Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

“Atletlər kəndi”ndəki qəza ilə bağlı yeni şok bilgilər- bibioğlu kimdir?

Nəqliyyat məsələləri ilə bağlı bütün işlər Eldar Mahmudovun bibisi oğlu olan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi Elimxan Hacıyevin göstərişi ilə həyata keçirilib – qəzaya görə tutulanların adları

Bu ilin iyununda Bakıda keçirilən Avropa Oyunları başlamamışdan öncə “Atletlər kəndi”ndə baş vermiş xoşagəlməz olayın – avtobusun 3 xarici atletin üzərindən keçməsi işi üzrə istintaq davam edir. Bu günə qədər bəlli olan “Bakubus”un sürücüsü Vəli Əhmədovun elə həmin gün həbs edilməsidir. Olayın baş verməsindən aylar ötüb, istintaq orqanı baş vermiş olayla bağlı müfəssəl rəsmi açıqlama verməyə tələsmir.

Bunun səbəbinə toxunmadan qeyd edək ki, qəzadan dərhal sonra olayın sosial şəbəkələrdə yayılan videosuna baxmış hər kəs sürücünün bu hadisəni bilərəkdən törətdiyinə əmin ola bilər. Hər kəs deyirdi ki, bu, qəsddir. Çünki sürücünün düz yolda getdiyi zaman səhvə yol verib belə bir qəza törətməsi inandırıcı görünmürdü. Bu arqumentləri inandırıcı edən bəzi faktlar da vardı. Oyunlar öncəsi ölkədə xoşagəlməz olayın baş verəcəyi gözləntisi, narahatlıq ab-havası hiss edilirdi. Hüquq-mühafizə orqanlarının xüsusi rejimdə çalışması, nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər bu gözləntilərə bir qədər də güc vermiş olurdu. Belə bir vəziyyətdə, oyunlara 1 gün qalmış “Atletlər kəndi”nin nəqliyyat deposunda avtobus düz yoldan çıxaraq atletlərin üzərindən keçdi.

Sonradan məlumat yayıldı ki, sürücü V.Əhmədov əvvəllər qəsdən adam öldürməyə görə həbsdə olub. Barəsində məhkəmə tərəfindən 10 illik azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Bu müddətin bitməsinə 5 il qalmış V.Əhmədov məhkəmə qərarı ilə azad olunub. Həbs olunan V.Əhmədovun oğlu Orxan Əhmədov qəzadan sonra mətbuata açıqlama verərək deyib ki, atasının qəzanı qəsdən törətməsi haqda məlumatlar yalandır.

Atasının idarə etdiyi avtobusun əyləc sistemindəki problem üzündən belə bir qəza meydana gəlib. “Avtobusun əyləc sistemində problem olub və sürücü problemi aradan qaldırmağa çalışarkən diqqəti yoldan yayınıb. Sükanı yığışdırmaq mümkün olmadığından avtobusu saxlaya bilməyib və nəticədə qəza baş verib” – deyə, sürücünün oğlu bildirmişdi.

Qəzadan sonra yaranmış suallardan biri də sürücülərin seçilməsi, sürücülük qabiliyyətlərinin yoxlanılması ilə bağlı idi. Səriştəsiz sürücü belə bir mötəbər oyunlar zamanı sükan arxasına necə keçə bilmişdi?

Redaksiyamıza daxil olan məlumatda deyilir ki, oyunlardan 2 ay əvvəl nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədov “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi vəzifəsindən azad olunub. Yəni “Bakubus” rəhbərliyindən uzaqlaşdırlıb. Nazir öz qardaşı oğlunu işdən çıxarıb. Azərbaycanda görünməyən məsələdir, amma bu, oyunlar öncəsi baş vermişdi. Onun yerinə təyinat alan isə Elimxan Tarix oğlu Hacıyev olub. Bu şəxsin qohumluq əlaqələri haqda aldığımız məlumat bir çox məqamlara aydınlıq gətirməklə yanaşı, Ziya Məmmədovun qəzadan sonra postunda qalmasında bir növ xilas kəmərinə çevrilib.

E.Hacıyev o dövrdə milli təhlükəsizlik naziri olan Eldar Mahmudovun yaxın qohumu, bibisi oğludur. Qaynağımız deyib ki, bu təyinata qədər E.Hacıyev Nəsimi Su Kanalizasiya İdarəsinin rəisi olub. Onun təyinatından sonra oyunlar zamanı sərnişin daşıyacaq avtobusların sürücülərinin seçilməsinə, onların avtobioqrafiyalarının yoxlanılmasına başlanıb. Sürücülərin təlim keçməsi üçün büdcədən 1 milyon manat vəsait ayrılıb. Qaynağımız bildirib ki, seçilmiş sürücülərin avtobioqrafiyasının yoxlanılması zamanı səhlənkarlığa yol verilib.

Vəli Əhmədovun bioqrafiyası lazımi səviyyədə nəzərdən keçirilməyib. Olay baş verəndən sonra isə onun barəsində avtoqəzaya görə cinayət işi olması üzə çıxıb. Tədbirlə əlaqədar işə götürülən sürücülərdən 500-1000 manat rüşvət alındığı da bildirilir.

Qaynağımız deyir ki, olaydan sonra Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov tutulub, xidmətin avtobus şöbəsinin rəisi Yunus Hüseynov, sərnişin və yükdaşımaların təşkili şöbəsinin rəisi Malik Məmmədov və lisenziya şöbəsinin rəisi (ad-soyadını dəqiqləşdirə bilmədik-red.) işdən çıxarılıblar.

H.Salamov nəqliyyat naziri Ziya Məmmədovun kadrıdır. Onun sürücülərin işə götürülməsi səlahiyyəti olmayıb. Bu və ümumiyyətlə oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı bütün işlər Eldar Mahmudovun bibisi oğlu olan “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin rəisi Elimxan Hacıyevin göstərişi ilə həyata keçirilib.

Qaynağımız deyir ki, MTN-in Nəqliyyat Nazirliyinə təsiri çox böyük olub. E.Mahmudovun oyunlardan əvvəl Z.Məmmədovun qardaşı oğlunu Nəqliyyat Nazirliyinə tabe olan bir MMC-nin rəhbərliyindən çıxarıb bibisi oğlunu ora yerləşdirə bilməsi buna sübutdur. Digər tərəfdən, Z.Məmmədov olaydan əvvəl qardaşı oğlunun gəlirli bir sahənin rəhbərliyindən uzaqlaşdırılmasına mane ola bilmədiyinə təəssüflənsə də, qəzadan sonra buna sevinmiş olub. Eldar Mahmudov qohumu Elimxan Hacıyevi həmin posta təyin etdirməklə faktiki olaraq Z.Məmmədovu böyük bir bəladan kənarda qoymuş olub.

Bu məlumatlar onu deməyə əsas verir ki, E.Mahmudovun nazir kimi ona olan etimadı itirməsində bu cür təyinatlar rol oynayıb.

Qəzadan sonra işdən çıxarılanlar sırasında E.Hacıyev başda olub. Qaynağımız deyib ki, olaya aid videonun sosial şəbəkələrə düşməsinə səbəb olan 2 hüquq-mühafizə orqanı işçisi də tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Sürücü V.Əhmədova gəlincə isə mənbəmiz deyib ki, o, ilkin ifadəsində qəzanın ayağının əyləcə ilişməsi üzündən baş verdiyini açıqlayıb.

Sürücünün qəzada suçunun olub-olmamasını istintaq müəyyən etməlidir. İstənilən halda olayın baş verməsinə görə sürücünün suç ortağı onu işə götürən, onu təlimə cəlb edən vəzifəli şəxsdir. Əgər avtobuslarda hər hansı bir nasazlıq olubsa, yenə də bunun məsuliyyəti MMC rəhbərliyinin üzərinə düşür. Bütün bunlar istintaqın aydınlıq gətirməli olduğu məsələlərdir.

İş üzrə istintaqın nə yerdə olduğunu öyrənmək üçün DİN və Baş Prokurorluğun mətbuat xidmətləri ilə əlaqə saxladıq. Hər 2 qurumun mətbuat xidmətindən hər hansı bir açıqlama verilmədi.

Yada salaq ki, iyunun 11-də baş vermiş olayla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunurdu ki, 2015-ci il iyun ayının 11-də, saat 8.30-da, I Avropa Oyunlarının “Atletlər kəndi”nin nəqliyyat deposunda, “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Adları çəkilən idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib. Fakt üzrə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanıb.

E.MƏMMƏDƏLİYEV

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın