Muzeylər maddi-mənəvi dəyərləri toplayan, qoruyan, komplektləşdirən, nümayiş və təbliğ edən elm və mədəniyyət ocaqlarıdır. Azərbaycanda muzey işinin zəngin tarixi və özünəməxsus inkişaf yolu vardır. Böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin təşəbbüsü ilə 1896-cı ildə Azərbaycanda ilk dəfə olaraq Nehrəm kənd məktəbində Naxçıvan tarixinə dair maddi-mədəniyyət nümunələrinin toplandığı muzey yaradılıb. XX əsrin əvvəllərində isə Bakıda Xalq Məktəbləri Müdiriyyəti nəzdində Pedaqoji Muzey fəaliyyətə başlayıb, həmin dövrdə Ümumrusiya Texniki Cəmiyyətinin Bakı Şöbəsi nəzdində qapalı muzey yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərində “İstiqlal” Muzeyi fəaliyyət göstərib.
Bu gün Bakı şəhərində və ölkəmizin bölgələrində yüzlərlə muzey fəaliyyət göstərir. Ancaq heç şübhəsiz ki, bu muzeylərin sırasında AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin özünəməxsus yeri vardır. Bu muzey 1920-ci il iyunun 15-də “Doğma diyarın tədris muzeyi” adı ilə Azərbaycan SSR Xalq Maarif Komissarlığının məkdəbdənkənar işlər şöbəsində təzəcə təşkil olunmuş “Muzekskurs” yarımşöbəsinin nəzdində yaradılıb. Əsas bazasını Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ildönümü münasibətilə 1919-cu il dekabrın 7-də açılmış “İstiqlal” Muzeyinin materialları təşkil edirdi. 1920-ci ilin iyulundan həmin muzeyin şərəfinə “Doğma diyarın tədris muzeyi – İstiqlal”, 1920-ci ilin oktyabrından 1936-cı ilin martınadək Azərbaycan SSR Dövlət Muzeyi adlandırılıb. Tarix Muzeyi 1920-ci ilin iyulundan məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1895-1901-ci illərdə tikdirdiyi sarayda yerləşdirilib və ilk tamaşaçılarını 1921-ci ilin mayında qəbul edib.
Bəs Azərbaycanın tarixinin öyrənilməsi və təbliğində mühüm rol oynayan bu muzeyə ziyarətçi axını varmı?
Mövzu ilə bağlı Cahanpress-ə açıqlama verən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı əvvəlcə muzeyin tarixi və fəaliyyəti barədə məlumat verib. Akademik deyib ki, yarandığı ilk illərdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, mineralogiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyəti və komissiyanı özündə birləşdirib. Sonrakı illərdə dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi aparılıb. 1941-ci ildən bu vaxtadək müstəqil qurum olan Tarix Muzeyi SSRİ EA Azərbaycan Filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda muzey şöbəsinə çevrilib. Azərbaycan Tarixi Muzeyi 1945-ci ildə yaradılmış Azərbaycan SSRİ EA-nın tərkibində eyni adla fəaliyyətə başlayıb.
Nailə Vəlixanlı bildirib ki, 1953-cü ildə Tağıyev mülkünün yenidən muzeyə qaytarılması və dövlətin muzey quruculuğu sahəsində gördüyü tədbirlər Tarix Muzeyində xalqın ta qədimdən bu günədək tarixini əks etdirən elmi ekspozisiyanın qurulması üçün şərait yaradıb.
Akademikin sözlərinə görə, Milli Azərbaycan Tarixi Muzeyinin fəaliyyəti haqqında danışarkən tez-tez “birinci” və “ilk dəfə” sözlərindən istifadə etmək lazım gəlir. Belə ki, 1925-ci ildən başlayaraq 60-cı illərədək, arxeoloji işlərin aparılması Elmlər Akademiyasının Tarix İnstitutuna həvalə edilənədək, respublikanın arxeoloji mərkəzi olan Tarix Muzeyi arxeoloqlar Davud Şərifov, Yevgeni Paxomov, İshaq Cəfərzadə, Mövsüm Salamov, Saleh Qazıyev, Məmmədəli Hüseynov və başqalarının rəhbərliyi ilə Xocalıda, Naxçıvanda, Qəbələdə, Gəncədə, Xaraba Gilanda, Örənqalada, Mingəçevirdə apardıqları qazıntılarla Azərbaycan ərazisinin qədim maddi-mədəniyyət abidələrinin elmi baxımdan öyrənilməsinin əsasını qoyub. Məhz bu ekspedisiyalar, eləcə də muzeyin təşkil etdiyi etnoqrafik ekspedisiyalar zamanı əldə olunan və bu gün muzeyin fondlarında qorunan material ekspozisiyanı, o cümlədən muzey kolleksiyasını zənginləşdirib, neçə-neçə kitab və dissertasiya üçün mənbə rolunu oynayıb. Müxtəlif ekspedisiyaların nəticələri, gərgin axtarışlardan sonra əldə edilən qiymətli arxeoloji, etnoqrafik, numizmatik, sənədli və əşyayi materiallar ekspozisiyada nümayiş etdirilir və xalqımızın özünəməxsus çoxəsrlik mədəniyyətinə və tarixinə şəhadətlik edir. Bu gün muzeyin müxtəlif fondlarında vətən tariximizi yaşadan 300 minədək maddi mədəniyyət nümunəsi qorunur. Muzeyin kitabxanasında 80 mindən artıq əsasən, XIX-XX əsrin əvvəllərində çap olunmuş nadir jurnal, kitab və qəzetlər toplanıb. Muzeyin Bakının ən gözəl memarlıq abidələrindən olan binası 1895-1896-cı illərdə, o vaxtlar şəhərin baş memarı vəzifəsini daşıyan polşalı İosif Qoslavskinin layihəsinə əsasən tikilib. Məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkü olan bu sarayda 1920-ci ildən bəri fasilələrlə muzey fəaliyyət göstərir. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi və nəzarəti ilə muzeyin binası əvvəlki görkəmini saxlamaqla müasir muzey tələbləri səviyyəsində bərpa və təmir olunub. Muzeyin yeni avadanlıqla təchiz olunması, prezidentin və hökumətin ayırdığı investisiya ilə nadir muzey ekponatlarının bir hissəsinin bərpa və konservasiya edilməsi, bunun nəticəsində tariximizin bütün dövrlərinin daha dolğun təqdim olunması indi olduğu kimi bundan sonra da muzeyi ölkənin tarixi-mədəni irsinin qoruyucusu edəcəkdir. Muzeyin 10 otağında Azərbaycan xalqının görkəmli oğlu Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi açılıb. 2007-ci ildə öz qapılarını yeni ekspozisiya ilə tamaşaçıların üzünə açan muzey Azərbaycan tarixinin daha ətraflı və obyektiv təqdim olunması məqsədilə elmi tədqiqat və mədəni-maarif işlərini bir qədər də genişləndirib, fəaliyyətini elmin inkişafı üzrə Milli Strategiyaya uyğun qurub.
Son illər muzeyə marağın daha da artdığını bildirən Nailə Vəlixanlı tez-tez şagirdlərin buraya ziyarətə gətirildiyini, muzeyə xarici turistlərin daha çox maraq göstərdiyini bildirib.
“Təəssüf hissi ilə qeyd edirəm ki, məmurların çoxu Milli Azərbaycan Tarixi Muzeyinə gəlməyib. Elə məmurlar var ki, heç muzeyin qapısını belə tanımır, onun harada yerləşdiyini bilmir. Müxtəlif iş üçün muzeyə göndərilən məmurların çoxu etiraf edib ki, buraya ilk dəfədir, gəlir. Bu muzey Azərbaycanın tarixinin saxlanc yeridir. Bu muzeyi ziyarət etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Azərbaycan tarixini öyrənmək istəyən mütləq bu muzeyə gəlməlidir. Nəinki məmurların, cəmiyyətin digər təbəqələrinin – müəllimlərin, həkimlərin, hətta mədəniyyət işçilərinin belə çoxu hələ bu muzeyi görməyib. Cənab Prezidentdən xahiş edirik ki, müxtəlif təşkilatların əməkdaşlarının Milli Azərbaycan Tarixi Muzeyini ziyarət etməsi üçün dövlət orqanlarının rəhbərlərinə göstəriş versin. Yoxsa bu insanlar öz xoşu ilə öz istirahətlərindən kəsib bu dəyərli muzeyi ziyarət etməyəcəklər. Biz dövlət başçımızdan nümunə götürməliyik. Azərbaycan tarixini onun kimi sevməli, muzeylərimizə onun kimi həssas münasibət göstərməliyik. Ölkə rəhbəri iş qrafikinin gərgin və sıx olmasına baxmayaraq, həm Bakıda, həm də bölgələrdə tez-tez muzeyləri ziyarət edir. Bu, bizim üçün bir örnək və nümunədir. Təkcə Milli Azərbaycan Tarixi Muzeyini deyil, digər muzeylərimizi də ziyarət etməliyik”,- akademik Nailə Vəlixanlı belə deyib.
Xatırladaq ki, Naxçıvanda bununla bağlı yaxşı bir ənənə yaradılıb. Həftənin şənbə günü dövlət orqanlarının, ictimai təşkilatların kollektivləri hər dəfə bir muzeyi ziyarət edirlər.