Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda “evet” və “hayır” tərəfdarları

Azərbaycanda “evet” və “hayır” tərəfdarları

Yerli politoloqlar, mətbuat nümayəndələri Türkiyədə keçirilən referendumla bağlı fərqli mövqe bildirir…

16 apreldə Türkiyədə prezident-üsul idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliyi ilə əlaqədar keçiriləcək referendum həm dəstəklənir, həm də buna qarşı olanlar var. Referendum və onun nəticələrini dəstəkləyənlər “evetçi”lər, bunun əleyhinə çıxanlar isə “hayırçı”lar olaraq adlandırılır. Günlərdir ki, sosial şəbəkələrdə, mediada da bu iki qrup arasında müzakirələr gedir. Azərbaycanda da bu proseslər maraqla izlənilir və burada da Türkiyədə keçiriləcək referendumla bağlı fikirlər müxtəlifdir.

Daha öncə ölkə müxalifətindən “evetçi”, yoxsa “hayırçı” olmaları ilə bağlı sorğu etmişdik. Müxalifət təmsilçilərinin referendumla bağlı yanaşmaları fərqli olsa da, ümumi arzuları bir idi: Türkiyənin daha da qüdrətlənməsi. Eyni sualla mətbuat nümayəndələrinə və politoloqlara müraciət etdik.

Politoloq Elxan Şahinoğlu bildirdi ki, o, heç bir tərəfdən deyil: “Bu məsələ Türkiyənin daxili işidir. Ona görə də qarışmaq istəmirəm”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə söylədi ki, o, “evet” deyir: “Şübhəsiz ki, mən ”evet” deyirəm. Çünki son dövrdə Ərdoğanın yeritdiyi siyasət türk xalqı tərəfindən böyük dəstək qazanıb. Bundan başqa, Türkiyənin iqtisadi yüksəlişi də göz önündədir və bizim hamımız bunu görürük. Baxmayaraq ki, Türkiyədə bir sıra təlatümlər yaşandı, artıq qardaş ölkənin siyasi nüfuzunun Avropada artmasının şahidiyik. Biz Türkiyənin hərbi gücünə də bələdik. Bütün bunlar hamısı uzunmüddətli, təkbaşına bir partiya və onun lideri olaraq Ərdoğanın Türkiyəyə rəhbərliyi dövründə baş verdi. Bunu türk xalqı da, Türkiyənin düşmənləri də yaxşı anlayır. Buna görə də Türkiyənin düşmənləri ona qarşı təpkiləri artırırlar. Təsir, təzyiq göstərib, əngəllər yaratmaq istəyirlər. Hesab edirəm ki, Ərdoğan iqtidarının irəli sürdüyü referendum türk xalqı tərəfindən dəstəklənəcək və onun nəticələri də Türkiyə dövlətinin daha da qüdrətlənməsinə, nüfuzunun artmasına səbəb olacaq”.

Azinforum.az saytının rəhbəri Məhəmmədəli Qəribli də hayirçı”ların tərəfindədir: “Türkiyənin mövcud reallıqları referendumda ”evetçilər”in daha çox qazanacağını diktə edir. Ancaq Türkiyədə əvvəlki idarəetmə modelinin qalmasını istəyən bir adam kimi, mən bu məsələdə “hayırçılar”ı dəstəkləyirəm”.

Politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, o, “hayır” deyənlərin tərəfindədir: “Ərdoğan hakimiyyətə gələn zaman kursu elə götürdü ki, bu, Türkiyənin gerçəkdən də iqtisadi müstəqilliyinə səbəb oldu. O zaman Ərdoğan hökuməti həm Rusiya, həm də MDB məkanındakı türkdilli dövlətlərlə çox gözəl münasibət qurmuşdu. İndi isə Türkiyədən durub MDB məkanına baxdıqda, bir qədər fərqli siyasət görünür. Mən Türkiyəni uğura aparan siyasətin tərəfindəyəm. Ona görə də aparılacaq islahatlar əvvəlki dövrün siyasətinə şərait yaradacaqsa, aparılması yaxşıdır. Lakin düşünürəm ki, keçiriləcək referendum Ərdoğanın Türkiyənin ətrafında yaranmış vəziyyətə, yeni təhdidlərə o qədər də uyğun gəlməyən cavab reaksiyasıdır. İstəməzdim ki, Türkiyənin indiki siyasəti davam etsin. Ən azı ona görə ki, Ərdoğan hökumətinin yaxşı siyasət aparmaq qabiliyyətini görmüşük. Əvvəlki komanda bacarığının tərəfdarı olduğum üçün referenduma ”hayır” deyirəm”.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Yeni Müsavat”a söyləyib ki, hər şey Türkiyə xalqının iradəsindən asılıdır: “Bizim kimin tərəfində olmağımızdan asılı olmayaraq, əsas qərarı Türkiyə xalqı verməlidir. Sözsüz ki, bizim də Türkiyə üçün ”evet”in, ya “hayır”ın daha önəmli olması barədə öz mülahizələrimiz var. Lakin bizim fikirlərimiz Türkiyədə heç nəyi dəyişməz. Ona görə də belə hesab edirəm ki, Türkiyəyə qardaş olan bütün ölkələr, o cümlədən də biz indiki şəraitdə yalnız bu mövqedə ola bilərik ki, Türkiyədəki referendum uğurla yekunlaşsın, türk cəmiyyətində əksəriyyət, eyni mövqedə olduğunu nümayiş etdirsin. Nəticə də əksəriyyət tərəfindən qəbul olunsun və bu referendumun nəticələri Türkiyənin inkişafında yeni mərhələ aça bilsin. Hər şey Türkiyə xalqının iradəsindən asılıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də sorğumuza cavabında “hayır” deyənlərin tərəfində olduğunu dedi: “Mənsub olduğum siyasi partiya, həmçinin də mən parlamentli idarəetməyə daha çox üstünlük veririk və bu təşəbbüslə çıxış edirik. O aspektdən yanaşdıqda, təbii ki, ”hayır”ın tərəfindəyəm. Hesab edirəm ki, Türkiyənin mövcud siyasi sistemi inkişafa daha çox töhfə verə bilər. Digər tərəfdən isə Türkiyənin bu gün düşdüyü reallıqları da başa düşürəm. Ola bilsin ki, bizim görmədiyimiz məqamlar var və daha çevik qərarların qəbul olunması üçün prezident-üsul idarəsinin tətbiqi daha effektiv ola bilər. Hər halda, bu da mübahisəli bir məsələdir. Ümumilikdə deyim ki, mən “xeyr”in tərəfindəyəm”.

Əli RAİS (musavat.com)

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın