Ana səhifə / Cəbhə Xəbərləri / Avropa Oyunları və  VİP avtomobil cığırı – Məhəmmədəli QƏRİBLİ

Avropa Oyunları və  VİP avtomobil cığırı – Məhəmmədəli QƏRİBLİ

Azərbaycanda vəhşi kapitalizmin bəzi qanunlarının mövcudluğundan doğan real mənzərə göz qabağındadır. Uzun illər ərzində ölkəyə daxil olan külli miqdarda neft pullarının böyük hissəsi bəzi harın məmurlar və onlara yaxın olan “iş adamları” tərəfindən talanıb. Beynəlxaq Bank ətrafında baş verən son hadisələr hakimiyyəti də, bu faktoru etiraf etməyə vadar etdi. Nəticədə nə baş verib? Ölkə əhalisi arasında sürətli təbəqələşmə yaranıb – ifrat varlılar və hədsiz kasıblar.

Bu amil özünü həyatımızın bütün sahələrində biruzə verir.
Həmin varlılar ictimai nəqliyyatdan istifadə etmir, onların övladları bahalı baxçalara gedir, xüsusi məktəblərdə təhsil alır və s.

Hətta biz təyyarə ilə ölkədən xaricə uçanda belə onları görə bilmirik. Çünki VİP keçid və “biznes klass” reys bunu mümkünsüz edir. Paytaxtımızda varlılarla kasıbları yalnız bir amil “birləşdirə” bilirdi ki, onun qarşısında hamımız acıziydik. Tıxaclar…

Sürdüyü avtomobilin qiyməti və markasından asılı olmayaraq, onlar da bizimlə tıxacdan doğan çətinliyi yaşamağa məhkum idi. Deyəsən, bunun da çarəsi tapılıb.
Çox vacib bir məqama diqqət yetirmək istəyirəm. Söhbət Avropa Oyunları ilə bağlı yollara çəkilən sarı, qadağanedici zolaqdan gedir. Mənə elə gəlir ki, bu bir eksprementdi. Baş tutsa, artıq varlıların tıxac problemi də öz  həllini tapmış olacaq. Avtomobil idarə edən adam kimi bir neçə gün ərzində müşahidə etdiyim mənzərə bu qənaətə gəlməyim üçün tam əsas verir. Bilirsiniz ki, həmin zolaqla hərəkət edəni 40 manat cərimə edirlər. Verilən məlumatlardan görürük ki, 2 gün ərzində minlərlə adam bu qaydanı pozduğu səbəbindən cərimələnib. Ancaq müşahidələrim göstərir ki, bu qaydanı kasıblar bilməyərəkdən pozursa, “AA”  seriyalı xidməti və bahalı olan digər maşınlar bilərəkdən pozur. Bir az əvvəl qeyd etdiyim harın təbəqə üçün uzun yolu tıxacla getməkdənsə, 40 manat cərimə ödəyərək boş yolla rahat şütəmək daha əlverişlidi. Yəqin ki, “AA” seriyalı avtomobillər heç həmin cəriməni də ödəməyəcək. Çünki dəfələrlə rəsmi qurumlar xidməti avtomobillərin külli miqdarda cərimələrinin olmasına və həmin cərimələrin  ödənmədiyinə dair açıqlamalar verib. Bir sözlə, Avropa Oyunları bizə VİP maşın yolu zolağı bağışlamasa yaxşıdı…zolaq

P.S.Yazını köşəyə çevirmək fikrim yox idi. Bu səbəbdən də FB-də paylaşmışdım. Sadəcə, bir çox şəxslərin yazdıqları mesajlar, etdikləri zənglər məni buna vadar etdi. Toxunulan problem insanların ürəyindən xəbər verirsə, demək həmin narazılıq var. Hətta bir çox təkliflər də eşitdim ki, bu istiqamətdə qanunların dəyişməsinə ehtiyac var. Təkliflər var ki, bilməyərəkdən qaydanı pozanlar üçün cərimə 20 manata endirilsin. Harınlıq səbəbindən qadağan zolağında hərəkət edənlər üçün isə, cərimələr 800-1000 manat çivarıda müəyyənləşsin.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın