Ana səhifə / Cəmiyyət / Arif Məmmədovun aylar öncəki “facebook gedişi” təsadüf deyilmiş…

Arif Məmmədovun aylar öncəki “facebook gedişi” təsadüf deyilmiş…

Korrupsiyanın açılacağı məqamı qabaqlamaq taktikasının əlamətləri göründü…

Mehman Muradlı: “Sanki özü ətrafında bir təhlükəsizlik pərdəsi yaratmaq istəyib”

“Cəhd bundan ibarətdir – məsələni siyasiləşdirməklə edilən iqtisadi cinayətləri ikinci plana çəkmək”
Hazırda xaricdə yaşayan Azərbaycan vətəndaşı Arif Məmmədov barəsində cinayət işi qaldırılıb. Bu

barədə Baş Prokurorluq məlumat yayıb.
Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq, yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapıb və toplanmış materiallar üzrə sözügedən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. İlkin araşdırmalarla Arif Məmmədovun Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsində işləyərkən qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə büdcə vəsaitlərini təyinatdan kənar istifadə etmə, dövlət əmlakını külli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talama, rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı cinayətlərini törətməsi və digər qanun pozuntularına yol verməsi halları aşkar edilib. Belə ki, A.Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27.5%-lik güzəştdən, qulluq səlahiyyətlərindən sui-istifadə edərək, 11 fevral 2011-ci il tarixdə daimi nümayəndəliyin bank hesabına 43.0 min avro pul köçürüb və sonradan həmin vəsaiti BMW Strasburq şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5” markalı avtomobili, rəsmi sənədlərdə saxtakarlıq edərək, daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozan A.Məmmədovbununla 8.0 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra isə həmin avtomobili kənar şəxsə satıb.
A.Məmmədov tərəfindən Fransanın vergi qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar hüquqi yardımın göstərilməsi üçün həmin dövlətin səlahiyyətli orqanlarına sorğu göndərilib. A.Məmmədov, həmçinin, nümayəndəliyin xəzinədarı vəzifəsini qanunazidd olaraq öz üzərinə götürməklə sosial-mədəni və digər tədbirlərin keçirilməsi üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsi zamanı ciddi maliyyə pozuntularına yol verib. Belə ki, 2010-cu ildə Strasburqda təşkil edilən “Novruz” şənliyi “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11.600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib. Tədbirin “Türksoy” təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi barədə həmin təşkilatın rəhbəri tərəfindən istintaqa müvafiq təsdiqedici sənədlər təqdim olunub. İstintaqla həmçinin müəyyən edilib ki, A.Məmmədov qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dövlət nümayəndə heyətlərinin rəsmi səfərlərinin təşkilini maliyyələşdirmək üçün saxta sənədlər tərtib etməklə mövcud olmayan xərclər üzrə pul vəsaitlərini mənimsəyib…
Aparılmış istintaqla A.Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan o, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Yayılan rəsmi relizdə Arif Məmmədovun mənimsəmələrindən geniş bəhs olunur. Biz bu qədərini təqdim etməklə kifayətləndik. Ancaq məsələnin digər maraqlı tərəfi var. Arif Məmmədov birdən-birə niyə radikallaşdı? Bunun cavabını çox adam axtarıb. Ancaq bu məlumat yayılandan sonra Arif Məmmədovun qeyri-müəyyən davranışlarının mahiyyətinə tam aydınlıq gətirildi. Belə korrupsiya əməllərinə bulaşmış bir şəxs, təbiidir ki, əməllərinə görə cavab verəcəyini bilirmiş. Məhz bu səbəbdən də adı ətrafında siyasi şou düzəltməklə etdiyi qanunsuzluqları pərdələməyə çalışıb.
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında Arif Məmmədovun əməllərinə dair öz mülahizəsini açıqladı. Hüquqşünasın fikrincə, bu məsələdə etdiyi cinayətlərdən yayınmaq üçün özünə alibi düzəltmək təzahürləri nəzərə çarpır: “Biz bir hüquqşünas kimi gündəlik iş praktikamızda belə hallarla rastlaşırıq. Əsəsən də, edilən cinayətdən yayınmaq məqsədilə belə cəhdlər olunur. Hüquqi terminlə buna alibi deyirlər. Arif Məmmədovun son davranışlarında bu faktor nəzərə çarpır. Mən Respublika Prokurorluğunun yaydığı məlumatla tanış oldum. Dəhşətli yeyinti faktları konkret rəqəmlərlə ortaya qoyulub. Məlum olub ki, Arif Məmmədov dövlətin ayırdığı külli miqdarda vəsaiti tamamilə başqa istiqamətlərə xərcləyib.
Əsasən də, öz ehtiyaclarını ödəmək üçün. Hər halda, Arif Məmmədov nə etdiyinin fərqində olub və əməlində cinayət tərkibinin olduğunu bilməmiş deyildi. Aparılan istintaqın təqdim etdiyi sənədlərdən də görünür ki, Arif Məmmədov açıq-açığına talana gedib. Amma o, mənimsəməyə görə cavab verəcəyinin fərqində olub. Bunun üçün də, tutduğu posta aid olmayan açıqlamalarla çıxış edib. Sanki özü ətrafında bir təhlükəsizlik pərdəsi yaratmaq istəyib. Cəhd bundan ibarətdir – məsələni siyasiləşdirməklə edilən iqtisadi cinayətləri ikinci plana çəkmək”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın