Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ABŞ-da ermənilər “Nəlbəki” rəqsinə və “Tello”, “Fəridə” mahnılarına necə sahib çıxdılar – VİDEOLAR

ABŞ-da ermənilər “Nəlbəki” rəqsinə və “Tello”, “Fəridə” mahnılarına necə sahib çıxdılar – VİDEOLAR

Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə hansısa əcnəbi orkestrin Azərbaycan rəqslərini ifa etməsi ilə bağlı video yayılmışdı. Qeyd edək ki, videoda əcnəbi klassik orkestri və caz qrupu birgə Azərbaycanın xalq rəqsi “Nəlbəki”ni və “Fəridə” mahnısını ifa edirlər. Böyük səhnədə əcnəbi orkestrin ifasında milli kökümüzü əks etdirən xalq musiqilərimizin səslənməsi, xüsusən də, truba alətində ifa edən solistin qaradərili musiqiçi olması hər kəsdə böyük maraq doğurdu.

Bəs bu əcnəbi orkestr hansı ölkəni təmsil edir? Xalq mahnılarımıza olan maraq onlarda haradan qaynaqlanır?

Məsələ ilə bağlı musavat.com araşdırma aparıb. Məlum olub ki, əcnəbi musiqiçilər əslində erməni qrupudur. Dünyanın bir çox ölkəsində mütəmadi olaraq, Azərbaycan musiqisini erməni folkloru kimi təqdim edən “Yerevan caz kvarteti” və “Dövlət Gənclər Orkestri”dir. Ermənilərdən ibarət kvartetin rəhbəri, pianoçu-cazmen Vahan Hayrapetyan və qaradərili solist, truba ifaçısı Yaalla Balindir.

İnternet resurslarında Azərbaycan musiqisinin erməni folkloru kimi təqdim edildiyi konsertin ABŞ-ın Nyu-York şəhərində təşkil edildiyi məlum olub. Digər araşdırmalardan onu da aydınlaşdırdıq ki, mənfur erməni qrupu təkcə “Nəlbəki” rəqsinə, “Fəridə” mahnısına deyil, digər məşhur xalq mahnılarımıza da sahiblənib, Amerikanın bir çox şəhərlərində, Avropa ölkələrində, o cümlədən Moskvada keçirdiyi konsertlərdə erməni folkloru kimi təqdim edirlər. Bu musiqilərin arasında hər kəsin sevdiyi “Tello” mahnısı da var.

Qeyd edək ki, mənfur qonşularımızın Azərbaycan musiqisinə, mədəni irsinə, hətta mətbəxinə sahiblənməyə çalışması ilk dəfə deyil, hətta adiləşib. Son vaxtlarda bu cür faktların qarşısını almaq üçün dövlət səviyyəsində ciddi addımlar atılmaqdadır.

Mədəniyyət və Turizm Nazirliyindən musavat.com-a verilən məlumata görə, artıq adıçəkilən erməni qrupu ilə bağlı araşdırma aparılır və tədbirlər görüləcək. Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədovun dedikləri: “Məlumdur ki, zaman-zaman işğalçı rejim tərəfindən Azərbaycan xalqının mədəni irsinə qarşı təcavüz halları müşahidə olunur. Azərbaycan musiqilərinin öz adlarına çıxaraq ifa edir, müxtəlif qeyri-maddi irs nümunələrimizi oğurlayaraq tanıtmağa çalışırlar. Lakin bütün bu hallarda Azərbaycanın haqlı mövqeyi müxtəlif beynəlxalq təşkilatçılara çatdırılır. Bildiririk ki, müəyyən ölkələrdə belə bir qrupun yaradılması və həm Azərbaycan xalq mahnılarının, həm bəstəkar mahnılarının öz adlarına çıxarmaq cəhdləri ilə bağlı əlbəttə ki, müəyyən dövlət qurumları ilə birlikdə araşdırılır və aidiyyatı üzrə işlər aparılacaq”.

Qeyd etdiyimiz kimi, erməni qrupu və orkestri bəh-bəhlə erməni folkloru kimi təqdim etdiyi Azərbaycan xalq rəqslərindən biri “Nəlbəki” rəqsidir. Bu rəqs öz ritmi, şuxluğuna görə təkcə ölkəmizdə deyil, bir çox xalqların musiqiçiləri tərəfindən də sevilir, ifa edilir. Məlumat üçün bildirək ki, bu rəqs qədim Azərbaycan havası kimi tanınır. Lakin araşdırmamızdan məlum oldu ki, rəqsin müəllifi böyük bəstəkar Hacı Xanməmmədovdur.

Xalq artisti, ustad tarzən Möhlət Müslümovun dedikləri: “1993-cü ildə Hollandiyada olanda bir studiyada erməni musiqisinə aid vallarla rastlaşmışdıq. Valın üzərində qədim erməni rəqsləri yazılmışdı. Rəqsləri ifa edən isə Fransada yaşayan erməni musiqiçiləri idi, ansambllarının da adı “Qarabağ” idi. İfalara baxdıq, hamısı Azərbaycan musiqisi idi. Bunu görəndə bərk əsəbləşdik, mənim qəzəbdən əllərim əsirdi. Studiyada bir alman var idi, o, bizim konsertlərimizi təşkil edirdi və muğamlarımızı çox sevirdi. Gördü ki, biz bərk əsəbləşmişik. Bunun səbəbini biləndə dedi ki, “siz əgər üç gün ərzində bunların hamısı toparlayıb ifa etsəz, disk fomasında çıxardaram və sonra təqdimat edib, erməniləri də dəvət edərəm”. Və etdi də… Hətta təqdimatda ermənilər ilə mübahisəmiz də oldu. Qeyd edim ki, ifa etdiyimiz rəqslər arasında “Nəlbəki” də var idi. Bir dəfə bu haqda böyük bəstəkarımız Hacı Xanməmmədova dedim. Söhbət “Nəlbəki” rəqsinə gələndə həmin rəqsi necə təqdim etdiyimi soruşdu. Bildirdim ki, xalq mahnısı kimi qeyd etmişəm. Dedi ki, “Nəlbəki” mənimdir, təxminən 40-cı illərdə rəqs ansamblının rəhbəri olanda yazmışam”.

Möhlət Müslümov xalq rəqslərinə olan biganəlikdən də şikayətlənib: “Bizim çoxlu sayda gözəl rəqslərimiz var ki, artıq toylarda oynanılmır. Məsələn, “Uzun dərə” artıq toylarda oynanılmır. Yalnız səhnədə, milli geyimdə ifa edirlər. Nə olar ki, onları da toylarda oynasınlar. Oynayana da birtəhər baxırlar ki, “bu, geridə qalıb”. Üstəlik, rəqslərimizin başına oyunlar açırlar, tanımaq olmur, həmin rəqsləri… Ona görə də nankor qonşularımız bunu fürsət bilib, musiqilərimizə sahiblənirlər”.

Xalq artisti erməni folkloru kimi təqdim olunan digər musiqilərimizdən də söz açıb: “Tello” mahnısını ifa olunanda milli kökümüz gözümüzün qarşısına gəlir. Neçə ilin mahnısıdır. Talış zonasında da bu mahnını tez-tez oxuyub-oyanyırlar”.

Qeyd edək ki, bu günə qədər çoxlu sayda müğənnilər “Tello” mahnısını sevə-sevə ifa edib. Ən yadda qalan ifalardan biri isə xalq artisti Ramiz Əzizbəylinin “Bəyin oğurlanması” filmindəki ifasıdır. Bu mahnının adı gələrkən bir çoxlarının gözü qarşısına ilk gələn həmin mahnı ilə filmdəki epizoddur. Güney Azərbaycanda da bu mahnı çox məşhurdur. Məsud Əmir Sepehr bu mahnını xorun və ansamblın müşayiəti ilə gözəl ifa edib.

“Fəridə” mahnısına gəldikdə isə, ustad tarzənin sözlərinə görə, bu da müəllif mahnısıdır: “Fəridə” yaxın tarixin, təxminən 30-40 ilin mahnısıdır. Yeni ortaya çıxdığı vaxtlarda da ermənilər dedi ki, “bu, bizimdir”. Halbuki, mahnının melodiyası “Bayatı-Şiraz” muğamı üstündədir. Ermənilər nə ifa edirsə, bizim muğamların üstündə istifadə edir. Amma ermənilər muğamları ayırd edə bilmir, bütün muğamları sadəcə, muğam kimi təqdim edirlər. Amma biz bilirik ki, “Segah” nədir, “Bayatı-Şiraz” nədir. Bu barədə onlardan xeyli irəlidəyik”.

“Fəridə” mahnısının ifaçılarından biri də əməkdar artist Abbas Bağırovdur. Müğənni məsələyə bu cür mövqe bildirdi: “Təəssüf ki, mahnının müəlliflərini bilmirəm. Mən də onu xalq mahnısı kimi ifa etmişəm. Ermənilərin bu mahnıya sahiblənməsinə gəldikdə isə, deyim ki, ermənilər həmişə oğru olub, ömürboyu oğurlayıblar. Ermənilər nəinki Azərbaycan musiqisini, o cümlədən, özbək, türkmən, hətta Avropa musiqisini də götürüb sahiblənir, başqa ritmdə erməni musiqisi kimi təqdim edirlər”.

Məsələ ilə bağlı Amerikada yaşayan soydaşlarımızın da mövqeyini öyrənməyə çalışdıq. Hazırda Amerikada yaşayan tanınmış teleaparıcı Aynur Talıbova məsələyə bu cür münasibət bildirdi: “Bilirsiniz, artıq bu və bənzər məzmunda videoları izləyərkən “əcəb edirlər” deməyim gəlir. Bacarırsan, sən də et. Sahib çıx mətbəxinə, musiqinə, sənətinə… Bizimkilərin bu mənada atdıqları addım “arxadan atılan daş topuğa dəyər” misalıdır. Niyə? Çünki ancaq ermənilər vasitəsilə mənimkidir, dediyin bir hadisə ilə bağlı xəbərlər ölkə hüdudlarından kənarda yayımlandıqdan sonra birdən jeton düşür ki, “bu, sizin deyil, bizimdir”, hay-küy başlayır.. Mən bu hay-küyü bəyənmirəm və kimsəyə faydası olduğunu da zənn etmirəm. Azərbaycanlılar istedadlı xalqdır, ən yaxşı bacardıqları işin başında da, heç kim inkar etməz ki, çalıb oxuyub, oynamaq gəlir. Təsadüfi deyil ki, ən yaxın tariximizdə ən inkişaf etmiş tək sahə də toy sənayesidir. Başqa səhnələri yoxdur, çünki… Müxtəlif ölkələrdə keçirilən səs yarışmalarına qatılan azərbaycanlıların gözəl, möhtəşəm ifalarını virtual həmrəylik nümayiş etdirib, hər kəs paylaşır, lakin bu qədər… Xaricdə haradasa, kiminlə isə bu videolardakı kimi ortaq çalışmaları kimlər edir? Bildiyim qədəri ilə sadəcə, Alim Qasımov var… Başqa kimsə yadıma düşmür. 90-cı illərdə Brilliant Dadaşovanın norveçlilərlə bir layihəsi olmuşdu. Amma əslinə baxanda heç bu da önəmli deyil. Ayda-ildə bir dəfə bir layihə etməklə heç nə dəyişmir. Eləsinlər də, bizimkilərə bənzər məzmunda konsert proqramları təşkil etməyə kim mane olur?”

Xalidə Gəray,
Musavat.com

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın