Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / AMIP-in yeni sədri Əli Orucov ola bilər

AMIP-in yeni sədri Əli Orucov ola bilər

AMİP-in qurultayının vaxtı mart ayının sonlarında bəlli olacaq. Bu barədə AMİP sədrinin səlahiyyətlərini icra edən baş katib Arzuxan Əlizadə məlumat verib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin mövcud olduğunu, rayon təşkilatlarında qurultay öncəsi konfransların keçirildiyini və nümayəndələrin seçildiyini deyən A.Əlizadə bildirdi ki, qurultay günü ilə bağlı müzakirələr hələ də davam edir. Çox güman ki, qərar mart ayında veriləcək. Onun sözlərinə görə, bəzi təşkilati və logistik məsələlərin həlli qalıb və onlar həll ediləcək.

Partiya sədrliyinə namizədlərin olub-olmadığına gəlincə, A.Əlizadə qeyd etdi ki, namizəd irəli sürülməsi mərhələsi hələ başlanmayıb: “AMİP-də yazılmamış qanun var, qurultayın günü barədə qərar veriləndən sonra namizədliklərin irəli sürülməsi ilə bağlı mesajlar verilir. Mərkəzi Şuranın qurultayın keçirilməsi ilə bağlı qərarı olana qədər heç kəs öz namizədliyini irəli sürmür və mətbuat vasitəsilə də bunu demir. Biz bunu ona görə razılaşmışıq ki, namizədliyini vermək istəyən şəxslər bərabər imkanlara malik olsun, kampaniyaya eyni gündə başlasınlar. Namizəd sıravi üzv də, partiya rəhbərliyində təmsil olunan şəxs də ola bilər. Ola bilsin sıravi üzvün mətbuata çıxış üçün bir o qədər imkanı olmasın, bununla da qurultay günü bəlli olandan sonra hər kəs seçkilərə bərabər hüquqlarla qatılır və təbliğat aparır. Hazırda heç kim namizəd olmaq iddiasını ortaya qoymayıb”.

Baş katib partiyanın lideri Etibar Məmmədovun kimin sədr olması məsələsinə müdaxilə etmədiyini söylədi: “Etibar Məmmədovla konkret olaraq partiya sədrliyinə namizədlərlə bağlı söhbət aparılmayıb. Yalnız ümumi məsələlərlə əlaqədar məsləhətləşmələrimiz olur. Qurultay günü haqda qərar veriləndən sonra Etibar bəyin özünün də məsələ ilə bağlı özəl təklifi, yaxud hansısa namizədə isti münasibəti ola bilər. Bu da onun hüququdur. Etibar Məmmədov sədrlikdən gedəndən sonra partiyamızda bir neçə dəfə sədr seçkisi olub, heç vaxt Etibar bəy hansısa bir namizədi dəstəkləməyib və ya kiminsə üzərində dayanmaqla bağlı fikir ifadə etməyib, heç kimə təzyiq etməyib ki, filankəsə səs verməlisən. Yalnız tövsiyəsi bundan ibarət olub ki, bütün namizədlərə bərabər şərait yaratmaq lazımdır. AMİP lideri hesab edir ki, daha şanslı və partiya daxilində qəbul olunan şəxsin namizəd kimi irəli sürülməsi üçün bütün imkanlar yaradılmalı, kənar müdaxilə olmamalıdır. Biz ölkədə demokratiya qurulmasını istəyiriksə, birinci növbədə özümüz demokratik qaydalara əməl etməliyik və edirik”.

Qeyd edək ki, 2004-cü ildə Etibar Məmmədovun AMİP sədrliyindən istefa verməsindən sonra AMİP-də 3 dəfə sədr seçkisi olub. E.Məmmədovdan sonra Əli Əliyev, Əli Əliyevdən sonra Ayaz Rüstəmov, Ayaz Rüstəmovdan sonra isə Yusif Bağırzadə AMİP-ə sədr seçilib. 2015-ci ilin oktyabrında Yusif Bağırzadənin qəfil istefasından sonra sədr səlahiyyətlərini müvəqqəti olaraq Arzuxan Əlizadə icra edir.

AMİP-in növbəti sədrinin kim olacağı barədə də mediada vaxtaşırı ehtimallar irəli sürülür. Daha çox baş katib Arzuxan Əlizadənin və Mərkəzi Şuranın üzvü Əli Orucovun adı sədrliyə şanslı fiqurlar kimi çəkilir. Bu yaxınlarda “Bakı-Xəbər” qəzeti geniş analitik yazısında Əli Orucovun sədrliyə daha şanslı olduğunu qabartmışdı.

Azinforum.az

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın