Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / ABŞERON RAYON MƏHKƏMƏSİNİN HAKİMİNDƏN GÜLMƏLİ QƏRAR

ABŞERON RAYON MƏHKƏMƏSİNİN HAKİMİNDƏN GÜLMƏLİ QƏRAR

Hakim Şövkət Nəcəfova niyə Xırdalanda dünyasını dəyişən Füzuli rayon sakininin nəşinin vəsiyyətinə uyğun doğma Qarabağ torpağında dəfn edilməsini istəmir?

“Təzadlar”a Füzuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olan Əliyeva Nənəş Hüseynqulu qızının oğlu və nümayəndəsi Əliyev Seymur Əjdər oğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova və Ali Məhkəməsinin sədri Ramiz Rzayevə ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

«Hörmətli cənab Prezident!

Hörmətli cənablar!


Bildirirəm ki, atam Əliyev Əjdər Əli oğlu 12 avqust 2016-cı ildə bacım Qasımova Səadət Əjdər qızının evində xəstəlikdən vəfat etmişdir. Atam xəstə olarkən anama və bizə vəsiyyət edirdi ki, dünyasını dəyişəndə onu doğma Füzuli rayonunda dəfn edək. Bacım Qasımova Səadət isə anamın və digər ailə üzvlərimizin razılığını almadan atamı Abşeron rayonunun Xırdalan qəbiristanlığında dəfn etmişdir. Anam Əliyeva Nənəş Hüseynqulu qızı və digər ailə üzvlərimiz Füzuli rayonunun Qaraxanbəyli kəndində yaşadığı, eyni zamanda anam özü yaşlı və xəstə olduğu üçün mərhum atam Əliyev Əjdər Əli oğlunun məzarının Füzuli rayonunun Alxanlı kəndində yerləşən qəbiristanlığına köçürülməsinə icazə verilməsi üçün dəfələrlə bacıma söyləsə də, bacım acığa düşüb buna imkan vermirdi. Çünki anam da yaşlı qadındır o da indidən vəsiyyət edirdi ki, başına bir iş gələrsə, onu da sevimli həyat yoldaşının yanında, yəni Füzulidə-Qarabağ torpağında dəfn etsinlər. Bu baş tutmadıqda anamla birgə aidiyyəti orqanlara müraciət etdik. Azərbaycan Respublikası Baş Prokurorluğunun 10.03.2017-ci il tarixli cavab məktubunda bildirildi ki, atamızın nəşinin çıxarılaraq Füzuli rayonuna aparılıb orada dəfn edilməsi qohumlar arasında razılaşma yolu ilə həyata keçirilə bilər. Bu barədə razılaşma olmadıqda məhkəməyə müraciət etməyimiz tövsiyə olundu. Həmçinin, Sumqayıt şəhər Prokurorluğundan, Abşeron rayon Polis İdarəsindən anamın müraciətinə eyni qaydada cavab verilmişdir.

Anam Əliyeva Nənəş Hüseynqulu qızı cavabdeh Qasımova Səadət Əjdər qızına qarşı qəbrin köçürülməsinə mane olmağın qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etdi. Məhkəmədən mərhum atamız Əliyev Əjdər Əli oğlunun məzarının Füzuli rayonunun Alxanlı kəndində yerləşən qəbiristanlığına köçürülməsinə mane olmasının cavabdeh Qasımova Səadət Əjdər qızına və üçüncü şəxs Abşeron rayon Xırdalan Bələdiyyəsinə qadağan edilməsi barədə qətnamə çıxırılmasını xahiş etmişdik.

26 dekab 2018-ci il tarixdə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən açıq məhkəmə iclasında iddiaçı – anam Əliyeva Nənəş Hüseynqulu qızı və onun nümayəndəsi olaraq mən oğlu Əliyev Seymur Əjdər oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdik. Lakin məhkəmə iddiamızı təmin etmədi. Hakim atamın vəsiyyətinə qarşı çıxan bacımın tərəfini tutdu.
Biz Abşeron Rayon Məhkəməsinin 2(012)-494/2018 saylı 26 dekabr 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdik. 8 may 2019-cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Fuad Məmmədovun sədrliyi ilə və iddiaçı Əliyeva Nənəş Hüseynqulu qızı, onun nümayəndəsi olaraq mən Əliyev Seymur Əjdər oğlu və cavabdeh Qasımova Səadət Əjdər qızının iştirakı ilə keçirilən açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 2(012)-494/2018 saylı 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdik. Çünki həmin qətnamə qanunsuz və əsassız idi. Maddi və prosessual hüquq normaları pozulmaqla yanaşı, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmadan qəbul olunmuşdur. Bu isə qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gələməməsinə və faktlar nöqteyi-nəzərindən əsassız qərar qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də sözügedən qətnamə ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətqamə qəbul edilməli idi.

Qeyd etdiyim kimi, mərhum atam Əliyev Əjdər Əli oğlu 12 avqust 2016-cı il tarixdə qızı Qasımova Səadət Əjdər qızının evində xəstəlikdən vəfat etmiş və Abşeron rayonunun Xıpdalan şəhər qəbiristanlığında dəfn olunmuşdur. Onun vəsiyyəti isə həmişə bu idi ki, Füzulidə dəfn edək. Hakimlər isə atamın vəsiyyətini deyil, qızının hikkəsini dəstəkləmişdilər. Anam Əliyeva Nənəş Hüseynqulu qızı və digər ailə üzvlərimiz Füzuli rayonunun Qaraxanbəyli kəndində yaşadığı, eyni zamanda anam özü yaşlı və xəstə olduğu üçün mərhum atam mərhum Əliyev Əjdər Əli oğlunun məzarının vəsiyyətinə uyğun Füzuli rayonunun Alxanlı kəndində yerləşən qəbiristanlığına köçürülməsini istəmişdik. Yuxarda qeyd etdiyim kimi, anam yaşlı və xəstə olduğu üçün Bakıya gələ bilmədiyinə görə mənim adıma etibarnamə verərək, onu məhkəmədə təmsil etməyimi istəmişdir. Anam mərhum əri Əliyev Əjdər Əli oğlunun Abşeron rayonunun Xırdalan qəbiristanlığında dəfn edilməsi üçün heç kəsə razılıq verməmiş, məhkəmədə öz istəyi ilə iddia qaldırmış, onu kimsə öyrətməmiş və təhrik etməmişdir. Lakin birinci instansiya məhkəməsi anam Əliyeva Nənəş Hüseynqulu qızının fikrini öyrənmədən işi tam hərtərəfli araşdırmadan məsələyə birtərəfli yanaşaraq iddianı rədd edərkən cavabdehin verdiyi əsassız izahatı sübut kimi qəbul etmişdir.

Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci bəndinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli və onlara məlum olan faktlar barədə izahatları toplanmış digər sübutlarla yanaşı, yoxlanılmalı və qiymətləndirilməlidir. Həmçinin, anam məhkəmənin diqqətinə çatdırıb ki, o, vəfat etdikdə ərinin yanında dəfn olunmaq istəyir. Lakin ərinin məzarı Abşeron rayonunun Xıpdalan şəhər qəbiristanlığında olduğundan bu qeyri-mümkündür. Eyni zamanda, bildirmək istəyirəm ki, Əliyev Əjdər Əli oğlunun vəfat edən yaxın qohumları Füzuli rayonunun Alxanlı kəndində yerləşən qəbiristanlıqda dəfn olunublar. Ona görə də mərhum atamın yaxın qohumları da onun məzarının Abşeron rayonunun Xıpdalan şəhər qəbiristanlığında qalmasına etiraz edirlər.

Bütün bunları əsas hesab götürərək məhkəmə iclasında iştirak edən iddiaçı – anam Əliyeva Nənəş Hüseynqulu qızı, onun nümayəndəsi mən – Əliyev Seymur Əjdər oğlu apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətqamə qəbul edilməsini xahiş etdik.
Ancaq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Fuad Məmmədov da əsassız olaraq apellyasiya şikayətimizi təmin etmədi. Abşeron Rayon Məhkəməsinin 2(012)-494/2018 saylı 26 dekabr 2018-ci il tarixli qətnaməsini dəyişdirmədən saxladı.

Biz isə artıq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1984/2019 saylı 8 may 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişik.

Hörmətli cənab Prezident!

Hörmətli cənablar!


Sizdən işimizə səhlənkar baxan, bizdən açıq şəkildə təmənna uman, bu olmadıqda isə əsassız qərarlar qəbul edən hakimlərin nöqsan və pozuntulara yol verdikləri üçün cəzalandırılmasını və kassasiya şikayətimizin nəzarətə götürülməsini xahiş edirik».

Redaksiya qarşı tərəfləri də dinləməyə hazırdır.

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …