Ana səhifə / Cəmiyyət /   Aviqdor Liberman: “Bir dəfə də olsun görübsünüz ki, ATƏT Səudiyyə Ərəbistanını tənqid etsin?”

  Aviqdor Liberman: “Bir dəfə də olsun görübsünüz ki, ATƏT Səudiyyə Ərəbistanını tənqid etsin?”

Noyabrın 1-də “Hilton” otelində ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə edən beynəlxalq missiyaların seçkinin yekunlarına dair mətbuat konfransları keçirildi. Qeyd edək ki, nümayəndə heyətləri çox olduğundan, tədbirlər müxtəlif zallarda keçirilirdi. “Bakı-Xəbər” bildirir ki, “Lazuret” zalında 5 nwmayəndə heyətinin konfransı keçirildi.
İsrail parlamenti adından konfransı nümayəndə heyətinin rəhbəri Aviqdor Liberman açdı və Azərbaycan xalqını baş tutan seçkilər münasibətilə təbrik etdi. O, seçkilərin yüksək səviyyədə keçirildiyini bildirdi:

“İsrail parlamenti Azərbaycandakı seçkiləri 4 müşahidəçi ilə izləyib.
Hesab edirəm ki, Azərbaycan dünyada mövcud olan ən yüksək standartlara uyğun seçki keçirib. Mən müxtəlif ölkələrdə seçkilərdə müşahidəçi qismində iştirak etmişəm. Əsas meyarlar – namizdələrin sayı, şəffaflıq və s. görə bu seçkilər bütün iştirakçılar üçün bərabər imkanlarla və standartlara uyğun keçirilib.
Biz bir daha bütün dünyada mövcud olan yüksək standartları vurğulamaq istərdik. Biz gənc Azərbaycan Respublikasının qısa zaman ərzində seçkilərin keçirilməsində belə yüksək nailiyyətlər əldə etməsinə sevinirik”.
ATƏT-in DTİHB adlı qurumunun əsassız yerə seçkiləri müşahidə etməkdən imtinasına dair qərarına münasibətlə bağlı qəzetimizin ünvanladığı suala Liberman maraqlı cavab verdi: “Təəssüf ki, bu cür ikili standartlarla bizim ölkəmiz də rastlaşır. Siz heç bir dəfə də olsun görübsünüz ki, ATƏT Səudiyyə Ərəbistanını tənqid etsin? Əlbəttə yox. Bu səbəbdən də bura missiya göndərməkdən imtinanı da həmin ikili yanaşma standartına aid etmək olar.
Mən ATƏT-in normal nümayəndə heyətini göndərməməsi və ya seçkilərin demokratikliyini təsdiqləməmək üçün heç bir səbəb görmürəm. Amma təəssüf ki, bu bizim beynəlxalq arenada gündəlik izlədiyimiz reallıqlardır”.
Sonra Böyük Britaniya Parlamenti Lordlar Palatasının iki nəfərdən ibarət nümayəndə heyəti adından Baronessa Detta Okahoyn çıxış etdi. O bildirdi ki, əvvələr də bir neçə dəfə Bakıda olub: “Sonuncu dəfə 5 il əvvəl olmuşam. Bu müddət ərzində xeyli irəliləyişin şahidi oldum.Azərbaycana yenidən gəlməyimə şadam. Milli Məclisə seçkilər çərçivəsində 6 seçki dairəsinin ərazisində olduq. Hər yerdə seçki ciddi qaydada keçirildi. Hər hansı bir qayda pozuntusu olmadı.Barmaqlara mürəkkəb vurma işi də çox yüksək səviyyədə təşkil olunub. Hər şey nizam-intizamla keçirildi. Londonda insanlar seçki məntəqələrinin yanına yığılır. Burada da insanlar qayda-qanunla gəlib səs verirdilər. Qonaqpərvərliyə isə söz ola bilməz. Xüsusilə də seçkilərin, Britaniyadan fərqli olaraq, qeyri-iş günündə keçirilməsi daha maraqlı gəldi. Təbii ki, belə olanda insanlar seçkilərə daha çox maraq göstərir. Mən Azərbaycanın dostuyam və bundan sonra da əlaqə saxlayacam”.
“Çox sayda seçki məntəqələrinə baş çəkdik. Seçki təşkilatçılığı və fəallığı yüksək səviyyədə idi”.
Növbəti konfransı isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) nümayəndə heyəti keçirdi. Qonaqları həmin qurumun rəhbərliyində təmsil olunan həmyerlimiz Asəf Hacıyev təqdim etdi. Nümayəndə heyəti adından Serbiya parlamentinin vitse-spikeri İqor Becic çıxış etdi. O bildirdi ki, seçki prosesi tam demokratik şəkildə keçirilib: “Mənim müşahidələrimə görə, seçki prosesi çox yüksək şəkildə keçirildi. Belə gözəl, demokratik seçkilər keçirən Azərbaycanı təbrik etmək olar . 3 gün ərzində apardığımız müşahidələrdən sonra bu qənaətə gəldik. Adətən seçkiyə münasibət bir gün sonra bilinir. Bu gün isə biz sakitliyi görürük. Demək, seçki tam demokratik keçirilib və hamının ürəyincədir”.
Ardınca Çexiya parlament nümayəndələri mətbuat konfransı keçirdi. Çexiya parlament nümayəndəsi adından danışan Vatslav Snopek da seçkilərin yüksək səviyyədə baş tutduğunu dedi: “Sonuncu dəfə Azərbaycanda 1996-cı ildə olmuşam. Çox böyük fərq gördüm. Bura multikultral bir ölkədir. Buna layiq də seçki keçirildi. 10 yaxın məntəqədə olduq. Hər şey qanun çərçivəsində həyata keçib”.
Vatslav Snopek fəallığın yüksək səviyyədə olduğunu bildirdi: “Adi vətəndaşların müşahidəçi kimi iştirak etmələri müsbət haldır. Seçkilərdə qadınların aktivliyi hiss olunurdu. Bakıdan kənarda məntəqələrin birində, demək olar ki, qadınlar çalışırdı”.
GUAM və GUAM Parlament Assambleyası nümayəndələri də Azərbaycanda parlament seçkilərinin gedişini müsbət dəyərləndirdi.
Bu haqda GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verdi. “Seçkinin gedişatı ilə əlaqədar ciddi irad yoxdur. GUAM PA-dan olan həmkarlarım məntəqələrdə çox sayda müşahidəçinin olduğunu və seçkilərin sakit ab-havada keçirildiyini qeyd edib”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın