Ana səhifə / Cəmiyyət / Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Azərbaycan gəncliyinin sabahı xanım siyasətçinin baxış rakursundan

Prezident İlham Əliyev Şuşada hərbçilərlə görüşəndə bu qələbənin tarixi əhəmiyyətini də vurğuladı, qələbəni qazananlara Vətən adından təşəkkürünü də bildirdi. Dünyanın heç bir yerində dövlət başçısının təşəkkürü Vətənin təşəkkürü kimi səslənmir. Bu səsləniş dövlətə, dövlətçiliyə sədaqətin səviyyəsiylə bağlıdır.

Ölkə başçısı Şuşada dedi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi”.

Doğrudan da, bu Vətən Müharibəsi həm də gəncliyimizin bir sınağı oldu və onlar bu sınaqdan üzü ağ çıxa bildilər. Ancaq bu o anlama gəlmir ki, biz arxayın olmalıyıq. Azərbaycanın yaratdığı bugünkü reallıqların fonunda gənc nəslin milli mənəvi köklər üzərində tərbiyəsinə dair strateji konsepsiyamız olmalıdır.

  • Ailədə və təhsil sistemində prioritet sayılan məsələlərə diqqət artırılmalıdır

İstərdik, gənc nəslin gələcəyi, onun daha da vətənpərvər ruhda böyüməsi üçün nələrin edilməsi zəruriliyi mövzusunda gənc xanım siyasətçi, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babyevanın münasibəti ilə tanış olaq. O, “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha göstərdilər: “Haqq savaşına çıxan Azərbaycan xalqı 30 ilə yaxın davam edən işğala son qoymaqla tarixi ədaləti bərpa etdi. Xalqımızın bu günlər torpaqlarımızda 30 illik erməni işğalına son qoyulmasını, tarixi Qələbənin birinci ildönümünü böyük qürurla qeyd etdi. İnsan özünü və dünyanı əsasən gənclik yaşlarından dərk edir. Onda doğma Vətən, mənsub olduğu xalq qarşısında borc, məsuliyyət hissləri də bu yaşdan təşəkkül tapır. Ona görə də hər bir ölkənin, xalqın gələcəyinin necə olması bugünkü gəncliyin hansı ideallarla yaşamasından, övladı olduğu Vətəni, xalqı qarşısında borc, məsuliyyət hissini necə dərk etməsindən, Vətənini, xalqını nə dərəcədə sevməsindən,  milli-mənəvi özünüdərkindən asılıdır. Əgər biz gələcəyimizi xoşbəxt, əmin-aman görmək istəyiriksə, sadalanan cəhətlərin bugünkü gənclikdə olmasına çalışmalıyıq. Bu çalışmanın mərkəzində isə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi durur. Ona görə də gənclərimizin vətənpərvərlik tərbiyəsi, onlara Vətənə, xalqa məhəbbət hisslərinin aşılanması bu gün daha da aktuallaşıb”.

  • Tərbiyə işi qloballaşan dünyanın müasir çağırışlarına cavab verməlidir

Nərgiz Babayevanın sözlərinə görə, gənclər milli və  vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunmalı, yaxşı oxumalı, bilikli, savadlı olmalı, ölkənin tarixini yaxşı bilməli, anti-Azərbaycan dairələrinin təsiri altına düşməməlidirlər: “Hesab edirəm ki, bu istiqamətdə, xüsusən ailədə və təhsil sistemində aşağıdakı prioritet məsələlərə diqqət artırılmalıdır. Vətənpərvərlik tərbiyəsi sahəsində qazanılmış tarixi təcrübə daha da inkişaf etdirilməlidir. Tərbiyə işi qloballaşan dünyanın müasir çağırışlarına cavab verməli, ölkənin iqtisadi, siyasi, sosial inkişafı ilə ayaqlaşmalıdır. Təhsil sistemində tərbiyə işinin səmərəli təşkili, bu sahənin dinamik və davamlı inkişafı üçün mövcud reallıqlar və dünya təcrübəsi nəzərə alınmaqla, tərbiyənin milli konsepsiyası və inkişaf strategiyası hazırlanmalıdır. Gənc nəslin vətənpərvər ruhda tərbiyəsi təhsildə prioritet tələbdir və bu şəkildə də müəyyənləşdirilməlidir. Vətən müharibəsinin nəticələri nəzərə alınmaqla, təhsilin məzmununda müvafiq korrektə və düzəlişlər aparılmalı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və işğaldan azad olunan ərazilər haqqında yeni reallıqlar ümumi təhsilin məzmununa daxil edilməlidir. Təhsil Nazirliyi bu haqda öz mövqeyini cəmiyyətə açıqlayıb və bildirib ki,  dərsliklərdə müvafiq dəyişikliklər aparılmasına başlanılıb.  Xüsusilə də tərbiyə işinin sistemli təşkili, azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət duyğularının aşılanması ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin qarşısında duran prioritet vəzifələrdən biri olmalıdır. Bütün bunlara aid  əsərlər çap olunmalı, dünyanın müxtəlif dillərinə tərcümə edilməli, tariximizin bu şərəfli səhifəsi uşaq və gənclərimizə çatdırılmalıdır. Bunlarla yanaşı, Qarabağ müharibəsi qəhrəmanları, qaziləri, şəhidləri, iştirakçıları haqqında ensiklopedik  kitabları hazırlanmalı, sənədli filmlər çəkilməlidir ki,  həmin insanlar yetişməkdə olan uşaq və gənclərə yetərincə tanısın”.

Mərkəz rəhbərinin sözlərinə görə, onlar mütəmadi olaraq bu yöndə tədbirlər həyata keçirir: “Bu yöndə qrafikimiz çox sıx olur. Qazilərlə bağlı  bir neçə mühüm tədbirə ev sahibliyi etmişik. Ehtiyatda olan hərbçilərlə gənclərimizin görüşlərini təşkil etmişik. Bir

sözlə, bundan sonra da əlimizdən gələni etməliyik ki, yetişməkdə olan gənc nəslə estafeti lazımi şəkildə ötürə bilək”.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …