Ana səhifə / Cəmiyyət / Aslan İsmayılov haradan deputat seçiləcək?

Aslan İsmayılov haradan deputat seçiləcək?

“Səsvermədə geridəyəm, mənə səs ver”. “Dostlarına da de, mənə səs versinlər”. Parlament seçkilərinin təbliğat-təşviqat dövrünə start verildiyi gündən bəri əksər insanlara bu tip mesajlar gəlməkdədir. Ya namizədlərin özləri, ya da yaxınları insanları müxtəlif internet saytlarında keçirilən sorğulara yönləndirərək, aktivlik nümayiş etdirməyə çalışırlar. Sanki deputatlar dairələr üzrə deyil, ümumdünya üzrə seçiləcəklər. Belə ki, o sorğu linkinə sahib Mozambik vətəndaşı da, hollandiyalı, şotlandiyalı da istədiyi adamın önünə “quş” qoya bilər.

Yəni, deputatlığa namizəd seçilmək istədiyi dairədə insanlarla münasibət qurmağı kənara qoyub, dairəsinə aidiyyatsız, seçkinin nəticələrinə heç bir faydası olmayan işlərlə məşğuldur. Fəqət bu sorğu ilə bağlı ciddi yönləndirmə də hiss olunmaqdadır.

Xüsusilə, hər seçkidə məğlub olmağa alışmış namizədlər var gücləri ilə bu sorğuları reklam edirlər. Əllərindəki böyük Facebook səhifələri ilə insanları bu sorğulara yönləndirənlərin bir məqsədi var: Seçkinin nəticələrinə kölgə salmaq.

Belə ki, əhali arasında ciddi dayağı olmayan, namizədliyini irəli sürdüyü dairədə bundan öncəki seçkilərdə açıq fərqlə məğlub olan ənənəvi namizədlər Virtual Səsvermədə öndə olmağa çalışırlar.

 

Aslan İsmayılov haradan deputat seçiləcək?

aslanMəsələn, hamımızın yaxından tanıdığı, ancaq eyni dairədən dörd dəfə məğlub olmuş və hüquqşünas olduğu halda seçkinin nəticələrini dəyişdirəcək qanun pozuntusu tapa bilməyən Aslan İsmayılov neçə gündən bəri Virtual Səsvermə ilə bağlı elə ajiotaş yaradıb ki, sanki namizədliyini 20 saylı Nərimanov İkinci Dairəsindən deyil, Facebook Seçki Komissiyasının 20 Saylı Namizəd.com Seçki Dairəsinin 31 saylı Xeberler.az Seçki Məntəqəsindən irəli sürüb.

Buradakı incə ayrıntı isə diqqətdən qaçmaqdadır. Nə üçün uduzacaq namizədlər heç bir hüquqi dayanağı olmayan Virtual Səsvermədə üstünlük qazanmaq istəyirlər? Çünki bunun arxasında dayanan Qərb İnstitutlarıdır. Azərbaycanda 2003-cü ildən etibarən müxtəlif əməliyyatlar tətbiq edən və daha çox seçdikləri adamların fərsizliyi ucbatından istədiklərini əldə edə bilməyənlər geri çəkilmirlər. Bu kimi virtual səsvermələr də 5-ci Çağırış Milli Məclisini keçirəcək Azərbaycanı ittiham etmək üçün yeni bəhanə olacaqdır. Çünki səsvermə gününə yaxın bəzi dairələrdə müxalif namizədlərin səslərini artıraraq, onların “qutudan çıxması” üçün iqtidara təzyiq ediləcək. Bu təzyiq cavabsız qaldıqda isə publikaya həmin nəticələrlə virtual səsvermənin qarşılıqlı müqayisəsi ötürüləcək. Bundan da dövlətə qarşı təzyiq mexanizmi kimi istifadə ediləcək.

 

“Bu İP ünvandan artıq səs verilib”

xeberlerMaraqlıdır ki, Azərbaycanda ən çox populyar olan və hətta iqtidaryönlü deputatların belə tərəfdarlarını yönləndirdiyi səsvermə saytlarının əksəriyyəti ya xaricdə qeydiyyatdan keçib, ya da qurucularının xarici donor təşkilatları ilə əlaqələri var. Saytlardan biri Osman Gündüzə aiddir. “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidentinə məxsus saytda səsvermə IP ilə verilir. Maraqlıdır ki, heç istifadə olunmayan IP ilə səsvermək istədikdə, “Bu İP ünvandan artıq səs verilib” sözləri ilə qarşılaşırıq. Yalnız dörd-beş dəfə yenilənmədən sonra səs vermək mümkün olur, ya da olmur.

Vəkil Aslan İsmayılovla yaxın dost olan Osman müəllimin bu problemi qısa müddətdə aradan qaldıracağına ümid edirik.

 

Xaricdə qeydiyyatdan keçən namized.com-un MSK adından imitasiyası

namized2Səsvermədə əksər namizədlərin Facebook profili ilə ilə səsverdikləri namized.com saytına gəldikdə, isə Osman Gündüzün saytına rəhmət oxudur.

namized33Valeh Behruzi adından şəxsin adına qeydiyyatdan keçən namized.com saytı Facebook istifadəçilərindən səsvermək üçün mailini tələb edir. Yəni, Facebook sosial şəbəkəsində sizin təhlükəsizliyinizin təminatı olan mailiniz artıq onların sistemində qeyd alınır. Elektron təhlükəsizliyinə dair bütün xəbərdarlıqlarda bildirilir ki, sosial mediada istifadə etdiyiniz mailləri gizli saxlayın. Çünki xakerlər tərəfindən bir profilin qırılmasında ən önəmli addım mailin bilinməsidir. Mail bilindikdən sonra çox asanlıqla, o profil oğurlana bilər. Biz namized.com-un belə bir işlə məşğul olub-olmadığını bilmirik, ancaq ehtiyat həmişə igidin yaraşığı olub.

Üstəlik, sayt dövlət atributlarından qanunsuz olaraq, istifadə edir. Bu da sorğuda iştirak edənlərdə çaşqınlıq yaratmaqdadır. Hətta bir çoxu bu saytın Mərkəzi Seçki Komissiyasına bağlı səsvermə portalı olduğunu düşünür.

 

Ekspert MSK-nı bəyanat verməyə dəvət etdi

 

namizedKonstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında qeyd etdi ki, hər hansı bir saytın razılıq olmadan başqa bir qurumun loqolarından istifadə etməsi müəllif hüquqlarının pozulması halıdır: “Dövlət atributlarının istifadə qaydaları vardır. Ayrı-ayrı qurumların loqolarından istifadəyə gəldikdə, bu müəllif hüquqları ilə bağlı olan məsələdir. Məsələnin başqa bir tərəfi onunla bağlıdır ki, MSK adından görüntü yaradılması həmin qurumun imicinə ziddir. MSK bu məsələ ilə bağlı vaxtında bəyanat verməlidir ki, sonradan belə hal müxtəlif söz-söhbətlərin yaranmasına gətirib çıxarmasın. Bəzi hallarda bu tip məsələlər provokasiya xarakteri də daşıyır və bu sonradan MSK-nın nüfuzuna əhəmiyyətli dərəcədə ziyan vura bilər. Ya da gələcəkdə həmin saytda keçirilən səsvermənin nəticələrindən istifadə edərək, bir çox şəxslər appelyasiya verə bilərlər. Onlar həmin nəticələrə istinad edərək seçkidə başqa nəticələr olarsa, saxtakarlığın baş verdiyini söyləyə bilərlər.  Halbuki, virtual səsvermədə seçki dairəsində yaşayıb-yaşamamasından asılı olmayaraq istənilən şəxsin həmin namizədə səs verməsi mümkündür. Bu da müəyyən qarşılıqlı problemlərə yol açar. Həmçinin bu məsələ təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Ona görə düşünürəm ki, belə məqama vaxtında reaksiya verilməlidir. Bundan kimlərsə şəxsi maraqlar naminə də yararlana bilərlər. Belə hallar seçkiyə müdaxilə görüntüsü yaratmamalıdır. Digər tərəfdən sorğuların keçirilməsilə bağlı olaraq MSK-ya qanunvericiliyə uyğun olaraq əvvəlcədən məlumat verilməlidir.  Yaxud da onun nəticələri MSK-ya təqdim olunmalıdır. Bunlar açıqlanırsa, onlar mütləq olaraq MSK-ya təqdim edilməlidir ki, sonradan sui-istifadə hallarına gətirib çıxarmasın. Loqolardan istifadə qaydaları var.

Hər bir halda müvafiq qurumlar ona münasibət bildirməlidir. Bəlkə saytı yaradan insanlar bunu başa düşməyib? Hansı provayder vasitəsilə həyata keçirildiyi barədə onun rəhbərliyinə də məlumat vermək olar. İfadə azadlığına əlbətə ki, əməl edilməlidir. Amma hər şeydən əvvəl istənilən digər hüquqları, o cümlədən müəllif hüquqlarını pozmağa, insanda seçki ilə bağlı yanlış təsəvvür formalaşdırmağa xidmət edirsə, bununla bağlı önləyici tədbirlər görülməlidir”.

MSK-dan sərt təkzib: “Yolverilməzdir”

2015-10-06-00-29-47mikMərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Yenicag.az-a açıqlamasında saytın virtual səsvermə keçirərkən dövlət atributlarından “yararlanmasını” qanuna zidd olduğunu bildirdi: “Hər hansı bir saytın virtual səsvermə keçirərkən, dövlət atributlarından istifadə etməsi qanuna zidd haldır. Bu emblemlərdən, seçki komissiyasının atributlarından öz saytlarında istifadə etməməlidirlər. Bu artıq onların fəaliyyətinin qanuna zidd olduğunu ifadə edən əlamətlərdir.  Bunu etməməli idilər. Saytınız vasitəsilə ictimaiyyətə bəyan edirik ki, sözügüdən saytın dövlət atributlarından istifadə etməklə virtual səsvermə keçirməsi qanuna zidd olduğunu ictimaiyyətə bəyan edirik. Yaxşı olar ki, bu saytlar öz saytlarının atributlarından istifadə etsinlər. İnsanları çaşdırmağa yox, onları düz yola çəkməyə cəhd etməlidirlər. Bu cür yolla ictimai rəyi çaşdırmaq, xalqı aldatmaqla əldə etdikləri sorğunun nəticələrini də şübhə altına alacaqlar. Ona görə də sözügedən saytın belə davranması doğru yanaşma sayıla bilməz. Çox güman ki, MSK yığışıb bu məsələni müzakirə edib, müvafiq münasibət də bildirəcək”.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın