Ana səhifə / Cəmiyyət / Adam narkotiksiz yaşaya bilmir, xəstədir, həbs etmək doğru deyil – DEPUTAT

Adam narkotiksiz yaşaya bilmir, xəstədir, həbs etmək doğru deyil – DEPUTAT

“Az miqdarda narkotik istifadə etməyə görə, həbs cəzası çıxış yolu deyil”.

Bunu Bakupost.az -a millət vəkili Rüfət Quliyev Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyətinin ləğv edilməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, cüzi istehlakçı miqdarına görə insanı həbs etmək doğru deyil, məsələyə daha humanist yanaşmaq lazımdır:
“Bu qərarla bağlı birmənalı fikir yoxdur. Bəziləri deyir ki, bu qərar narkomaniyanın sayının artmasına, narkomaniya ilə mübarizənin çətinləşməsinə, neqativ bir hala gətirib çıxaracaq. Mən düşünürəm ki, bu, xəstəlilkdir. Artıq şəxsin özü istifadə edirsə, bunsuz yaşaya bilmirsə, həmin insanı cüzi istehlakçı miqdarına görə həbs etmək doğru deyil. Çünki bu, xəstəlikdir. Nəzərə almaq lazımdır ki, cüzi istehlakçı miqdarından artıq narkotikdən istifadənin 300-400 manat cəriməsi var. Eyni zamanda tam səmimi deyim ki, belə insanlarla mübarizə aparmaq üçün həbsxanalarda artıq yer də yoxdur. Bu, təkcə Azərbaycanda gedən tendensiya deyil. Bir çox ölkələrdə, Gürcüstanda, Almaniyada ABŞ-ın bir neçə ştatında bu istiqamətdə müəyyən yumşalmalar gedir. Malayziya, İndoneziya və Çində buna görə insanları edam edirlər. İndi demək olar ki, o ölkələrdə narkotiklə mübarizə sona çatıb? Əlbəttə ki, xeyr. Burada söhbət istehlakçısı olan xəstədən yox, bunun alveri, yaxud düşünülmüş formada inkişafı, o cümlədən gəncləri buna cəlb etməyin cinayətindən gedir”.

R. Quliyev bildirib ki, dövlət narkomaniya ilə mübarizəni artırıb:

“DİN narkomaniya ilə bağlı nəinki mübarizə, hətta müharibə aparır. Amma bu gün məntiqlə aparıcı ölkələrin təcrübəsinə baxsaq müəyyən qədər situasiyadan çıxmaq forması kimi bu addımı atmaq lazımdır. Amma həm də mübarizəni gücləndirmək vacibdir. Bu mübarizə formaları həbs etmək, asmaq, edam etməklə deyil. Burada daha çox gəncləri bu işdən uzaqlaşdırmaq üçün profilaktik işlər aparmaq lazımdır. Azərbaycan bu gün qloballaşan dünyada inkişaf edir. Biz dünyada gedən proseslərə bir formada hazır olmağa məcburuq. Cəmiyyətin, valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Məktəblilər, tələbələr, yeniyetmələr, gənclərlə profilaktik iş aparmaq lazımdır. O cümlədən xəstə insanların şəkli, onların aqibəti, narkomaniya ilə mübarizə ilə bağlı sosial çarxlar tez-tez işıqlandırılmalıdır. İnsanlar onu görəndə biləcək ki, axırı budur. Birmənalı olaraq bütün cəmiyyət, dövlət orqanları hamı birlikdə mübarizə aparmalıdır. Bu ümumbəşər problemdir”.

Qeyd edək ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Həmin əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Bu əməllər xüsusilə külli miqdarda törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına görə isə inzibati məsuliyyət müəyyənləşir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə görə, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq ediləcək.
Dəyişiklik layihəsi Milli Məclisdə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …