Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan ordusu düşmən hədəflərini necə vurur?

Azərbaycan ordusu düşmən hədəflərini necə vurur?

Təmas xətti boyu sentyabrın sonlarında bir neçə gün davam edən şiddətli atışmalar dövründə Ermənistan hərbi-siyasi rəhbərliyi əvvəllər olduğundan daha aqressiv və hədələyici ritorika nümayiş etdirirdi.

Məsələn, Azərbaycan ordusunun dəqiq zərbələrlə Ermənistan işğalçı qüvvələrinin Tərtər-Goranboy istiqamətində, təmas xəttinin taktiki dərinliyində yerləşən təlim düşərgəsini vurduğu, azı 4 erməni əsgərinin öldüyü, 16-nın yaralandığı döyüşdən sonra prezident Serj Sərkisyan mümkün qədər sərt ifadələr seçməyə çalışaraq qisas bəyanatları verdi.

Bu zaman Sərkisyan Dağlıq Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” adlandırmaqla xeyli uzağa getmişdi.

Ermənistan prezidentinin sifətini ona xas tərzdə əyilməyə məcbur edən həmin hadisənin özəlliyi onda idi ki, Azərbaycan ordusu düşmənin təmas xəttində deyil, təmas xəttindən Sərkisyanın dediyi kimi, 5 kilometr aralıda yerləşən hərbi obyektini – çağırışçı əsgərlərin təlim keçdiyi düşərgəni vurmuşdu.

Azərbaycan ordusunun düşmənin nəzarətində olan ərazilərin taktiki dərinliklərinə zərbə endirməsi birinci dəfə deyil.

Məsələn, bir neçə ay əvvəl təmas xəttindən təxminən 8-10 km dərinlikdə Azərbaycan ordusunun diversiya qrupunun yerləşdirdiyi partlayıcıların işə düşməsi nəticəsində Ermənistan ordusunun əsgərlərini daşıyan iki yük maşınından birinin necə sıradan çıxarıldığı, bir neçə erməni əsgərinin öldüyünü, yaxud yaralandığını əks etdirən, pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş videogörüntülər internetdə yayılmışdı.

Yaxud belə videogörüntülərin birində Ermənistan ərazisində yola yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində düşmənin bir neçə nəfərlik diversiya qrupunun necə sıradan çıxdığı görünürdü.

İndi isə söhbət diversiya əməliyyatından yox, düşmən hədəflərinə birbaşa artilleriya zərbələrindən gedir. Sərkisyan tamamilə əmin ola bildi ki, Azərbaycan ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı dəqiq və uzaqvuran silahların köməyi ilə hətta erməni ordusunun müdafiə xəttini yarıb keçmədən təmas xəttinin nəinki 5, hətta 50 və 100 km dərinliyində yerləşən hərbi infrastrukturunu məhv edə bilər.

Bir növ bu döyüş mümkün irimiqyaslı müharibə zamanı hərbi əməliyyatlar teatrında hadisələrin necə cərəyan edəcəyini təxmin etmək üçün nümunə idi.

Və Sərkisyanın qəzəblənib özündən çıxması üçün əsaslar var idi. Sonradan erməni KİV-lərinin həmin təlim bazasından yaydığı fotolardan məlum oldu ki, Azərbaycan ordusunun endirdiyi reaktiv artilleriya zərbələri (söhbət hələ iriçaplı və dəhşətli dağıdıcı gücə malik reaktiv yaylım atəşi sistemlərindən deyil, Türkiyədən alınan kiçik TR-107 reaktiv mərmiləri ilə endirilən zərbələrdən gedir) düz hədəfə dəyib. Yəni söhbət kortəbii və kütləvi zərbələrdən deyil, hədəfi dəqiq nişan alan zərbələrdən gedir.

Bəs Azərbaycan ordusu silahlanmasında olan daha dağıdıcı və iriçaplı, daha uzaqvuran (100 kilometrə yaxın) reaktiv yaylım atəşi sistemlərindən, artilleriya qurğularından (məsələn, 203 mm-lik “Pion” özüyeriyən artilleriya qurğusundan və ya “Smerç” kompleksindən) bu cür dəqiq və kütləvi zərbələr endirsə, nə olacaq?

Sərkisyan yaxşı bilir ki, nə olacaq. Erməni ordusunun Qarabağda təmas xəttindən hətta ən arxada yerləşən hərbi  infrastrukturu – kazarmalar, silah anbarları, təchizat bazaları və s. bir neçə saat ərzində sıradan çıxacaq. Eyni vaxtda yüzlərlə, hətta minlərlə topdan, minaatanlardan, reaktiv artilleriya sistemlərindən, odsaçanlardan və digərlərindən kütləvi zərbə – buna müharibədə hücumdan əvvəl düşməni panikaya salmaq , onun sıralarını pozmaq taktikası deyirlər.

Ermənistan hərbi-siyasi rəhbərliyi isə sərt, hədəliyici ritorikanı davam etdirirdi. Bir-birinin ardınca müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbəndyan, deputatlar, nazirlər, o cümlədən Dağlıq Qarabağdakı qondarma rejimin təmsilçiləri Azərbycana “misli ilə” cavab veriləcəyi, qisas alınacağı, yaxud alındığı barədə səs-küylü bəyanatlarla çıxış edirdi.  

Məsələn, erməni tərəfi Azərbaycan ordusunun son döyüşlərdə verdiyi itkilərin qat-qat çox olduğuna dair məlumatlar yaymağa başladı, daha da “ağıllı” tərpənib bir neçə azərbaycanlı ad-soyadını açıqladı və onların “təkcə bir döyüşdə öldürülən əsgərlər olduğunu” bildirdilər.

Azərbaycan Müdafiə Nazirliyi isə orduda bu ad-soyadda əsgərlərin xidmət etmədiyini açıqlayaraq erməni tərəfinin bu məlumatının əslində öz itkilərini ört-basdır etməyə yönəlmiş təbliğat olduğunu vurğuladı.

Yaxud Ermənistan Müdafiə Nazirliyi bəyan etdi ki, bundan sonra onlar da Azərbaycan ordusunun təmas xəttində və təmas xəttinin taktiki dərinliklərində yerləşən mövqelərini, hərəkətdə olan və olmayan istənilən obyektini raket-artilleriya zərbələrinə məruz qoyacaqlar.

Bu, tamamilə boşboğazlıq idi.  Ermənistan ordusu onsuz da indiyədək təmas xəttində müxtəlif çaplı minaatanlardan, digər ağır silahlardan istifadə edirdi və cavabını misilləməsi ilə alırdı. Çünki müdafiə naziri Zakir Həsənovun ön xəttdə yerləşən qüvvələrə daha yüksək komandanlığın əmrini gözləmədən düşmənə misilləməsi ilə zərbə endirmək səlahiyyəti verən xüsusi əmri var.

Nəhayət, düşmən tərəf aqressiv ritorikanı bir qədər də təkmilləşdirərək iki gün əvvəl bir qrup jurnalisti Müdafiə Nazirliyinə çağırdı, erməni ordusunun generalları jurnalistlərə cəbhədə yaranmış vəziyyət barədə guya “out of record” şərti ilə brifinq verdilər.

Məlumat verildi ki, brifinqdə jurnalistlərə Azərbaycan ordusunun mövqelərinə endirilən, “xeyli itkilərə səbəb olan” dağıdıcı zərbələrin pilotsuz kəşfiyyat təyyarələrindən çəkilmiş görüntüləri də təqdim edilib.

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyindən düşmən tərəfin bu təbliğati gedişinə dair şərh almağa cəhd göstərsə də nazirlikdən eyhamla məsləhət gördülər ki, “səbr etmək lazımdır”.

Ermənistan Müdafiə Nazirliyinin jurnalistlərə hansı videokadrları nümayiş etdirdiyi məlum deyil. Eləcə də həmin kadrlarda hadisələrin nə vaxt və harada cərəyan etdiyi haqda məlumat yoxdur.

Lakin necə ola bilərdi ki, Azərbaycan Müdafiə Nazirliyinin də sərəncamında düşmən mövqelərinə endirilən zərbələrin əks olunduğu, pilotsuz kəşfiyyat təyyarələrindən çəkilmiş videogörüntülər olmasın? Əgər belə görüntülər varsa, o zaman niyə Azərbaycan tərəfi təbliğat müharibəsində passiv davranır və jurnalistlərə həmin görüntülərdən bəzi epizodları təqdim etmir?

Axı Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri baxımından imkanlarını Ermənistanla müqayisədə qat-qat artıqdır.

Çox keçmədi ki, sosial şəbəkələrdə əvvlcə ermənilərin özləri tərəfindən yayıldığı bildirilən və Ermənistan ordusunun mövqeyinə endirilən minomyot zərbələrini əks etdirən təxminən 1 dəqiqəlik videokadrlar ortaya çıxdı.

Pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş bu kadrlarda nə görürük?

Onu görürük ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin ön xəttdəki postuna eyni anda bir neçə dəqiq və sarsıdıcı minomyot zərbəsi endirir. Və belə demək mümkünsə düşmən ordusunun mövqeyində hər şey darmadağın olur.

Kadrlardan belə qənaətə gəlmək mümkündür ki, həmin zərbələr minomyot batareyasının bütün arsenalından eyni anda, yəni yaylım atəşi formasında endirilib. Və bütün mərmilər tam hədəfə dəyib. Bu isə həm yüksək peşəkarlıq, həm mükəmməl nişangah sistemləri deməkdir.

Qeyd edək ki, xaricdən alınan müxtəlif çaplı minomyotlarla yanaşı Azərbaycanın özünün hərbi sənayesi də minomyotlar istehsal edir, hətta onları beynəlxalq silah sərgilərində nümayiş etdirib xarici alıcılar da tapır. Bu minomyotlar İsrail istehsalı olan nişangahlarla təchiz edilib və Ermənistan ordusunun mövqeyinə sentyabrın 28-də endirilmiş həmin dəqiq zərbələrə əsasən onların keyfiyyəti haqda fikir yürütmək olar.

Bu gün internetdə yayılan həmin qısa videogörüntülərdən sonra qondarma “DQR müdafiə nazirliyi” bəyanatla çıxış edərək kadrların həqiqiliyini təsdiqləyib. Bəs necə? 

Hər gün səhərdən axşama qədər “amansız qisas” və “dağıdıcı zərbələr” haqda alovlu bəyanatlar vermək asandır, ancaq ortaya təkzibedilməz fakt çıxanda onu təsdiq etməyib nə edəsən?

Və bəyanatda deyilir ki, internetdə yayılmış bu videogörüntülər Azərbaycan silahlı qüvvələrinin müxtəlif çaplı minomyotlar və reaktiv sistemlər tətbiq etdiyinə dair sübutdur. (bəlkə erməni tərəfi hesab edir ki, Azərbaycan silahlı qüvvələri onlara Rusiyanın “Babayevsk” şirniyyat fabrikinin istehsalı olan “Əyripəncə ayı” konfetləri atmalı idi?!).

Erməni tərəfi həmin zərbələrdən nə qədər itki verdiyini bildirmir, ancaq bu dəfə də “qisas” və “amansız cavab zərbələri” haqda ritorikaya sadiq qalır. Cəbhə boyu gedən, beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb edəcək qədər şiddətlənən döyüşlər haqda aras-sıra üzə çıxan bu cür epizodlar isə Qarabağda yeni müharibənin hansı dağıdıcı miqyas ala biləcəyini bir daha göstərir.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın