Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycanda dindarlar kolbasa-sosiska yeyirlərmi?..

Azərbaycanda dindarlar kolbasa-sosiska yeyirlərmi?..

Azərbaycanda “Halal” nişanı ilə satılan ət və ət məhsullarının çeşidi son zamanlar artır. Ölkədə kolbasa istehsalı ilə məşğul olan kifayət qədər sex və müəssisə mövcuddur ki, hər biri öz məhsulunun halal olduğunu iddia edir.  Buna baxmayaraq, din adamlarının əksəriyyəti müəyyən qidaları öz rasionundan çıxarırlar. Bu siyahıya xüsusilə sosiska-kolbasa məhsulları daxildir.
Maraqlıdır, Azərbaycanda tanınmış ilahiyyatçılar, dindarlar kolbasa-sosiska yeyirlərmi?
Modern.az saytı bu sualla bir neçə şəxsə müraciət edib.
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini  Qəmər Cavadlı:
“Din adamları, özəlliklə müsəlmanlar və yəhudilər üçün qida məhsullarında önəmli olan cəhət onların halallıq standartlarına uyğun olmasıdır. Qida halallığı  bizim üçün vacib məsələdir, detalları barədə əlahiddə söhbət eləmək lazımdır, uzun çəkər.
Mən şəxsən müsəlman ölkələrində, ən çox Türkiyədə istehsal olunan və üzərində “halal” nişanı olan “Aç bitir” kolbasa və sosislərini alıram, yerli məhsullardan “Hacı Turqay” və “Halal Ruzi” firmalarına üstünlük verirəm. Yanlışım varsa,  Allah bağışlasın!”.
 
“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli:
“Kolbosa-sosiska kimi məhsullardan istifadə edirəm. Ümumiyyətlə, sosiska və kolbasanın dini nöqteyi-nəzərdən haram  olması məsələsi yanlışdır. Yəni haram anlayışı ətə aid olduğu kimi, kolbasaya da aid ola bilər. Bilirsiniz, ətin kəsilməsində şərtlər var. Əvvəla, ətin halal olması – donuz əti olmaması və üzü qibləyə “bismillah”la kəsilməsidir. Digər tərəfdən, biz müsəlman bazarında ət alarkən onu araşdırmağımıza, necə kəsildiyini öyrənməyimizə ehtiyac yoxdur. İnsan müsəlman bazarından aldığı məhsulu araşdırmadan yeyə bilər. O cümlədən  kolbasa, sosiskanı da bu siyahıya əlavə etmək olar. Biz də təbii ki, bu məhsullardan istifadə edirik. Əsasən “Halal” standartlarına uyğun hazırlanmış yerli məhsullara üstünlük verirəm”.
 
İlahiyyatçı  Elşad Miri:
“Az da olsa, sosiska-kolbasadan istifadə edirəm. Təbii ki, yerli məhsullara üstünlük verirəm. Ailəmlə birlikdə istifadə edə biləcəyim sosiska-kolbasa məhsulları var. Bilirsiz, halal, haram məsələsi Allahın səlahiyyətində olan məsələdir. Quranda da  qeyd edilib və Allah buyurub ki, istənilən məhsulu  halal-haram aldırmayın. Yerindən duran hər hansı bir şey haqqında “bu halaldır və ya haramdır” deyir. Təəssüf edirəm ki, bu gün “halal ət” yazan qəssablar var. Belə çıxır ki, “halal” yazmayanların satdığı məhsullar haramdır? Yaxud bir yerdə “təzə kəsilmiş ət” yazılır. O zaman digərləri köhnəmi kəsilib? Bu kimi ciddi yanlışlar mövcuddur.
Mən qida rasionuma çox diqqət edirəm. Əsasən aldığım məhsulların genetikası dəyişdirilməmiş, təbii tərkibli  qidalar olmasına çalışıram.  Bundan əlavə, çalışıram balıq məhsullarından istifadə edim. Qidalanmağımıza fikir verməliyik. Çünki Allah “yeyin, için, israf etməyin” deyib. Sonra deyir ki, “pak olanlardan yeyin”. Bu,  çox önəmlidir. Bu gün bizə təbii qida olaraq təqdim olunan , lakin əksini müşahidə etdiyimiz  məhsullar var. Bu baxımdan qidamıza diqqət etməliyik. Digər tərəfdən,  Allah əl-Maidə surəsinin 4-cü ayəsində peyğəmbərimizə deyir: “Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!”
Yəni haram olan şeylər bəllidir, qalanları halaldır. Bu gün  insanların özlərindən halal və ya haram çıxarmaları doğru deyil və  sanki Allahlıq iddiasında olmaq kimi bir şeydir”.
 
Quranı tərcümə edən alim, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva:
“Mən qeyd edilən məhsulların – kolbasa-sosiskanın texnologiyasını bildiyimə görə, onlardan istifadə etmirəm”.
“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül:
“Bir zamanlar sosiska-kolbasadan istifadə etmişəm. Onda bu məhsullarla bağlı şübhələr yox idi. Amma indi istifadə etmirəm. Çünki  onların tərkibi məlum deyil. Yalandan üstünə “halal” yazırlar, amma şübhəlidir. Peyğəmbərimiz də buyurur ki, şübhələndiyin şeyi şübhələnmədiyin şeylə əvəz elə”.

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …