Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Antikorrupsiya həbsləri genişlənir – Ziya Məmmədov necə “xilas olub”

Antikorrupsiya həbsləri genişlənir – Ziya Məmmədov necə “xilas olub”

İqtidarın “fil”ini qurban verməsinin daha bir sirri; Prezidentdən məmurlara yeni xəbərdarlıq: “Heç kim toxunulmaz deyil”; xəbərlər var ki, iqtidar həbslərin miqyasını tam açıqlamır, bir sıra məhkəmələrdə “növbətçi məhkəmə” sistemi tətbiq edilib, hər gün şəhərin müxtəlif məhkəmələrinə “konvoy”la həbs olunmuş adamlar gətirilir və buradan da birbaşa Bakı İstintaq Təcridxanasına aparılır; nəqliyyat nazirinin niyə İsveçrəyə getməsi barədə sensasion iddialar…

 
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 12-də keçirilmiş son müşavirədə məmurlara ünvanlanmış sərt mesajları hakimiyyətdə ciddi siyasi proseslərin startı kimi dəyərləndirilirdi. Toplantıda dövlət başçısının “əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! 
 
Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq” bəyanatından 5 gün sonra heç kimin gözləmədiyi halda Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan çıxarıldı, böyük bir rüşvət çetesinə çevrilmiş MTN strukturunda “təmizləmələr” və həbslər başladı. 
Hakimiyyətin silkələnməyə ən güclü fiqurlardan birindən və həm də seçki ərəfəsi başlaması dövlət başçısının “kim nəticə çıxarmasa, cəzalandırılacaq” qərarının arxasında olduğunu sübut etdi.
 
Qeyd edək ki, oktyabrın 14-də baş prokuror Zakir Qaralovun sədrliyi ilə müşavirənin Baş Prokurorluğun binasında deyil, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilməsi  diqqət çəkmişdi. Prezidentin müşavirəsindən dərhal sonra Baş Prokurorluğun hərəkətə keçməsi ölkədə yeni antikorrupsiya tədbirlərinin başlandığının anonsu sayıla bilərdi. Hələ bir neçə gün əvvəl “Yeni Müsavat” öz mənbələrinə istinadən Antikorrupsiya İdarəsində “işçi qrup” adı altında əslində məhz antikorrupsiya əməliyyatları üçün görəvləndirilən xüsusi qrup yaradılmasını xəbər vermişdi.
(http://musavat.com/news/gundem/yeni-antikorrupsiya-hebsleri-bashlayir-boyuk-bashlar-derdde_298885.html). Prokurorluğa yaxın mənbəmiz demişdi ki, bu qrupa geniş səlahiyyətlər verilib və həbslərlə bağlı qərarlar birbaşa prezidentin adından icra ediləcək. Bu o demək idi ki, işçi qrupu üçün heç bir maneə və toxunulmaz nazirlik, məmur olmayacaq. Bu həm də o anlama gəlirdi ki, 2011-ci ildən başlamış və nisbətən aşağı məmur korpusuna toxunan antikorrupsiya həbsləri bu dəfə daha yüksək dairəni və miqyası əhatə edəcək. Göründüyü kimi, müşavirədən keçən müddətdə təkcə MTN-də deyil, bir neçə idarə və müəssisədə, nazirliklərdə, o cümlədən vaxtilə “toxunlmaz” olan Vergilər Nazirliyində idarə rəisləri həbsə alınıb. Azərbaycanda son on illikdə bu qədər geniş miqyaslı, həm də iri məmurların, generalların  “içəri salınması” ilə nəticələnən əməliyyat keçirilməyib. Xəbərlər var ki, iqtidar həbslərin miqyasını tam açıqlamır. Bir mənbəmiz  deyib ki, bir sıra məhkəmələrdə “növbətçi məhkəmə” sistemi tətbiq edilib. Hər gün şəhərin müxtəlif rayon məhkəmələrinə  “konvoy”la həbs olunmuş adamlar gətirilir və buradan da birbaşa Bakı İstintaq Təcridxanasına aparılır.
***
Əldə etdiyimiz məlumata görə, hazırda Hesablama Palatası bir neçə nazirlikdə maliyyə yeyintiləri ilə bağlı xüsusi araşdırma aparır. Bu sırada Nəqliyyat, Vergilər, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, AZAL QSC də var ki, artıq həmin strukturlarda həbslər başlaması xəbəri gəlməkdədir. Əvvəlki illərdə Hesablama Palatasının audit yoxlamalarında “tanışıq-dostuq”, “filankəsin qohumuyuq” kimi söhbətlər indi geçərli deyil. Əgər əvvəllər maliyyə yoxlamaları “aşağıları” əhatə edirdisə, indi istənilən nazirdən belə maliyyə hesabatı soruşulur. Hesablama Palatasının yoxlamalarından sonra Antikorrupsiya İdarəsindəki xüsusi qrup işə qoşulur və həbslər başlayır. Yəni elə bir yoxlama mexanizmi işə salınıb ki, hansısa bir nazirin ona qarşı durması faktiki sonu ola bilər.
Xəbərlər var ki, bir sıra nazirlərə, ümumiyyətlə, yoxlamalar barədə heç bir məlumat verilmir. Yalnız nazirlikdə hansısa yüksək vəzifəli şəxsin həbsi sanksiyası imzalandıqda nazirə bu barədə xəbər verilir. Yəni həbslər prosesində həm də maksimum məxfilik qorunur.
Eldar Mahmudovun “vurulması” ilə medianın gündəmindən çıxan nəqliyyat naziri Ziya Məmmədovla bağlı siyasi qərar da məhz bu yoxlamaların sonuna bağlıdır. Maliyyə yeyintiləri ilə bağlı ən hay-küylü həbslərin Nəqliyyat Nazirliyi strukturlarından olacağı barədə informasiyalar hələ Z.Məmmədov “müalicədə” olanda vardı.
Bildirilirdi ki, yoxlamalara nazirliyin bütün idarələri cəlb olunub, Nəqliyyat Nazirliyinin bütün maliyyə hesabatları götürülüb. Prezidentin qərb bölgəsinə səfəri zamanı bir sıra yeni yolların açılışında nəqliyyat nazirinin yenə görünməməsi onunla bağlı hər hansı “əfv qərarı” olmadığını da göstərdi…   
Yeri gəlmişkən, Z.Məmmədovun məzuniyyət adı ilə İsveçrəyə getməsi bəzi sensasion iddialara səbəb olub. Məlumdur ki, nəqliyyat nazirinin və oğlunun Beynəlxalq Banka külli miqdarda borcu var. O cümlədən Nəqliyyat Nazirliyinin  maliyyə vəziyyətində ciddi problemlər yaranıb, hökumət yollarda “yoxa çıxmış” milyonların hesabını  soruşur. Azərbaycan məmurlarının əksəriyyətinin pulları isə İsveçrə banklarındadır. İddialar var ki, nazir xaricdə yatırdığı vəsaitləri çıxarıb ölkəyə qaytarmaq üçün İsveçrəyə gedibmiş. Maraqlıdır ki, məhz “məzuniyyətdən” sonra nazir iş başına qayıtdı və oğlu Anar Məmmədov da son aylar ilk dəfə mediada göründü.
***
Yeni antikorrupsiya tədbirlərinin hakimiyyətin etibarından düşmüş AZAL rəhbəri Cahangir Əsgərovu  da bitirəcəyi deyilir. Onun rəhbərlik etdiyi konserndə korrupsiya ilə bağlı şok faktlar yayılır. AZAL-da genişmiqyaslı yoxlamalara gedir və bu, C.Əsgərovun son illərdəki bütün istiqamətlər üzrə fəaliyyətini əhatə edir.
***
Noyabrın 4-də qərb bölgəsinə səfəri zamanı dövlət başçısı bu mövqeyini  bir daha  bəyan edib. İ.Əliyev MTN-də sahibkarlara qarşı baş verən qanunsuzluqları xatırladıb: “Bu, dəhşətli faktlardır. Dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı nə qədər böyük ədalətsizliklər edilib. Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda, sadəcə olaraq, sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.
Prezident deyib ki, korrupsiyaya qarşı mübarizə aparılması əhəmiyyətlidir. Bu sahədə beynəlxalq təcrübənin tətbiqi vacibdir: “Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil. Bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək. Heç kim toxunulmaz deyil”.
eldar
***
Eldar Mahmudovun vurulması ilə başlanmış yeni antikorrupsiya həbslərindən də aydın görünür ki, prezident  oliqarx-məmurların cəzalandırılmasında qərarlıdır. Çünki oliqarx-məmurlar Eldar Mahmudov kimi o həddə şişiblər ki, özlərini “əvəzedilməz” sayır, xəbərdarlıqlara baxmayaraq böhran dövründə belə daha çox qazanmaq  hərisliyindən əl çəkmirlər. Prezident hakimiyyətdə az qala özünü “fil” hesab edən Eldar Mahmudovu cəzalandırmaqla  digərlərinə son xəbərdarlığını etmiş oldu. Təsadüfi deyil ki, E.Mahmudovdan sonra media “növbədə kimdir” sualı ətrafında gəlişmə edərkən “komandadan hamı ola bilər” mövqeyində həmrəydir. 
“Yeni Müsavat”

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın