Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Ağaxan Abdullayevin oğlu: “Böyüyümü, arxa-dayağımı itirmişəm”

Ağaxan Abdullayevin oğlu: “Böyüyümü, arxa-dayağımı itirmişəm”

Bu gün mərhum xanəndə, tanınmış muğam ifaçısı Ağaxan Abdullayevin doğum günüdür. Xalq artisti yaşasaydı, 70 yaşını qeyd edəcəkdi.

Sənətkarın oğlu Xoşbəxt Abdullayev atası ilə bağlı xatirələrini Azvision.az -la bölüşüb.“Atam adətən ad günlərini təmtəraqla qeyd etməyi xoşlamazdı. Amma biz evdə onun üçün ad günü məclisləri qururduq. Bu, hər halda onun ürəyincə olurdu. Atamın 65 illiyi xatirəmdə bir qədər kədərli qalıb. Həmin gün biz Türkiyədə idik. Atam həkim qəbulunda idi. Yerli telekanallardan biri Ağaxan Abdullayevin 65 illik yubileyi ilə bağlı veriliş hazırlamışdı. Atamla birlikdə Türkiyədə həmin verilişi izlədik. Təsirli ad günü idi”.

X.Abdullayev sevilən xanəndənin daim xatirələrdə yaşayacağını söyləyib: “Sənətkar kimi kimsə darıxa bilər. Amma mənim valideynim olduğu üçün elə gün yoxdur ki, onu yada salmayım. Hər gün ürəyimdə onunla danışa-danışa yaşayıram. Kim valideyn itirbsə, başa düşür ki, bu itki nə deməkdir. Böyüyümü, arxa-dayağımı itirmişəm. Atam hər zaman qəlbimdədir. O, mehriban ata olub. Bizə düzgün tərbiyə verib. Bu gün el-oba arasında hörmətimiz varsa, ona borcluyuq”.

Oğlunun sözlərinə görə, Ağaxan Abdullayevin adını onun nəvəsi daşıyır: “Qardaşım Minaxan babamın adını daşıyır. Onun oğluna atamın adını qoymuşuq. Qardaşım Abdullayev Minaxan Ağaxan oğludur. Onun oğlu Abdullayev Ağaxan Minaxan oğludur.
Allah saxlamış hər şeyə çox fikir verəndir. Təmizliyi atam kimi sevəndir”.

Qeyd edək ki, milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Ağaxan Abdullayev 1950-ci il fevral ayının 6-da Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1968–1973-cü illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin xanəndəlik şöbəsində təhsil alıb. Erkən yaşlarından musiqiyə böyük maraq göstərən Ağaxan Abdullayev bu illər ərzində muğamın incəliklərinə yiyələnməyə başlayıb. Həmin dövrdə onun belə zəngin mədəni-mənəvi irsimizi mənimsəməsində və sənətkar şəxsiyyətinin formalaşmasında məşhur ustad sənətkarlarımızın böyük rolu və mühüm təsiri olub.

Əmək fəaliyyətinə 1969-cu ildən etibarən Bakı şəhərində Əbilov klubunda başlayan Ağaxan Abdullayev 1977-ci ilədək burada ansambl rəhbəri vəzifəsində çalışıb. O, 1977-ci ildən taleyini Asəf Zeynallı adına musiqi məktəbi ilə bağlayıb və muğam müəllimi olaraq ömrünün sonuna qədər Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən bu tədris ocağında işləyib.

Xalq artisti 2016-cı il dekabrın 25-də ömrünün 67-ci ilində vəfat edib.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …