Azinforum.az Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.

Bu imkandan istifadə etməklə artıq vətəndaşlar hesab.az və e-pul.az ödəniş portalları vasitəsilə cərimə ödənişlərini həyata keçirə bilərlər. Yaxın zamanda portmanat.az ödəmə portalı, Milli Ön və e-Manat ödəniş terminalları vasitəsilə də cərimələrin ödənişi mümkün olacaqdır.

 Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnoavsiyalar üzrə Dövlət Agentliyi “ASAN Ödəniş” sisteminin infrastruktur imkanlarının genişləndirilməsi və digər dövlət ödənişlərinin çeşidinin artırılması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcəkdir.

Qeyd edək ki, hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti və 5 publik hüquqi şəxs olmaqla 114 dövlət qurumunun inzibati cərimələrinin elektron qaydada ödənilməsi “ASAN ödəniş” sisteminin asanpay.az ödəmə portalı və terminalları vasitəsi ilə təmin edilir.