, xanım Ələkbərzadə “Azdraman”ın sükanı arxasına keçməyə həvəslidir. Onun ölkənin ən qədim sənət ocağına rəhbərlik etməsi üçün bütün imkanlarını səfərbər etməsi barədə məlumatlar da var. Bəzi tanınmış sənət adamlarının bu təyinatın gerçəkləşməsi üçün M.Ələkbərzadəyə lobbiçilik etdiyi bildirilir. 

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Akademik Milli Dram Teatrının kollektivi bu təyinata soyuq yanaşır. Onlar “özgənin”, yəni Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında baş rejissor vəzifəsində çalışan M.Ələkbərzadənin Azdramaya rəhbərlik etməsini istəmirlər. Hətta yeni direktorla bağlı təyinatın bu səbəbdən yubandığını iddia edənlər də var. 

Mədəniyyət Nazirliyinin məsul şəxslərindən biri saytımıza bildirib ki, “Azdrama”nın yeni direktoru adı mətbuatda hallanan namizədlər arasından seçilməməsi tamamilə mümkündür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı yekun qərarı Mədəniyyət naziri Adil Kərimli verəcək. 

Mənbə təyinatın yubanmasını milli mentalitetimizdən irəli gələn bəzi amillərlə əlaqələndirib: 

“Məlum olduğu kimi, Azər Paşa Nemətov bu il aprel ayının 9-da dünyasını dəyişib. Nazir onun 40 mərasimi başa çatana kimi yerinə yeni şəxsin təyin olunmasını düzgün hesab etməyib. “Azdrama”nın yeni direktorunun kim olacağı ilə bağlı qərar may ayının 20-dən sonra veriləcək”. Yenisabah

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …