Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / AKADEMİK QAYDAPOZMA – Yoxsa, qanunların akademik tətbiq sahəsi var da, bizmi bilməmişik?..

AKADEMİK QAYDAPOZMA – Yoxsa, qanunların akademik tətbiq sahəsi var da, bizmi bilməmişik?..

Ölkəmizdə əhalinin sağlamlığının qorunması, təhlükəsizliyinin təmini məqsədi ilə bir çox məhdudiyyəti özündə ehtiva edən xüsusi karantin rejimi tətbiq olunub.

Bunu uşaqdan böyüyə, sadə vətəndaşdan ixtiyara hər kəs bilir; səhər-axşam, axşam-səhər KİV-lər, əlaqədar qurum və quruluşlar əhaliyə məlumat verir, çağırış edir… Bəli, bu məcburi tətbiqat qüvvədədir və daha nə vaxt sonlandırılacağı qlobal pandemiyanın, məhz qlobal miqyasda necə cərəyan etməsindən, ölkəmizə təsirlərindən və əlbəttə, dövlətimizin mart ayından bəri atdığı düşünülmüş qabaqlayıcı addımlarının qalıcı nəticələrindən asılı olacaq. Burada, iş yalnız qlobal plan və dövlətin atdığı addımlarla bitmir, əlbəttə – vətəndaşların davranışı, şəxsi örnəklər, sosial məsuliyyət, qayda-qanunlara ellikcə əməl etmək fövqəladə önəm daşıyır. Qayda-qanunlar daşa-divara tətbiq edilmir ki – qayda-qanunlara insan(lar!) əməl etməlidir – etməlidir ki, özünü, ailəsini, çevrəsini, toplumu, xalqı və nəticə etibarı ilə insanlığı qorusun!

Bəlli olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq, avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib.

Göründüyü kimi, söhbət, hələlik məhz yumşaldıcı tədbirlərdən gedir, karantinin tamamilə aradan qaldırlmasından getmir. Zatən yumşalmadan bəri yoluxmada yenidən artım olduğunu da təəsüflə izləməkdəyik və bir daha, bir daha, bizi duyan, eşidən-bilən hər kəsə, hər kəsə, sözümüzün yetdiyi, ünümüzün çatdığı qədər çağırış edir və deyirik: maska, məsafə, mədəni gigiyena! – Vətəndaşlar, bu sadədən sadə qaydalara əməl edəlim, lütfən!

Hər kəsin bildiyi kimi, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy törənlərinin keçirilməsinə qadağalar hələlik qüvvədədir.

Bizlər də, gücümüzün çatdığı qədər təbliğ edirik ki, hər kəs qayda-qanuna əməl etsin, hüquqi dövlət quruculuğu, hüquqi dövlətdə vətəndaş olmaq ilk növbədə şəxsi örnəklərlə təcəlla tapır, özümüzün davranışımızla təzahür edir, şəkillənir. Hüquqi dövlətdə yaşamaq – o dövlətin ərazi­sində qayda-qanunları gözləmək, qanunun aliliyini təmin etməkdən keçir. – Heç kim qanundan üstün deyil, heç kim!

Kimsə, kimlərsə, özünü qanundan üstün sayırsa, bu, qanuna, qanunçuluğa münasibətdə saymamazlıqdır; bu, hüquqi-de­mokratik dövlət quruculuğu, müstəqillik uğrunda canlarını fəda etmiş şəxsiyyətlərimizin ruhuna sayğısızlıqdır.

Bu günədək daxili işlər orqanları, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında xüsusi karantin rejimi tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. törənləri keçirən onlarla adamı məsuliyyətə cəlb edib. Və belə olan halda, tam da bugünlərdə bəzi vəzifəli və titullu şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatların yayılması, o məlumatların öz təsdiqini tapması, toplumumuzun haqlı iradına, hiddətinə səbəb olmaqdadır, həmin yüksək vəzifə və titul daşıyanlar qınağa məruz qalmaqdadır.

Beləliklə, haqlı suallar yaranır – özü örnək göstərməyə borclu olan – daşımış olduğu, hazırda daşı­dığı vəzifə və titul etibarı ilə mənəvi məsuliyyətdən qıraqda saxlanması mümkün olmayan şəxsin ailəsində, qapalı məkanda toy olması, karantinə görə təxirə salınmış yüzlərlə toy yiyələrində, gənc cütlüklərdə ikili hisslər doğurmazmı?

Yoxsa, qanunların akademik tətbiq sahəsi var da, bizmi bilməmişik?.. Bəlkə, qayda-qanun hamı üçün deyil də, müəyyən istisnalar var?!. Hələ-hələ, toyda iştirak edən bir sıra yüksək titullu, vəzifəli şəxslər, hüquq təhsili almışlar… karantin qaydalarını sərtləşdirməkdən dəfələrlə danışıbsa, indi bu haçalanmanı, “dualizm”i necə yorumlayacaqlar, əcaba? Üstəlik, ulusumuzun ta qədimlərdən başlanğıc alan, günümüzdə yaşayan bir gələnəyi də var: xalq yasda olanda, dövlətin itkiləri olanda, onun irəlidəgedənləri ulusun dərdinə ortaqlıq edər, o sırada şənlikdən qaçınar. Hətta, ən sadə şəkli ilə – hələ sovet vaxtı, Novruz Bayramı ərəfəsində kənddə vəfat edən vardısa, tonqal qalmazdıq, şənlik keçirməzdik – bu, özünəməhdudiyyət bəzən mərhum həmkəndlimizin “il”inədək çəkə bilirdi… – İndi bir özünüz baxın, Müstəqil Azərbaycan tarixində ilk dəfə bir generalımız döyüşdə şəhid olub, onun (və cavan silahdaşlarının) şəhid olmasından heç qırx gün keçməyib, ailələri, döyüş yoldaşları göz yaşı içindədir, xalq hər yerdə, hər gün şəhidlərə salam-sayğısını nümayiş etdirir və bu ortamda, mili-mənəvi dəyərlərdən, şəxsi örnəkdən danışanlar, yazanlar… toy çaldırır, şənlik edir… Doğrusu, məhz bu toydan sonra, kiçik bir media araşdırması apardıqda, belə bəlli oldu ki nə o, akademiklər, nə də, orada iştirak edən digər yüksək vəzifəli, titullu şəxslərin Tovuz şəhidlərinin hər hansınınsa dəfnində, yasında iştirakı faktı olmayıb…

Koronavirusla mübarizə ümummilli məsələdir, kimsə öz şəxsi çıxarları naminə, tutduğu mövqeyə, vəzifəsinə, tituluna, kemiş xidmətinə arxalanıb, insanların həyatını təhlükəyə ata və onların sağ­lamlığına zərər gətirə bilməz. – Elə də dərin idraki proses tələb etməyən bu sadə gerçəkliyi hər kəs, həmçinin bəzi akademiklər də bilməliydi, başa düşməliydi. Açığı, şəxsən mən yüksək vəzifə və titul daşıyan qaydapozanların baş verənlərə görə daşıdığı hüquqi məsuliyyətdən daha artıq dərəcədə, məhz mənəvi məsuliyyətlərini düşünür və necə izahat verəcəklərini maraq edirəm. Əslində, izahatın bir məzmunu ola bilər: üzrxahlıq və səhvi etiraf etmək! – Belə birxətli, sadə izahat müvafiq dövlət orqanlarını qane edəcək ya yox..? – bu da, onların yetkisidir və dövlət babanın alacağı qərarlar, qərarların ən doğrusu olar deyə ümid edir, inam bəsləyirəm.

Hər bir şəxs mövcud gerçəkliyi, qanunun aliliyini, dövlətin zirvəsinin ali iradəsini bilməli, idrak etməlidir. Ölkəmizdə qanun aliliyinin qarantı Azərbaycan Prezidentidir; hər kəsin qanun qar­şısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan, titulundan, yaşından və s. istifadə edərək qanunları pozmamalı, qanunun tələblərinə sayğısız yanaşmamalıdır. Şübhə yox ki, bugün də, sabah da, belə şəxslər müəyyən olununca, mütləq şəkildə məsuliyyətə cəlb edilməli, onların barəsində cəza tədbirləri görülməlidir.

Və nəhayət. bu sətirlər yazılarkən, son günlərin çox müzakirə olunan akademik qaydapozuntulu toyunun əsas təşkilatçılarının – qudaların məhkəməyə gətirildiyi, 15 sutkalıq həbs olunduğu bəlli oldu… Belə…

Əkbər Qoşalı

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …