Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 76 yaşlı icra başçısı 16 yaşlı oğlan kimi…

76 yaşlı icra başçısı 16 yaşlı oğlan kimi…

65 yaşlı Şirəli müəllimi işdən çıxardıqları vaxt Milli Elmlər Akademiyasına rəhbərlik eləyən adam ömrünün doqquzuncu onilliyini xırdalayırdı. Sadə dildə desək, 3 il əvvəl səksən yaşını tamamlayıb 90-a doğru müzəffər addımlarla irəliləyirdi. Vaxtilə məşhur natiq olsa da, indi cümləsinin əvvəli ilə axırını gətirə bilmirdi. Tez-tez dili dolaşırdı, bəzən nə demək istədiyini özündən başqa heç kim anlamırdı… 

Şirəli müəllim isə yaşına rəğmən çox cavan qalıb. Lerikin təmiz havasından udub yağ-balla, qaymaqla qidalandığı üçün özünü gümrah hiss edir. Tanıyanlar deyir ki, yumruğu ilə qoz sındıra bilər. Üstəlik, hafizəsi də yerindədi. İkinci Dünya Müharibəsində faşistlərə güllə atmış bütün sovet qəhrəmanlarının adını əzbər bilir. Hətta Afrikada çoxdan qurumuş çaylar haqda da ətraflı məlumatı var.

Bu üstün cəhətlərinə rəğmən təqaüd yaşı çatdığı gün onu işdən azad etdilər. Dedilər ki, qocasan, get bir az dincəl. Hələ qocalmadığını sübut etmək üçün kitabı eynəksiz oxuyanda başqa bəhanə tapdılar: “Gənc müəllimlər işsizdi. Onlara yol açırıq”. 

Beləcə, Akademiyada 85-90 yaşlı akademiklərin işə pamperslə gəlib-getdiyi ilıq bir yaz günündə Şirəli müəllimi ağlaya-ağlaya məktəbdən evə yolladılar.

O vaxt bu barədə çox yazıb-pozdum. Dedilər ki, qanunun tələbidi, pensiya yaşına çatan hərkəs işdən çıxmalıdı…

Ötən gün də oxşar hadisə baş verib. Zaqatala rayon icra hakimyyətinin başçısı Mübariz Əhmədzadə tabeliyində çalışan şəxsi – şöbə müdiri Yaqub Məmmədovu işdən azad edib. Yaqub müəllim bu qərarla razılaşmayaraq, özünü gümrah hiss etdiyini, hələ bir müddət işləmək istədiyini bildirib. Vaxtilə Şirəli müəllimə deyilən sözü bu dəfə ona deyiblər: “Qocasan, get dincəl”.

Bunu  deyən adamın, yəni icra başçısı Mübariz Əhmədzadənin yetmiş altı yaşı var. Yaqub Məmmədov Mübariz müəllimə yaşını xatırladanda, başçının cavabı belə olub: “Mən özümü 16 yaşlı oğlan kimi gənc hiss edirəm”.

Bundan sonra nə baş verdiyini bilmirəm. Bildiyim bircə odur ki Yaqub Məmmədov qərarla razılaşmadığı üçün bu məsələni ictimailəşdirib və səhərin gözü açılandan hamı icra başçısının “hazırcavablığından” yazır…

Hökümətimizin kasıbları pensiya yaşına çatan kimi işdən çıxarması, varlılara ölənə kimi etimad göstərməsi başadüşüləndir. Başbilənlərimiz yaxşı bilirlər ki, pul insanı cavan saxlayır. Məhz pulun sahəsində 76 yaşlı icra başçısı özünü 16 yaşlı cavan, 85 yaşlı deputat isə özünü 15 yaşlı növcavan kimi hiss edə bilir…

Seymur VERDİZADƏ 

Həmçinin oxuyun

Bakı Fransız Liseyinin bağlanma səbəbləri açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi …