Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanın ən yaşlı insanları ilə bağlı ziddiyyət

Azərbaycanın ən yaşlı insanları ilə bağlı ziddiyyət

“Bizim müəyyən etdiyimiz uzunömürlü insanların siyahısı ilə Dövlət Statistika Komitəsinin apardığı statistik məlumatlar arasında fərq var”

Bu barədə AzVision.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bildirib.
U.Həşimova qeyd edib ki, onların müəyyənləşdiriyi uzunömürlü insanların yaşı çox vaxt DSK-nın göstəricilərindən aşağı olur. Onun sözlərinə görə, layihəyə cəlb edilən uzunömürlü insanların yaşlarının xüsusi metodikaya uyğun olaraq dəqiqləşdirilməsi aparılır.

“Proses qəbul olunmuş beynəlxalq praktikaya uyğun olaraq həyata keçirilir. Pasportla göstərilən yaşla bizim dəqiqləşdirdiyimiz yaş arasında çox zaman uyğunsuzluq olur. Dövlət Statistika komitəsinin məlumatlarında pasport yaşı götürülür. Bizdə isə hər region üçün xüsusi anketlər hazırlanır və insanların bioloji yaşlarını dəqiqləşdiririk. Lənkəranda tədqiqatlarımız bitib və orada ən yaşlı insan 107 yaşında bir xanımdır. Hazırda İsmayıllıda tədqiqatlar davamı gedir,yaşlar dəqiqləşdirilir. Paralel olaraq digər rayonlarda da tədqiqatları aparmaq nəzərdə tutulur. Gələn ildən etibarən proses reallaşacaq”.

İnstitut direktoru qeyd edib ki, orta ömür müddəti çoxaldıqca uzunömürlü insanların sayı artır. “Bu aparıcı ölkələr üçün səciyyəvi olan prosesdir. Azərbaycan istisna deyil, ölkəmizdə orta ömür müddəti getdikcə artır. Azərbaycan dünyanın nadir regionlarından biridir ki, burada uzunömürlü insanlar qrup şəklində müşahidə olunur. Uzunömürlü insanlara hazırda dünyanın çox yerində rast gəlmək mümkündür, bu, artıq insanlar üçün təəccüblü gəlmir. Ancaq çox nadir regionlar var ki, orada uzunömürlülər qrup şəklində, yəni populyasiya səviyyəsində müşahidə olunur. Azərbaycan bu cəhətdən mütəxəssislər arasında böyük maraq doğurur”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə ölkədə 8479 nəfər (6303 nəfər qadın, 2176 nəfər kişi) yaşı 90 və daha yuxarı yaşda olan insan olduğu halda, 2014-cü ildə bu rəqəm 9171 (6626 nəfər qadın, 2545 nəfər kişi), 2015-ci ildə 10 171 (7092 nəfər qadın, 3079 nəfər kişi), 2016-cı ildə 10 880 (7370 nəfər qadın, 3510 nəfər kişi), 2017-ci 11 820 (7710 nəfər kişi, 4110 nəfər qadın) nəfər olub.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …