Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Anar Bağırov vəkillərə xəbərdarlıq etdi

Anar Bağırov vəkillərə xəbərdarlıq etdi

Azərbaycan Vəkillər Kollegiyasının sədri (AR VK) Anar Bağırov vəkillərə müraciət edib.

O, müraciətində müstəqil vəkillik institutunun hər bir hüquqi dövlətin, həmçinin vətəndaş cəmiyyətinin əsas institutlarından biri olduğunu bildirib:
“Demokratik cəmiyyətin əsaslarından olan insan hüquq və azadlıqlarının peşəkar müdafiəsini isə vəkillik təsisatı olmadan təsəvvür etmək olmaz. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il tarixli Sərəncamın preambulasında da insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusilə vurğulanıb. Qeyd olunanlar ölkəmizin vəkil korpusu tərəfindən qürur hissi ilə qarşılanmaqla onların üzərinə böyük məsuliyyət qoyması nəticəsində fəaliyyətləri dövründə öz vəzifələrini qanunun aliliyini rəhbər tutmaqla yorulmadan, peşəkarlıqla, vicdan və məsuliyyətlə həyata keçirirlər”.
A.Bağırov deyib ki, son illərdə gündəlik həyatın tərkib hissəsinə çevrilmiş sosial şəbəkələrdə, həmçinin kütləvi informasiya vasitələrində də aktivliyi ilə seçilən vəkillər informasiya mübadiləsində geniş kütləyə əlçatımlığı və çevikliyini nəzərə alaraq bu platformalarda fəaliyyətlərini işıqlandırır, pulsuz hüquqi məsləhətlər verir, geniş kütləni maarifləndirirlər:

“Bununla belə, bəzi hallarda vəkillər tərəfindən sosial şəbəkələrdə məhkəmə hakimiyyətinin və digər qurumların işgüzar nüfuzunu, vəzifəli və digər şəxslərin şərəf və ləyaqətini ləkələyə biləcək məlumatlar paylaşılması müşahidə edilir. Bundan başqa, vəkillər tərəfindən göstərdikləri hüquqi yardım üzrə icraatlarında olan işlərə dair sosial şəbəkələrdə məlumatlar paylaşılır ki, bu da bir çox hallarda vəkil sirrinin və həmçinin vəkillik fəaliyyətinin əsas prinsiplərindən olan konfidensiallıq prinsipinin pozulması ilə nəticələnə bilər. Eyni zamanda icraatlarında olan işlər üzrə çıxarılmış yekun məhkəmə qərarını “möhtəşəm qələbə”, “uğurlu nəticə” və digər bu kimi ifadələrdən istifadə edərək təqdim etməklə reklam xarakteri daşıyan məlumatlar paylaşılır”.
“Bununla əlaqədar Vəkillər Kollegiyası Rəyasət Heyəti aşağıdakıları qeyd etməyi zəruri hesab edir: “Azərbaycanda həyata keçirilən hüquq islahatlarının tərkib hissəsi olaraq vəkillik fəaliyyəti daha da inkişaf etmiş və onun nüfuzu artmışdır. Bu vəkillərin sayı ilə bərabər göstərilən hüquqi yardımın keyfiyyətində də büruzə verir. Lakin yuxarıda qeyd edilən məlumatların paylaşılması vəkil etikasının tələblərinə zidd olmaqla vəkilliyin nüfuzuna mənfi təsir göstərir.
Unutmaq olmaz ki, “Vəkillərin davranış qaydaları” haqqında Əsasnamənin tələblərinə əsasən vəkil vəkil sirrini təşkil edən məlumatları ictimailəşdirməməli, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bundan başqa, vəkilin öz fəaliyyətini təbliğ etməsi reklam xarakteri daşımamalı, özünün hüquqi yardım göstərməsi ilə bağlı ibtidai araşdırmaya, məhkəmə proseslərinə və digər işlərə istinadlar edə, vəkilə müraciət etmiş şəxslərə hər hansı prosessual hərəkətlərin uğurla nəticələnəcəyi barədə fikir yaradacaq bəyanatlar verməməlidir.
Eyni zamanda beynəlxalq təcrübə də vəkillər tərəfindən eyni davranış qaydalarına riayət edilməsinin tələb edir. Buna görə də qanunun aliliyi və konfidensiallıq prinsiplərini rəhbər tutaraq vəkillərdən məhkəmə hakimiyyətinin və digər qurumların işgüzar nüfuzunu, onların vəzifəli şəxslərinin və digər fiziki şəxslərin şərəf və ləyaqətini ləkələyə biləcək məlumatların və həmçinin reklam xarakterli məlumatların paylaşılmasından çəkinməyi və vəkil etikasının tələblərinə tam riayət etmələri xahiş olunur. Əks təqdirdə bu cür məlumatların paylaşılması həmin vəkillərin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsas yarada bilər”, – deyə Anar Bağırov müraciətində qeyd edib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …