Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Anam qohumlarını təbrik edir, uşaq kimi sevinir” – Nəzakət Teymurova

“Anam qohumlarını təbrik edir, uşaq kimi sevinir” – Nəzakət Teymurova

“87 yaşlı anam zəng edib qohumlarımızı kəndlərin geri alınması münasibəti ilə təbrik edir. Onun bu cür xoşbəxtliyini görmək mənim üçün ən ali hissdir”.

Bunu Azvision.az -a Xalq artisti Nəzakət Teymurova ordumuzun uğurlu döyüşlərindən danışarkən deyib.

Xanəndə bildirib ki, sevinc gözyaşları ilə cəbhə xəbərlərini izləyir və əsgərlərimiz üçün dualar edir: “Torpaq varlığı heç nə ilə əvəz edilmir. İllər keçir, dərdlər unudulur, amma bu həsrət keçmir. Torpaq adamı özünə çəkir. Müqəddəsliyini, dəyərliliyini bir daha sübut edir, bildirir ki, bu torpaqdan yaranmısansa, bu torpağın övladısansa, onun çağırışına haray verməlisən. Mənim 87 yaşında anam var. Əlinə telefon alıb neçə gündür ki, bütün qohumlarını təbrik edir, uşaq kimi sevinir. Ona kənardan baxanda, üzündəki xoşbəxtliyi görəndə göz yaşlarımı saxlaya bilmirəm. Yuxularımda, xəyallarımda qəsəbəmizi görürəm. Bəlkə də bu 30 ildə qazandığım uğurlar yadımda qalmayıb, ancaq Ağdamda 16 yaşıma qədər yaşadığım gözəlliklər mənim yadımdan çıxmayıb. Prezidentimizə, ordumuza təşəkkür edirəm ki, 30 illik həsrətimizə son qoyur.

Ermənilərin qaçması səhnəsinə baxanda kəndimizdən çıxdığımız günü xatırladım. Ağdam işğal olunanda üzümüzə söz vururdular ki, siz qaçıb gəlmisiniz. O qaçmaq deyildi. Torpaq əmanəti idi. Can dərdi çıxmaq idi. Bu günlərdə sevincli xəbərlər istəyirəm. Sevinc göz yaşı axıtmaq istəyirəm. Sevimli kəndim Əlmədətlidə hüzur tapmağa can atıram. Neçə illərdir ki, torpağımızdakı o hüzuru axtarıram. Bəlkə də ayağım o torpağa dəysə, əlim bulağımızın suyuna toxunsa, mən rahatlıq, dinclik tapacam. Uçmuş, dağılmış torpağımı görmək arzusundayam”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …