Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Cəmiyyət / Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvanla tanış olub – FOTOLAR

Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvanla tanış olub – FOTOLAR

Azinforum.az Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətin xəbər verir ki, iyunun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olmuşlar.Möminə xatın türbəsi ilə tanışlıq zamanı məlumat verilmişdir ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilmişdir. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə yaradılmasına qərar vermiş və bundan sonra məqbərə Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmişdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Sərdabə orijinal quruluşlu olub, bədii baxımdan zəngin tərtibata malikdir. Hələ on ikinci əsrdə qadına verilən dəyərin ifadəsi olan abidə Naxçıvan memarlıq məktəbinin ən dəyərli incilərindəndir.

Naxçıvan şəhərindəki Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyul tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeyin yaradılmasında məqsəd Azərbaycan xalqının dekorativ tətbiqi sənətinin ən dəyərli incilərindən olan daşdan yonulmuş mədəniyyət nümunələrimizin mühafizəsi, öyrənilməsi və təbliğindən ibarətdir. Ekspozisiyada mifoloji və dini baxışlarla bağlı qoç heykəllər, daş kitabələr, qəbirüstü abidələr və digər mədəniyyət nümunələrindən ibarət 226 ədəd eksponat mühafizə və nümayiş etdirilir.

Sonra qonaqlar qədim musiqi alətlərinin hazırlanması ilə tanış olmuş, hədiyyələr mağazasına baxmışlar.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinə baxış zamanı qeyd olunmuşdur ki, Xan Sarayı XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina 1760-cı illərdə Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən tikdirilmişdir. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış evi olmuş, bununla yanaşı, xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirmişdir. Muzey Naxçıvan xanlığının dövlətçilik tariximizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılmışdır.

Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə Naxçıvan xanlığının dövlət və döyüş bayraqları, arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlığının və Kəngərli nəslinin tarixi ilə bağlı nəşr olunmuş kitablar, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi nümayiş etdirilir. Qonaqlara Naxçıvan xanlarının şəcərəsi, bu torpağın yetirməsi olan görkəmli generalların həyat və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Həmin gün Ali Məclisin Sədri və Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Naxçıvan

Biznes Mərkəzində də olmuşlar.


Qonaqlara mərkəzin fəaliyyəti və muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəriciləri barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir. Həmçinin burada müxtəlif tədbirlər, biznes forumlar, işgüzar görüş və konfranslar keçirilir. Sərgi salonunda 97 müəssisənin 136 növdə və 916 çeşiddə məhsulu, müxtəlif sənətkarlar tərəfindən hazırlanan əl işləri və rəsm əsərləri nümayiş olunur. Yeni istehsal və emal sahələrinin sayının artması nəticəsində bu gün muxtar respublikada 365 növdə məhsul istehsal olunur, əhalinin 343 növdə məhsula olan tələbatı tamamilə yerli istehsal hesabına ödənilir. Görülən işlər ixracın həcminin artmasına da öz təsirini göstərmişdir. Artıq muxtar respublikada istehsal olunan məhsullar dünyanın bir çox ölkələri ilə yanaşı, Gürcüstana və onun Acarıstan Muxtar Respublikasına da ixrac olunur.

Acarıstanlı qonaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olmuşlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılmışdır. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımamış, eyni zamanda burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilmişdir. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılmış, qalanın əvvəlki görkəmi özünə qaytarılmışdır. Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi yaradılmışdır. Muzeydə eramızdan əvvəl V-III min­illiyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.
Sonra nümayəndə heyəti kompleksdə yerləşən Nuh Peyğəmbərin məzarüstü türbəsini də ziyarət etmiş, abidə önündə xatirə şəkli çəkdirmişlər.
Günün sonunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti ilə birlikdə Duzdağ Fizioterapiya Mərkəzinə gəlmiş, burada müalicə olunan xəstə­lərin səhhəti ilə maraqlanmış, mərkəzin fəaliyyəti ilə tanış olmuşdur.
Bildirilmişdir ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan Duzdağ Fizioterapiya Mərkəzində bronxial-astma və ağciyər bronx sisteminin digər qeyri-spesifik xəstə­liklərindən əziyyət çəkən insanlar müalicə olunur. 300 yerlik xəstəxanada temperatur sabitdir. Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması isə xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzə dünyanın bir çox ölkələrindən müraciətlər olur. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasında səhiyyə sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2012-ci ildən etibarən hər il tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil olunur.
Həmin gün Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadze və onu müşayiət edən nümayəndə heyəti Naxçıvan Dövlət Xalça Muzeyində və Naxçıvan Dövlət Musiqili Dram Teatrında da olmuşlar. Teatrla tanışlıq zamanı qonaqlar Naxçıvan Dövlət Filarmoniyasının ifasında konsert proqramına baxmışlar.

 

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın