Ana səhifə / Cəmiyyət / “Atam çox ciddi insan idi, bizimlə yalnız yaşa dolandan sonra zarafat edib, deyib gülərdi”

“Atam çox ciddi insan idi, bizimlə yalnız yaşa dolandan sonra zarafat edib, deyib gülərdi”

“Mənim atam hansı sənətə yiyələnmiş olsaydı kamanda tutduğu o mövqeyini bütün sahələrdə tutacaqdı. Bu ona Allah tərəfindən verilmiş bir istedad, vergi idi. Kamanını çox sevirdi. Hər zaman deyərdi ki, incimiyin, mən onu sizdən çox sevirəm, ilk övladım odur. Çünki o olmasaydı, siz olmazdınız. Deyirdi 5 övladım var, böyük övladım kamandır”.

Bunu Xalq artisti Habil Əliyevin qızı Vəfa Əliyeva bildirib. O daha sonra əlavə edib.

“Biz ailədə 3 qız, bir oğlan olmuşuq. Atam bilirsiniz ki, həddindən artıq ciddi bir insan idi. Ailədə onun ciddiliyi o qədər idi ki, onunla üz-üzə gəlməkdən belə qorxardıq. İlin 3 ayını biz onu görərdik, 9 ayını çöldə, xaricdə olurdu. 3 ay müddətində də bizi görəndə dərsimizlə maraqlanardı, tabellər gəlib onun qarşısına qoyulardı, onun qarşısında sanki biz imtahan verərdik. İlk gündən hər zaman bizə deyərdi ki, mən çox kasıb ailədə böyüdüm, məni oxutmağa imkan olmadı, vaxtından tez ailə saxladım, mən həkim olmaq istəyirdim, ola bilmədim. Arzumdur ki, övladlarım, ən azından qızlarım həkim olsun. Biz onun bu arzusunu yerinə yetirdik, 3 bacıyıq, 3-üz də həkimlik sənətindəyik. Sənətimizlə məşğuluq, çalışırıq ki, işimizə, sənətimizə layiq davranaq, biz göstərilən etimadı layiqincə yerinə yetirək. Atam o qədər bizdə həkimlik sənətini aşılamışdı ki, başqa sənət düşünə bilmirdik. Mən hal-hazırda Sabunçu rayonunda uşaq poliklinikasında rəhbər işdə, baş həkim işləyirəm. Çox gözəl kollektivimiz var. Uşaqla işləmək ümdə bir sənətdir. Dövlətimizin hal-hazırda səhiyyədə etdiyi islahatların əsasında da bu durur, yüksək xidmət. Bu gün nailiyyətlərimlə sevindiyim halda ilk növbədə atam yadıma düşür” deyə Vəfa Əliyeva bildirib.

“Habil Əliyevin kaman musiqi aləti bu gün haradadır?” sualına isə sənətkarın qızı belə cavab verib.

“Onun bir yox, bir neçə kaman aləti olub. Kaman alətlərindən biri atamın ev muzeyində qorunur, digər kamanı isə oğlum Bəhruzdadır. Oğlumun uşaqlıq illərindən musiqiyə çox böyük həvəsi olub. Babası ilə məsləhətləşəndə ona demişdi ki, kaman elə bir musiqi alətidir ki, səni yarı yolda qoya bilər, amma skripkada ifa edə bilərsən. Anam da bilirdi ki, Bəhruzun babasının kamanına çox böyük marağı var. Atam dünyasını dəyişəndən bir neçə il sonra anam həmin kaman alətini Bəhruzə hədiyyə etdi” deyə sənətkarın qızı bildirib.

Vəfa xanım atasının yumor hissindən də danışıb.

“Gənc yaşlarımızda atamın o dərəcədə zarafatcıl olduğunu hiss etməmişdik. Ailə qurduqdan sonra övladlarımız oldu, sonra ailədə olan zarafatları daha çox eşitməyə başladıq. İnsanlar arasında, el arasında daha çox eşidirdik bunu. Amma yaşa dolduqca tamam dəyişdi, artıq bizlə çox zarafat edirdi. Mən müqavilə ilə ailəmlə birlikdə bir neçə il xaricdə yaşadım, artıq son illərdə atamla danışanda hiss edirdim ki, kövrəlir, bizi də yanında görmək istəyir. Belə qərara gəldim ki, mən qayıdacağam, gedib sənətimi, işimi öz ölkəmdə davam etdirəcəyəm. Mən vətənə qayıdanda atam artıq yaşa dolmuşdu. İndi də deyirəm ki, nə yaxşı ki, gəldim, heç olmasa bir il, il yarım mən onunla birlikdə oldum. Son günlərinə qədər o yatağa düşmədi, çox az müddət, 20-15 gün xəstəxanada qaldı. Daha sonra dedi ki, məni evə aparın. Çox razı getdi həyatdan, onu sevindirirdi ki, dövləti ona belə diqqət göstərir. Ölüm ayağında idi, deyirdi ki, adımdan dövlət başçıma mənə göstərdiyi qayğıya görə təşəkkürlərimi çatdırın. Elə bir an, elə bir dəqiqə yoxdur ki, biz onu unudaq. Ailəsi, uşaqlar bir yerə toplaşırıq, mütləq ilk söhbətimiz atamızdan olur. Onu unutduğum bir dəqiqəni düşünmürəm. Atamızın yeri çox görünür. Birdən adam düşünür möcüzə olsun bir də görək ki, içəri girir. Dərdimiz, sözümüz, söhbətimiz onunla idi. İnanırsız, vaxt olurdu ki, problemli işlə bağlı gəlirdik atamgilə, oturub söhbət edib rahatlayırdıq, ordan çıxanda quş kimi uçurduq. Atama çox ehtiyacım var, kaş yaşasaydı. Onun üçün çox darıxırıq” deyə Habil Əliyevin qızı Vəfa Əliyeva bildirib.

/Moderator.az

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …