Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / AZƏRBAYCANDA MÜŞTƏHİDLƏR YETİŞMƏLİDİR

AZƏRBAYCANDA MÜŞTƏHİDLƏR YETİŞMƏLİDİR

Anti-terror əməliyyatlarından ideoloji mübarizəyə keçməyin vaxtı yetişib

Artıq neçə illərdir ki, Azərbaycanda müxtəlif qiyafəli, müxtəlif İslam təriqət və məzhəblərinə aid insanlar görünməyə başlayıb. Uzun illər azəri türkləri yalnız ənənəvi məzhəblər olan şiə və sünnə ilə yaşayıblar. Bir sıra regionlarımızda bu məzhəb daşıyıcıları bir-birini qəbul etməsə də, ümumi götürəndə, dini savad aşağı səviyyədə olsa da, şiələrlə sünnələr bir rayonda, hətta bir kənddə belə dinc-yanaşı yaşayırdılar. Bu dinc-yanaşı yaşayışın mümkün olmasının bir səbəbi də 70 il höküm sürən Allahsız bir rejimin iqtidarda olması idi. Belə ki, sovetlər dönəmində İslam dini qadağan edildiyindən, vətəndaşlar rahat şəkildə dini həyat yaşaya bilmədiyindən inancıl əhali sünnə və ya şiə olduğunu da büruzə verə bilmirdi. Beləcə hakimiyyətin xofu altında bir “dini tolerantlıq” mühiti formalaşmışdı. Lakin sovetlər birliyinin dağılması, Azərbaycanın müstəqillik əldə etməsi ilə dini “sabitlik” də pozuldu – insan haqları bərqərar oldu, din vicdan azadlığı formalaşdı. Bununla da dini mühitdə bir durulma başladı, kimin hansı məzhəbə aid olması da, elə təxminən həmin dövrə təsadüf etdi. Amma əhalinin 70 il birgə yaşayış ənənələri üstün gəldi və sünnələrlə şiələr bir-biri ilə dil tapa bildi. Yəni bu dalğa dini tarazlığı məhvərindən çıxara bilmədi.
90-cı illərin əvvəllərində Qarabağ savaşında iştirak üçün Azərbaycana təşrif buyuran sələfi mücahidlər ölkənin dini arenasına yeni çalar qatdı. Saqqalı gənclər əvvəl əhali tərəfindən yadplanetlilər kimi qəbul edildisə də, sonradan uyğunlaşma prosesi başladı. Həmin əfqan gənclərindən hətta Azərbaycanda ömürlük qalanları da oldu. Bu dalğanın ardınca yenicə müstəqillik əldə etmiş müsəlman ölkəsinə İrandan, Suriyadan, İraqdan, Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən, hətta Yəmən və digər kasıb, lakin İslamın güclü təbliğ edildiyi müsəlman ölkələrindən maraq göstərənlər oldu. Beləcə, Azərbaycanın iki rəngli dini mühitinə dünyanın min-bir müsəlman çaları qarışdı. Hər gələn missioner müqəddəs kitabımız olan “Qurani-Kərim”i bir avaz oxuyur, İslamı savadı primitiv xarakter daşıyan vətəndaşlarımız isə qarşısına çıxan ilk missionerin qurbanına çevrilirdi. Beləcə, Azərbaycan səmiyyətinə “Allah xatirinə xeyriyyə” adı altında müxtəlif müsəlman ölkələrinin dini-siyasi idealogiyası yeridilməyə başladı. Hətta elə ölkələr var ki, milyonlarla vəsait qoyub məscid tikdirib, missioner göndərib əhaliyə dini təhsil verirdi. Bu proses bir qədər səngimiş formada və gizlin şəkildə bu gün də davam etməkdədir. Onda ortaya sual çıxır: xarici ölkələrin dindarlarının təmənnasız şəkildə Azərbaycan vətəndaşlarına dini savad verməkdə məqsədi nədir? Hətta, təsdiqlənməmiş məlumatlara görə təhsil alan insanlara maddi yardımlar da verilir. Elə isə bu işdə məqsəd, məram və mənfət nədən ibarətdir? Bəyəm dövlətçilik tarixi əsirlərlə ölçülən bu ölkələr doğrudan Allah xatirinə bizə dini təhsil verir? Nədənsə mən bu “səmimiyyətə” heç vaxt inanmamışam və bu gün də inanmıram.
Yuxarıda qeyd etdiyimiz kimi, xarici ölkələrin Azərbaycanda olan əcnəbi və yerli missionerləri əhalini təksə dini idealogiya və biliklərlə yükləmir. Fikrimizcə, onların aşladığı idealogiya dini deyil, dini-siyasi idealogiyadır ki, onun da siyasi aspekti, məhz missioner ölkəsinin Azərbaycandakı məqsədlərinə xidmət edir. Artıq ölkəmizdə bu köklər var və hökumət bu tendensiyaya qarşı ciddi mübarizə aparmalıdır.
Hazırda, əslində sözügedən problemə qarşı mübarizə gedir, lakin bu mübarizə daha çox hüquq-mühafizə orqanları vasitəsilə, anti-terror tədbirlərinin müşayəti ilə aparılır. Bəli, bir çox hallarda bu cür kəskin müdaxiləyə də ehtiyac duyulur. Amma ideoloji hücuma qarşı ideoloji tədbirlərlə cavab vermək daha səmərəli nəticələr verə bilər. Lakin kəskin müdaxilədən fərqli olaraq ideoloji işin xeyli zamana ehtiyacı var. Belə ki, ölkə vətəndaşları dini cəhətdən ciddi şəkildə savadlanmalıdır. Əhaliyə dini savad verən müəllimlər mütləq Azərbaycanda təhsil alıb, vətənpərvər ruhda yetişən mütəxəssislər olmadıdır. Bunun üçün ölkədə dini institutlar – üləma və müştəhid yetişdirə bilən təhsil osaqları yaradılmalıdır. Ən nəhayət, Azərbaycanda müştəhidlər yetişməlidir ki, ölkə vətəndaşları başqa ölkələrin müştəhidlərinə biət edib, onların sözü ilə oturub-durmasınlar.

Akif Nəsirli

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın