Ana səhifə / Cəmiyyət / “Atam qonşunu öldürdü, Moskvaya qaçdıq” – Azərbaycanlı ailənin dramı

“Atam qonşunu öldürdü, Moskvaya qaçdıq” – Azərbaycanlı ailənin dramı

Bugünlərdə “Alman polisinə müqavimət göstərən hamilə Azərbaycan qadını” haqqında Almaniyanın “onetz.de” saytında gedən məqalə əsasında yazı hazırlamışdıq. 33 yaşlı Elnarə Quliyevanın və onun ailəsinin başına gələn müsbətlərdən söhbət açmışdıq. Onların qarşılaşdığı zorakılıq o həddə olub ki, hətta Almaniya mətbuatı ailənin müdafiəsinə qalxıb. 6 il Almaniyada yaşayan və ümidlə oturum alacağı günü gözləyən ailəyə sonda “yox” deyiblər. Gecənin bir aləmində polis ailənin qaldığı evə gəlib. Evin kişisinin qoluna qandal vurublar. Qapının dəliyindən bu mənzərəni izləyən uşaqlar anaya mesaj göndərib. Ana isə həmin vaxt ağrılar içində xəstəxanada yatırmış.

Gecənin bir aləmində polis xəstəxanaya gəlir və hamilə qadını zorla xəstəxanadan təyyarə meydanına aparmağa cəhd göstərir. Dünyaya gətirəcəyi dördüncü uşağına görə narahat olan ana polisə müqavimət göstərmək zorunda qalıb. O günü Almaniyadan Azərbaycana 300 nəfər soydaşımız geri göndərilib. Quliyevlər ailəsi də onların arasında olmalıymış. Ancaq doğuşla bağlı kritik vəziyyətdə olan qadını aparmağa ürək etməyiblər. Lakin təhlükə sovuşmayıb. Ailə qorxu içində yaşayır. İndi Almaniya polisi onlara kabus kimi vahiməli görünür…

Bu gün isə sizə Almaniyaya sığınan başqa bir ailə haqqında söhbət açacağıq. Onlar haqqında məlumatı da Almaniya mətbuatından əldə etmişik. İnfranken.de saytında gedən yazı əlacsız vəziyyətə düşən soydaşlarımızın taleyinə işıq salır…

Musavat.com həmin yazını təqdim edir:

Öncə qeyd edək ki, Franken Almaniyanın əyalətlərindən birinin adıdır. Davudovlar ailəsi məhz həmin əyalətdə yaşayıb. Sayt bildirir ki, bu ailə Azərbaycanda hələ də mövcud olan qan düşmənçiliyinə görə ölkədən qaçıb. Belə ki, İmran adlı gəncin atası öz qonşusunu öldürüb. Çünki qonşu İmranın babasını qətlə yetirib. İmranın atası da öz atasının intiqamın almaq üçün belə bir addım atıb. 2012-ci ildə baş verən bu olayadan sonra uşaqları körpə olan İmran xanımı Ülriyyə, hazırda 11 yaşı olan qızı Fatimə, 9 yaşı olan oğlu Binnəti də götürərək gecə ilə ölkədən çıxıb. Ancaq onlar öncə Almaniyaya yox, Moskvaya üz tutublar.

İmran Moskvadakı bazarların birində satıcılıq edib. Bu yolla ailəsini dolandırıb. Ancaq az sonra İmran yerli radikalların hücumuna məruz qalıb. “Qarabala” olduğuna görə başıqırxıqlar onunun qaldığı evə hücum ediblər. Binanın kəndarında-xanımının gözü qarşısında İmranı döyüblər. Qızı Fatimə də atasının necə döyüldüyünü görüb və bu, onların hər ikisinin əsəb sarsıntısı keçirməsinə səbəb olub. Üstündən illər keçməsinə baxmayaraq, psixoloji travma alan ana da, onun qızı da özünə gələ bilmir…

Daha sonra baş verən hadisə isə onları Moskvadan gecə ilə çıxmağa sövq edir. Belə ki, kimsə İmranın işlədiyi bazara gəlib və onun haqqında informasiya toplamağa çalışıb. Bundan xəbər tutan ailə başa düşüb ki, məlumat toplayanlar İmranın atasının öldürdüyü qonşuya bağlı adamlardır. Bu isə o deməkdir ki, təhlükə onlara son dərəcə yaxındır…

Davudovlar ailəsi Almaniya üz tutub. Ümid ediblər ki, onları Almaniyada narahat edən olmaz. Ancaq Almaniyanın müvafiq strukturları Davudovların arqumentini yetərli saymayıb. Deyiblər ki, qan düşmənçiliyi arqumenti Almaniyada oturum almaq üçün yetərli deyil. Belə bir ailəni gecə ilə evdən çıxardıb deportasiya ediblər. 2015-ci ildə Almaniyaya gələn ailənin hazırda Bakıda olduğu ehtimal olunur. Hər halda onların Almaniyadan deportasiya olunması dəqiqdir. Gecə saat 4-də onları qaldıqları evdən götürüb hava limanına aparıblar. Polislər onlara kiməsə zəng vurmağa belə imkan verməyiblər. Onların telefonlarını müsadirə ediblər…

Səhərisi gün ev sahibi Davudovlar ailəsinin qaldığı otağın qapısını döyüb. Ancaq kimsə qapını açmayıb. Sonra isə məlum olub ki, ailəni gecə ilə Azərbaycana yola salıblar. Az sonra isə Davıdovlar evində qaldıqları adama Bakıdan zəng vuraraq başlarına gələnləri anladıblar.

“Alman polisinə müqavimət göstərən hamilə Azərbaycan qadını” adlı yazıda belə bir yer vardı. Almaniyalı dostları Quliyevlər ailəsinə kömək etmək üçün müxtəlif işlər görürlər. Onların Almaniyada qalmasını təmin etmək məqsədi ilə konkret addımlar atırlar…

Davudovlar ailəsinə də yerli alman dostları ciddi dəstək verib. Onların adına bank hesabı (IBAN: DE71 7836 0000 0007 1165 00, Kennwort: Familie Davudov) açılıb. Rita Orth-Franke və onun həyat yoldaşı Volkmar Franke Davudovlar ailəsinin Nürnberqdən olan vəkili ilə əlaqə saxlayıb. Ailənin vəkili də öz işini bitmiş hesab etmir. Bu ailəni Almaniyaya qaytarmaq üçün qanun müstəvisində müəyyən işlər görülə bilər. Bunun üçün xeyli imkanlar var.

Balaca bir qeydi də edim. 9 yaşlı Binnətin idman klubunda olan dostları da Davudovlar ailəsinə kömək etmək üçün əllərindən gələni əsirgəmir.

Davudovlar ailəsinin uşaqları Almaniyada təhsil sahəsində ciddi uğurlar qazanıblar. Elə valideynlər də alman dilini yüksək səviyyədə öyrənə biliblər. Məhz dilə yüksək səviyyədə yiyələnmək onlara Almaniyada xeyli dost qazandırıb. İndi həmin dostlar bu ailə üçün nəsə etməyə çalışırlar…

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …