Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / AYDIN CANIYEV 2002-Cİ İLDƏ HANSI XƏTANI EDİB? – ETİRAF

AYDIN CANIYEV 2002-Cİ İLDƏ HANSI XƏTANI EDİB? – ETİRAF

2002-ci ildə Moskvada “Üçüncü Azərbaycan” qəzetini buraxırdım adını indi çəkmək istəmədiyim həmkarlarımızdan biriylə. Qəzet çıxan günü tanımadığım nömrədən zəng gəldi: “Mən Mötəbər müəlliməm, hardasan, harda görüşə bilərik?” Onda Mötəbər Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan dili dərsini tədris edirdi diplomatlara. Razılaşdıq, görüşdük. “Borovitskya” metrostansiyasının çıxacağından yaxınlıqdakı “Şeş-beş” restoranına çatınca Mötəbər müəllim bütün vücudu əsə-əsə, hirslə, hikkəylə, həm də çox böyük təəssüblə qəzetin üç səhifəsindəki üç hərf səhvini, sözün hərfi mənasında, gözümə soxurdu, ağ yuyub qara sərirdi, cayaşağı buraxıb, cayyuxarı gəzirdi. Axırda stolda əyləşəndə qayıtdım ki, ay müəllim, bu Moskvada beş dənə Azərbaycan qəzeti çıxır, hamısı da bərbad gündə, bir dənə Azərbaycanı normal, istənilən adamın qarşısında “bu bir Azərbaycan qəzeti” deyilə biləcək səviyyədə, beynəlxalq çapda təmsil edən qəzet var, siz də onun üç səhifədə cəmi üçcə hərf səhvinə görə Qiyamət məhşərinə çəkirsiniz, nə olub? Yerimiz yox, pul verənimiz yox, rəsmi və ya qeyri-rəsmi dəstək verənimiz yox, bazara hesablanmayan qəzet buraxırıq, bəs deyil?
Qayıtdı ki, bəs deyil! Əgər sadaladığını keyfiyyətlər olmasaydı, onda mən bu qəzeti aparıb MQİMO-nun tələbələrinə, gələcək diplomatlara göstərməzdim, mənbə kimi nişan verməzdim. Sənin buraxdığın qəzetdəki bu üç səhv azərbaycanlı olmayan, Azərbaycan dilini öyrənən vətəndaşda yanlış bilgi formalaşdıracaq. Dil öyrənən həmin vətəndaşın beyin yaddaşıyla bərabər göz yaddaşında da o üç söz elə səhv olaraq qalacaq. Başqa mənbələrdə doğru varianta rast gələndə çaşbaş qalacaq, sonda ilk mənbə olaraq sənə istinad edəcək ki, bu da sonda dilimizə hörmətsizlikdir. Niyə biz doğru və düzgün yaza bilməyək ki? Niyə bizim sözlərimizi yanlış öyrənsinlər ki? Nə üçün sənin jurnalist səhlənkarlığının ucbatından mənim dilimin üç sözü şikəst tanınmalıdı?
Jurnalistikaya jurnalistika fakültəsindən gəlmiş, jurnalistikaya oxucu-“çtets”, korrektor, ədəbi işçi mərhələlərini keçərək qədəm qoymuş birisi kimi, artıq mənim içimdə “hərf səhvi” qorxusu çoxdan itmişdi. Mənim içimə və beynimə “redaktə təcrübəsi və nəzəriyyəsi” praktikadan transfer olunmuşdu, amma və lakin… mən ilk dəfə olaraq “şikəst etdiyim” həmin o üç Azərbaycan sözündən utandım, qorxdum, çəkindim….
Mötəbər müəllim üçün isə, ömrünün son günlərinə qədər qəflətən lazım olan vəsaitləri göndərməklə bu “günahımı” yuyurdum! Allah rəhmət eləsin, Mötəbər müəllim! Sizin kimi MÖTƏBƏR İNSANLAR VAR İKƏN bizim səhv qorxumuz əbədi olmalıdı… dilə münasibətdə!
SON SÖZ ƏVƏZİ: “Xalq üçün oxumağa kitab çap edirəm” kimi patriotizm heç də əsas vermir ki, dil və onun qaydaları tapdansın! Kiminsə pul qazanmaq istəyi, kiminsə pulunun azlığı heç bir halda heç bir qüsura haqq qazandırmır!
Yanlış kitabları oxumaqdansa, oxumamaq yaxşıdır! Dünyanın heç bir xalqı da bütün təmsilçiləriylə birgə kitab oxumaq üzrə rekordsmen deyil!
Rusiyadan, Almaniyadan, ABŞ-dan, Norveçdən kitab oxumağı nümunə gətirməkdənsə, xalqlara xoşbəxtlik gətirən, onları varlandıran yaşam və mübarizə prinsiplərininin digər variantları da var!
Biznes qurmağa, pul gətirməyə qalanda, o variantlar daha rentabellidir.
Gədəbəyin İnəkboğanında Yaftıməli, Lerikin Brkandulunda Əlibəy, Bərdənin Kətəlparağında Həsənalı, Tovuzun Quşçu Ayrımında Bayramalı Bakıdakı Atobba ilə eyni səviyyəyə heç min ilə də kitab oxumaqnan çatmaz, o ki qala fransız Mişelə, rus Andreyə, amerikan Odriyə, ingilis Çarlza ola… Hələ üstəlik də nəzərə alsaq ki, o kitablar başdan-ayağa qrammatika, üslub və sair səhvlərlə doludursa…

Aydın CANIYEV

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın