Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Cəmiyyət / “Akkord” şirkətinin keçmiş rəhbəri barədə şok ittihamlar

“Akkord” şirkətinin keçmiş rəhbəri barədə şok ittihamlar

Fevralın 24-də Milli Məclisin növbəti iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində Xocalı soyqırımından bəhs etdi. Bildirdi ki, Birinci Qarabağ müharibəsinin gedişində erməni şovinistləri xalqımıza qarşı bir sıra soyqırımı cinayətləri törədiblər: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı aktı isə XX əsrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olub. 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmiş, 487 nəfər şikəst edilib, 1275 sakin girov götürülərək amansız işgəncələrə məruz qalıb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil”.

S.Qafarova Xocalı şəhərində, digər yaşayış məntəqələrində erməni şovinizminin vəhşiliyinin qurbanı olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi və deputatlar sayğı duruşunda şəhidlərimizi yad etdilər.

Deputat Elnur Allahverdiyev bildirdi ki, Xocalı faciəsi Avropanın yaxın keçmişinin qanlı səhifəsidir: “Elə bir qanlı səhifəsidir ki, nə bu qitədə, nə də bütövlükdə dünyada özünün ədalətli qiymətini almayıb. Ancaq yüzlərlə əliyalın vətəndaşın, qoca, uşaq, qadınların vəhşicəsinə qətlinə göz yuman Avropada bəzilərinin ürəyindən keçir ki, Azərbaycan bu soyqırımını törətmiş və hələ də cəzasını almayan separatçıların yuvası üçün muxtariyyət, geniş hüquqlar versin”. Deputat qeyd etdi ki, bu, onların reallaşmayacaq arzusu olaraq qalacaq: “Bu istəyə ordumuz döyüş meydanında, cənab Prezident isə diplomatiya masasında cavab verib”.

Deputat Elman Məmmədov Xətai rayonundakı Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Ana harayı” abidəsinin ziyarətinin rəsmi protokola daxil edilməsini təklif etdi. Dedi ki, Azərbaycana səfər edən xarici ölkələrin təmsilçiləri və beynəlxalq təşkilatların rəsmilərinin həmin abidəni ziyarət etməsi təşkil olunmalıdır: “Ölkəmizə gələnlər Şəhidlər Xiyabanını ziyarət edirlər. Amma Xocalı soyqırımı abidəsinin ziyarəti də protokola salınmalıdır”.

Deputat Fazil Mustafa isə vətəndaşların qeydiyyatı ilə bağlı yaranan problemin ciddi olduğunu söylədi. Bildirdi ki, vaxtilə pensiyalarla bağlı təlatüm yaranan kimi, bu gün də vətəndaşların qeydiyyatı ilə bağlı ajiotaj yaranıb. “Polisdə qeydiyyatda olanları qeydiyyatdan çıxarırlar və onlar havada qalırlar. Onlara deyirlər ki, qohum-əqrəbanın evində daimi qeydiyyatda qala bilərsiniz. Bu, gələcəkdə mülki iddia hüququ yarada bilər”-deyə deputat bildirdi. Qeyd etdi ki, vətəndaş qohumunun evində qeydiyyata düşürsə, gələcəkdə onun mülki iddia hüququ yaranır. F.Mustafa dedi ki, əgər Bakıda vətəndaş işləyirsə, övladı paytaxtda oxuyursa, kənddə də evi dağılıbda, onlar bu şəkildə havada qalmamalıdır. Deputat dedi ki, bu insanların qeydiyyatı məsələsi əmlaka hüquqi iddiasının yaranmaması şərtilə həllini tapa bilər.

F.Mustafa dedi ki, şəxsən o, millət vəkili olaraq məsələnin təfərrüatlarından məlumatlı deyil: “Necə ola bilər ki, vətəndaşı çölə atasan, deyəsən, get, öz həyatını qur, qeydiyyatını rəsmiləşdir?”

Deputat Vahid Əhmədov Münxen Konfransı çərçivəsində keçirilən müzakirələrdən, dövlət başçımızın Qarabağla bağlı bəyan etdiyi prinsipial mövqeyindən bəhs etdi. Eyni zamanda qeyd etdi ki, Ermənistan rəhbərliyi hər dəfə danışıqlarda bir mövqe nümayiş etdirir, danışıqlardan sonra fərqli mövqe sərgiləyir. V.Əhmədov dedi ki, 75 gündür bizim ekofəallar Laçın yolunda aksiya keçirirlər. Deputat iki gün bundan əvvəl atəşkəs rejiminin  15 dəfə pozulduğunu, problemin kifayət qədər ciddiləşdiyini vurğuladı. Bildirdi ki, bir neçə gün əvvəl Haaqa Məhkəməsində qəbul olunan qərar da “ikili standart”ların növbəti təzahürüdür. Ona görə də V.Əhmədov Azərbaycanın atmalı olduğu addımların olduğunu qeyd etdi: “Birincisi, Laçın dəhlizində hüquqi mexanizmlərin bərqərar olması üçün Rusiya tərəfi ilə danışıqlar aparmalıyıq. Orda bizim gömrüyümüz və sərhəd xidmətimiz olmalıdır ki, Qarabağ ərazisinə silah-sursat daşınmasın. Göründüyü kimi, Paşinyanın ən çox diqqət yetirdiyi məsələ məhz dəhlizdir. İkinci Rusiya sülhməramlılarının təsir zonasında erməni silahlı birləşmələri hələ də qalmaqdadır. Biz bu iki məsələni tamamilə həll etməliyik. Çünki vəziyyətin getdikcə kritik hala gəlməsi göz qabağındadır”.   

Deputat Naqif Həmzəyev qardaş Türkiyədəki dəhşətli zəlzələnin fəlakətli nəticələrindən bəhs etdi. Bildirdi ki, bu nəticələr Azərbaycanda da ehtiyat tədbirlərini görməyi zəruri edir. N.Həmzəyev ölkəmizin seysmik zonada yerləşməsindən bəhs edərkən seçildiyi dairədən də danışdı: “Gəncə seysmik ərazidə yerləşir. Ona görə də Gəncədə binalar və xəstəxanalar mütləq müvafiq seysmoloji tələbələr əsasında tikilməlidir. Kahramanmaraş şəhərinin yerləşdiyi piltə kəsişməsi ərazisində yerləşən regionda 1138-ci ildə baş vermiş böyük Hələb zəlzələsindən cəmi 1 il sonra 1139-cu ildə Gəncədə güclü zəlzələ olmuşdu və Göygöl yaranmışdı. Bu tarixi hadisə mütləq tikintilər zamanı nəzərə alınmalıdır”.

Deputat dedi ki, Gəncədə də hündürmərtəbəli binalar tikilir və bu, narahatlıq doğurur: “Binalar 5 mərtəbədən yüksək olmamalıdır. Binalardakı mənzillər tam təmirli vəziyyətdə sakinlərə təhvil verməlidir. Əhalinin həyatı təhlükəyə atılmalı deyil”.

İclasda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin olunması məsələsinə baxıldı. Layihəni Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli təqdim etdi. Daha sonra Bakı Apelyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışan Səadət Bəktaşinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə hakim təyin olunması təsdiqləndi.

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi və müzakirə olundu. Məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov təqdim etdi.

Deputat Razi Nurullayev bildirdi ki, ölkə boyu 2007-ci ilə qədər verilən bələdiyyə torpaq sənədlərinin tanınması və onlar üzrə işlər aparılması ciddi problemə çevrilib. O qeyd etdi ki, vətəndaşlar evlərini, sahibkarlar bizneslərini qanuniləşdirə bilmirlər.

Müzakirələrdən sonra illik məruzə qəbul edildi.

Milli Məclisin iclasında “Sosial Sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə edildi. Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə məlumat verərkən vətəndaşları narahat edən bir məsələdən bəhs etdi. Komitə sədri “Forma-88″ göndərişinin ödənişli olması məsələsindən danışarkən bildirdi ki, göndəriş ödənişsizdir. M.Quliyev bununla bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyərək bildirdi ki, fasilə zamanı TƏBİB-in rəhbərliyi ilə də əlaqə saxlayıb: ”Onlar da “Forma-88″ arayışına görə ödənişin olmadığını bildirdilər. Belə bir qanunvericilik tələbi yoxdur. Onu da qeyd edim ki, ”Forma-88″ göndərişini ödənişli edənlər qanunu pozurlar və cəzalarını almalıdırlar” .

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, əlilliyə görə pensiyaların verilməsi ilə bağlı ciddi narahatlıq var və bu barədə dəfələrlə qeyd olunub: “Bu məsələni zamanında da qaldırmışam, indi bir daha qaldırmaq istəyirəm. Səhiyyə Nazirliyi, insanların birbaşa sağlamlığı ilə məşğul olan TƏBİB var və sair. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təyinatı tamam başqadır. Yəni şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməlidir, həmin forma 88 daxil olmalıdır və onun əsasında da pensiya təyin edilməlidir. Amma biz görürük ki, orada əlavə bir komissiya yaradıblar, sanki ki dövlət orqanları bir-birinə inanmır. Bu da əlavə gərginlik yaradır və insanları dövlət hakimiyyəti orqanlarından narazı salır. Ona görə də həmin komissiyanı ləğv etməyin vaxtı çoxdan çatıb. Əgər Səhiyyə Nazirliyində o formalar düzgün verilməyəcəksə, araşdırmaq və həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır. Amma dediyim kimi, nəzarətedici orqanların sayını artırmaqla düşünmürəm ki biz, problemləri kökündən həll edə bilərik”.

İclasda “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq təsdiq edildi. Vurğulandı ki, dəyişikliyə əsasən, ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumu müəyyənləşdirilib. Bu hərəkət üçün dövlət rüsumunun məbləği 50 manat olacaq. Qanuna digər dəyişiklik beynəlxalq avtomobil daşımalarına dair bir sıra rüsumların ləğvi ilə bağlıdır.

İclasda “Elektroenergetika haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirələrdən sonra qəbul edildi. Bildirildi ki, layihə energetika sahəsində rəqabətli mühit yaradacaq. Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər. Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycanın ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatış bazarı qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi də birinci oxunuşda müzakirəyə çıxarıldı. Qanun layihəsini deputat Kamal Cəfərov təqdim etdi. Deputat Fəzail Ağamalı qanuna dəyişiklikləri mütərəqqi xarakterli olduğunu söylədi.

F.Ağamalı qeyd etdi ki, layihədə ata və ya anadan biri Azərbaycan vətəndaşı olduğu halda, dünyaya yeni gələn uşağa Azərbaycan vətəndaşlığının verilməməsi narahatlıq doğurur.

Deputat bu məsələnin qanunvericilik subyekti ilə məsləhətləşmələr aparılmasını və bununla bağlı narahatlığın nəzərə alınmasını xahiş etdi.

Daha sonra F.Ağamalı qanun layihəsindən konkret misal gətirərək “Bu, Azərbaycan cümləsi deyil və dilin qaydalarına zidd olan cümlədir”,- deyə irad bildirdi.

“Milliyyətcə azərbaycanlı olan xarici ölkələrin vətəndaşları Azərbaycana gələndə digər əcnəbilər kimi 1 aydan artıq müddətdə ölkədə qaldıqda vizalarının müddətini uzatmalıdırlar”.

Bunu Milli Məclisin parlamentin Əmək və əhalinin sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirdi.

Milli Meclis: MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

İclasda çıxış edən komitə sədri Siyavuş Novruzov prokurorluq orqanlarını Azərbaycan əleyhinə xaricdə iş aparanlara qarşı materiallar hazırlayıb “İnterpol”a və digər müvafiq qurumlara təqdim etməyə çağırdı. O bildirdi ki, 18-ci əsrdə Avropadan Amerikaya at oğrusu, dana oğrusu, başkəsənlər gedib: “Amerika indi də ənənəsinə sadiqdir. Ayrı-ayrı ölkələrdə oğurluq edənlər, rüşvət alan, korrupsiya ilə məşğul olanlar ABŞ-a qaçıb, orada sığınacaq, status alırlar. Halbuki alimlərimiz, mütəxəssislərimiz sutkalarla ABŞ səfirliyinin qarşısında dayanır ki, viza alsınlar. Onlara da çox vaxt viza vermirlər”.

S.Novruzov ardınca bildirdi ki, Azərbaycanda oğurluqla məşğul olan, xalqın sərvətini talayan “Akkord” şirkətinin keçmiş rəhbəri hazırda ABŞ-dadır və ölkəmizə qarşı fəaliyyət  göstərir, xalqı etirazlara çağırır: “Cinayət Məcəlləsinin korrupsiya, vəzifə səlahiyyətlərinin aşılması, rüşvətxorluqla bağlı 15 maddəsini gözüyumlu ona tətbiq etmək olar. Amma ABŞ-da oturub Azərbaycan xalqına internet vasitəsi ilə dərs verir, ağıl verir, insanları itaətsizliyə çağırır. Deyir ki, Azərbaycanda tikilən binaların heç biri 8 ballıq zəlzələyə dözə bilməz. Özü də bina tikən, baş oğrulardan biri olub. Çəkdiyi bir yol idi, dağıldı. Quba yolunda milyonlarla vəsait oğurlanıb. Cinayət işi açaraq, həmin şəxsi ABŞ-dan bura gətirmək nə qədər böyük problemdir? ABŞ-da ölüm hökmü ilə yanaşı, ən ağır cinayət dövlət vəsaitini mənimsəmə, vergidən yayınmadır. Bu adam dövlət vəsaitini mənimsəyib, Azərbaycan Prezidentinə, rəhbər şəxslərə böhtan atmaqla məşğuldur. Bu cür adamların ABŞ-dan gətirilməsi bəyəm problemdir? Bunların maddəsi üstündədir, yığınlarla pul oğurlayıb. Hansı əsaslarla Azərbaycanda zəhmətkeşlərinin adından danışır? Ona görə də prokurorluq orqanlarından xahiş edirik ki, bu məsələlərə də diqqət yetirsin və məsələ hüquqi yolla tənzimlənsin”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …