Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda gülənçilərlə bağlı qaldırılmış cinayət işinin perspektivləri…

Azərbaycanda gülənçilərlə bağlı qaldırılmış cinayət işinin perspektivləri…

“Ehtimal ki, məsuliyyətə cəlb olunanlar arasında Azərbaycan və Türkiyə vətəndaşları da var”
Mehman Muradlı: “Hər halda, ciddi dəlillər ortada olmasa, cinayət işi başlana bilməz”
Azərbaycanın Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən tərəfdarlarına qarşı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. O qeyd edib ki, Azərbaycanda Gülən tərəfdarlarının qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Onun sözlərinə görə, hazırda bu cinayət işi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Ölkəmizdə bu cinayət işinə kimlər cəlb edilə bilər?
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə  açıqlamasında bildirdi ki, əvvəlcə bu məlumatın kimin tərəfindən yayılmasına diqqət yetirmək lazımdır:

“Göründüyü kimi, məlumatı Respublika Prokurorluğu yayıb. Artıq müvafiq maddələrlə cinayət işinin açıldığı bildirilir. İstintaq sirri olduğu üçün detallar açıqlanmır. Ancaq məlumdur ki, Gülən şəbəkəsinə aid olan bəzi şəxslərin fəaliyyətilə bağlı mediada kifayət qədər məlumatlar işıq üzü görüb. Hər halda, ciddi dəlillər ortada olmasa, cinayət işi başlana bilməz. Hüququn normalarına görə, cinayət işinin başlanması üçün ortada tutarlı dəlil və sübutlar olmalıdır. Biz bununla bağlı konkret nəsə deyə bilmərik. Çünki istintaqçılar lazım bildikləri zamanda ictimaiyyəti məlumatlandıracaq. Ancaq ehtimal ki, məsuliyyətə cəlb olunanlar arasında Azərbaycan və Türkiyə vətəndaşları da var. Artıq burada söhbət ciddi ittihamdan gedir. Bilirsiniz ki, bu cinayət işi Türkiyədəki hərbi çevrilişə cəhdlə bağlıdır. Azərbaycan bir qardaş ölkə kimi deyilən istiqamətdə Türkiyə ilə əməkdaşlıq etməlidir və göründüyü kimi, edir də. Çünki Türkiyə ilə Azərbaycan bir-birilə çox bağlı ölkələrdir.
Bizim hüquq-mühafizə orqanları imkan verməməlidir ki, Türkiyədə qanun qarşısında sıxışdırılan sekta üzvləri burada əli-qolu açıq gəzsin. Yəqin ki, bu işin istintaqı çox peşəkar hüquqşünaslar tərəfindən aparılacaq və təqsiri olanların hamısı məsuliyyətə cəlb ediləcək”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun …

Bir cavab yazın