AYB-nin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu AYB rəhbərliyinin
qayda pozuntuları barədə 365.az-a şikayət edib. Şikayəti olduğu kimi
təqdim edirik:
Azərbaycan Yazıçılar Birliyi yarandığı gündən üzü bəri adıçəkilən
qurumun on iki qurultayı keçirilib. Bunlardan səkkizi sovet dövrünə,
biri müstəqillik ərəfəsinə, son üçü isə müstəqillik dövrünə təsadüf
edib. Bu öz yerində… Ancaq hal-hazırda əlimdə olan faktlara və
ictimaiyyətə təqdim edilən AYB nizamnaməsinə əsasən deyə bilərəm ki,
müstəqillik dönəmində Yazıçılar Birliyinin rəhbərliyi keçirilən
qurultaylarda dəfələrlə nizamnamə qaydalarını açıq-aşkar pozub. Belə ki,
Azərbaycan Yazıçılar Birliyinin Nizamnaməsinin “Rəhbər orqanlar və
onların səlahiyyətləri” bölməsində yazılır: “Azərbaycan yazıçılarının
qurultayı açıq səsvermə ilə və səs çoxluğu ilə Azərbaycan Yazıçılar
Birliyinin sədrini, sədrin təqdimatı ilə birinci katib və katiblərini
(beş il olmaqla iki müddətdən artıq seçilə bilməz)… seçir”. (Elə məhz
bu səbəbdəndir ki, qurultay keçirilmədiyinə görə 2014-cü ilin sentyabr
ayından AYB-nin Yaradıcılıq məsələləri üzrə katiblik vəzifəsini İlqar
Fəhmi icra edir. Qeyd edim ki, İlqar Fəhmi illərdir ki, katib yox, katib
əvəzidir.) Ancaq Çingiz Abdullayev 1991-ci ildən (4 çağırış), Fikrət
Qoca 1998-ci ildən (3 çağırış), Rəşad Məcid isə 2004-cü ildən (2
çağırış) AYB-nin katibidir. Göründüyü kimi Çingiz Abdullayevin, Fikrət
Qocanın 2 çağırışı “adlaması” açıq-aydın qayda pozuntusu, Rəşad Məcidin
isə (hələ 55 yaşında Gənclərlə iş üzrə katiblik postunu tutmasının
gənclər siyasətinə zidd olmasını demirəm) heç nizamanmə qaydalarına
əsasən növbəti qurulayda katib seçilməsi yolverilməzdir. Amma burada
digər bir pozuntu da müxtəlif zamanlarda katiblərin qurultayda seçki
yolu ilə seçilməsi yox, birbaşa Anar tərəfindən təyin edilməsidir. Hətta
bu faktı bir neçə ay öncə mənlə (“Yeni Müsavat”ın efirində) debatda AYB
sədrinin hazırkı müşaviri Elçin Hüseynbəyli də vurğuladı.
P.S:
Əldə olunan faktlar hətta AYB-nin elektron arxivində də var. Bunlar AYB
nizamnaməsinə görə bu günkü reallıqlarıdır. Lakin bu yazıdan sonra ola
bilər ki, AYB rəhbərliyinin hər hansısa bir təmsilçisi belə demək
mümkünsə, qayda pozuntularını müsbət şərh etmək üçün müxtəlif illərdə
nizamnamədə dəyişikliklərin edildiyini qeyd etsin (təbii ki, o
dəyişikliklər yoxdur!). Əgər nizamnamədə hər hansı bir dəyişiklik
olunubsa, bu ictimaiyyətin və üzvlərin nəzərinə çatdırılmalıdır.
Həmçinin oxuyun
Abel Məhərrəmov məhkəməyə verildi
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …