Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / “Atamın ad günü indiyə qədər qeyd olunur” – İsmət Qayıbovun oğlu

“Atamın ad günü indiyə qədər qeyd olunur” – İsmət Qayıbovun oğlu

8 oktyabr tarixi müstəqil Azərbaycan Respublikasının ilk Baş prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri, 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə, içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuş İsmət Qayıbovun ad günü idi.

Mərhum İsmət Qayıbovun oğlu İsmayıl Qayıbov atası ilə bağlı xatirəsini bölüşüb. O İsmət Qayıbovu belə xatırlayıb:

“Oktyabrı həmişə sevmişəm. Həm də təkcə çoxdan gözlənilən sərinliyə görə yox, hər şeydən əvvəl bu ayda atamın ad gününü qeyd etdiyimizə görə.

Bu günün standartları ilə müqayisədə bizim kiçik mənzilimizdə səs-küylü qohum və dostlar toplaşardı, muğam üçlüyü də dəvət olunardu (adətən Ağaxan Abdullayev və ya Alim Qasımov oxuyurdu), atamın böyük qardaşı Sabir əmi hörmət əlaməti olaraq ənənəvi qaydada tamada seçilərdi. Kollektiv təbriklər səsləndiriləndən sonra atam məclisə idarəçiliyi öz əlinə alardı.

Atam məclisdə ştirak edənlərin hər biri üçün ayrıca tost deyər, səmimi sözlər səsləndirərdi, Azərbaycan, rus, hətta alman dillərində şeirlər oxunardu, bu zaman Nizami Gəncəvi və Fyodor Tyutçevin şeirləri üstünlük təşkil edərdi.

Məclis iştirakçılarının heç biri özünə qarşı qeyri-səmimiyyət görməzdi, əksinə, hər kəs fərdi mehribanlığı, xüsusi hörmət-ehtiramı duyar, doğum gününün səbəbkarı üçün əhəmiyyətli və dəyərli şəxs olduğunu hiss edərdi.

Anamın və nənəmin bişirdiyi, atamın sevimli yarpaq dolması və şüyüdlü plov, xüsusi hazırlanmış turşular süfrəni bəzəyərdi.

Hamı yeyib-içəndən sonra rəqs edər, xalq havalarına oynayardı, heç kim gecə saat 2-dən əvvəl dağılışmağı düşünməzdi. Qonşular da şənlikdə iştirak etdiklərinə görə heç kim səs-küydən narahat olmazdı.

Bu gün atamın 80 yaşı tamam olacaqdı. Əgər o vaxt, 1991-ci ildə həlak olmasaydı, o, indi bu möhtərəm yaşa, ömrünün ağsaqqal çağına çatacaqdı. Belə bir nadir şəxsiyyət, əsl vətənpərvər və adı böyük hərflə yazılmış dövlət xadimi ötən 32 ildə Vətənimizə nə qədər xeyir gətirə bilərdi, ailəsinə, qohumlarına, dostlarına neçə “meqaton” sevinc bəxş edərdi. Mən hətta təsəvvür edə bilmirəm ki, o, nəvələrini necə sevib oxşayardı, hələ o ki qala onlardan biri öz adaşı İsmət Qayıbov ola.

Heyf!

Bizim ailəmizdə atamın ad günü indiyə qədər qeyd olunur…”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …