Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ali Məhkəmənin yeni sədri kim olacaq?

Ali Məhkəmənin yeni sədri kim olacaq?

Ali Məhkəməyə yeni sədr təyinatı yubandıqca bu post uğurunda mübarizənin şiddətləndiyi barədə məlumatlar çoxalır.

Bu posta təyinatla bağlı az qala hər gün yeni bir şayiə yayılır.
Sədrliyə namizədlər arasında isə əsasən, üç şəxsin adı hallanır:

Ali Məhkəmə sədrinin müavini, hazırda sədr səlahiyyətlərini icra edən Çingiz Əsgərov, Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli və Kənd Təsərrüfatı naziri İnam Kərimov.
Çingiz Əsgərov təcrübə baxımından ən şanslı namizəd hesab olunur.

O, uzun müddət Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Daha sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qeyri-hökumət təşkilatları ilə iş şöbəsində mütəxəssis, Avropa Şurası yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyində 1-ci katib, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi olub. 
Sonradan ölkəyə qayıdıb və fəaliyyətini Ali Məhkəmədə davam etdirib, sədr müavini vəzifəsinə kimi yüksəlib.
Fevralın 11-də Prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Milli Məclisin birinci vitse-spikeri Əli Hüseynli də şanslı namizəd hesab olunur. O, özünü peşəkar hüquqşünas kimi təsdiqləyib və hazırda Azərbaycanda qanunların işlənib hazırlanması və qəbulunda əsas fiqurlardan biridir. Məhkəmə təcrübəsi də var. 
1991-1995-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsində, 1995–1996-cı illərdə Prezident Aparatında, 1996–2000-ci illərdə isə Milli Məclisdə müxtəlif vəzifələrdə çalışıb.
Hal-hazırda Milli Məclis Sədrinin birinci müavini, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədridir.

Məhkəmə Hüquq Şurasının üzvü olub.Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Amma namizədlər arasında Kənd Təsərrüfatı naziri İnam Kərimovun adı daha çox hallanır. Bu gün Şamaxıda açılışda iştirak etməsinə baxmayaraq, onun artıq Ali Məhkəməyə təyin olunmasıyla bağlı xəbərlər yayılıb.

Əlbəttə, İnam Kərimov Ali Məhkəməyə tamamilə yad adamdır. O, heç vaxt məhkəmə sistemində çalışmayıb. Ancaq nə qədər ziddiyyətli olsa da, onun təyinatına inam daha çoxdur. Çünki İnam Kərimov həmişə özünə aid olmayan sahələrdə çalışıb. Onun yenilikçi, qurucu imici var. Məhkəmə sistemində köklü islahatların zərurətə çevrildiyini nəzərə alsaq, bu sahəyə həm İnamlı adam, həm də nisbətən uzaq, dost-tanışı az olan şəxsə üstünlük veriləcəyini düşünmək olar.

İnam Kərimov 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olunub.1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.2000–2002-ci illərdə isə Sarbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb.

2013-cü ildə Sarbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.

2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.

2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.2012-ci ildə Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN) sədri vəzifəsinə təyin edilib.
2018-ci ildə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Azərbaycanda Ali Məhkəmənin sədri Prezidentin sərəncamı ilə 5 il müddətinə təyin olunur. Ali Məhkəmənin hakimləri üçün son yaş həddi isə 68-dir. 70 yaşı tamam olanRamiz Rzayevin Ali Məhkəmənin sədri kimi səlahiyyət müddəti bu ilin martın 6-da başa çatıb.
Qeyd edək ki, o, 18 il bu vəzifədə çalışıb.

Baku Post

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …