Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan bayrağı niyə Çində istehsal olunmalıdır?

Azərbaycan bayrağı niyə Çində istehsal olunmalıdır?

Bayraq dövlət atributudur. Azərbaycanın üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci ildə AXC hökumətinin qərarı ilə qəbul olunub. İkinci dəfə isə 1990- ci ilin 17 noyabrında qərar yenidən bərpa olunub. Azərbaycan dövlətinin bayrağımıza olan sayğısı onunla bağlı təqvimdə ayrıca bir günün bayram günləri sırasına salınmasında özünü göstərir.
Ancaq son dövrlər ölkəmizdə satılan bayraqların kefiyyəti ilə onun daşıdığı dəyərin uzlaşmadığını hiss edirik. Ticarət obyektlərində satılan bayraqların keyfiyyəti, onun istehsal edildiyi materialın olduqca aşağı səviyyəli olması gözə çarpır.
Azərbaycan bayrağının harada, necə hazırlandığını, satışa necə çıxarıldığını araşdırmağa çalışdıq. Bütün bu suallara cavab tapmaq üçün paytaxtın bayraq satılan mağazalarına baş çəkdik və çox maraqlı faktlar əldə etdik.
Azərbaycan və Türkiyə dövlət bayraqlarını şəhərin istənilən dəftərxana ləvazimatları satılan mağazalarından əldə etmək olar. Digər xarici dövlətlərin bayraqlarını tapmaq üçünsə xeyli vaxt xərcləyib axtarmaq lazımdır. Öyrəndik ki, Azərbaycana xarici dövlət bayraqları sifarişlə gətirilir. Qeyd edək ki, qanuna görə, dövlət bayrağını yalnız dövlət idarələrinin, müəssisələrin önündə asmaq olar. Həmçinin xarici dövlətlərin bayraqları da yalnız səfirlikləri və yaxud həmin ölkəyə məxsus şirkətlərin qarşısında asıla bilər.
Çox maraqlı fakt ondan ibarətdir ki, Azərbaycanın dövlət bayrağı ölkədə istehsal olunmur. Bayrağımızın əsasən Çində hazırlandığı bildirilir. Ümumiyyətlə, Azərbaycanda hazırda bayraq tikilişi üzrə fabrik və yaxud sex fəaliyyət göstərmir. Ölkədə bayraqların satışı da normal təşkil olunmayıb. Çünki bu sahəyə maraq göstərən azdır. Elə bunun nəticəsidir ki, dövlət bayrağımız başqa ölkədən gətirilir. Yəni ölkəyə gətirilən dövlət bayrağımız ayrıca məhsul deyil, dəftərxana ləvazimatları kimi idxal olunur.
Bayraqların qiymətləri ölçüsünə və materialın keyfiyyətinə uyğun müəyyənləşdirilir. Hətta Azərbaycanın ən kiçik ölçülü-stolüstü bayraqları da Türkiyə və Çində istehsal olunur. Belə ki, ölkə boyu yayılmış çinli səyyar ticarətçilər Çində istehsal olunan dövlət bayrağımızı özümüzə satırlar.
Ancaq həmin bayraqlar keyfiyyətsiz, solğun materialdan olub, tez cırılır.
Mağazalarda bayraqların qiyməti baha deyil. Stolüstü bayraqların qiyməti 1 manatdan 5 manata qədərdir. 100-150 ölçülü bayrağların qiyməti 40-50 manat arasında dəyişir. Atlas bayraqlar 50-70 manata başa gəlir. Sadə parçadan tikilmiş eyni ölçülü bayraqlar çox ucuz-18 manatadır.
Belə acı mənzərə ölkənin özündə bayraq istehsalını zəruri edirmi?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, bayrağa sayğı tamamilə başqa cür olmalıdır: “Bizdə bayraqla bağlı xüsusi bir günün bayram kimi qeyd edilməsi təqdirəlayiqdir. Amma bu bütün parametrlər üzrə özünü göstərməlidir. Mənim də diqqətimi bazarda keyfiyyətsiz bayraqların satışı cəlb edir. Çində istehsal olunması yaxşı hal deyil. Elə olanda ona adi bir əşya kimi baxacaqlar. Bu da yolverilməzdir. Mənə elə gəlir ki, bununla bağlı sərt qanun qəbul olunmalıdır. Bayrağımızın xaricdə kustar üsulla düzəldilərək ölkəyə gətirilməsinə qadağa qoyulmalıdır. Eyni zamanda, bayraqların harda gəldi satışının da qarşısı alınmalıdır. Bununla biz öz milli atributumuza dəyər vermiş olarıq”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın