Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / 44 günlük müharibədə xidmət edən hərbi həkim: “Yaralı əsgərlər döyüşə qayıtmaq üçün təkid edirdilər”

44 günlük müharibədə xidmət edən hərbi həkim: “Yaralı əsgərlər döyüşə qayıtmaq üçün təkid edirdilər”

26 İyun Silahlı Qüvvələr Günü ərəfəsində Musavat.com-un əməkdaşı tibb xidməti polkovnik-leytenantı Ramin Əliyevlə söhbətləşib. Həmsöhbətimiz 44 günlük müharibədə yaşananlar barədə xatirələrini bölüşüb:

– 26 İyun – Silahlı Qüvvələr Günüdür. 44 günlük Vətən müharibəsindən sonra bir sıra dövlət əhəmiyyətli günlərə, o cümlədən də 26 iyuna münasibət dəyişib, xüsusilə də hərbçilər arasında. İstərdim elə müharibə günlərini, müharibədən öncə yaşananları yada salaq. Sözsüz ki, illərdir gözlənilən müharibənin başlanmasını Tovuz hadisələri şərtləndirdi.

– Doğrudur. Tovuz hadisələrini eşidəndə çox məyus olduq. General mayor-Polad Həşimovla bərabər igid oğullarımız şəhid oldu. Mən Polad Həşimovla uzun müddət birgə xidmət etmişdim. İyul hadisələri bizə də, xalqımıza da təkan oldu. Hər kəs ayağa qalxdı. 44 günlük müharibədə Ali Baş Komandanın başçılığı ilə ordu və xalq birliyi nümayiş olundu, nəticədə qələbə qazandıq.

– Dediniz ki, general-mayor Polad Həşimovla birgə xidmət etmisiniz. P.Həşimovu tanıyan hər kəsin onunla bağlı özəl xatirələri var. Siz onu necə xarakterizə edərdiniz?

– Çox savadlı, vətənpərvər general idi. Onu hərbi hissə komandiri olduğu zamandan tanıyırdım. Xidmət etdiyi hərbi hissələrdə ezamiyyətdə olmuşam. Sonradan birgə xidmət etmək də qismət oldu. Səmimiliyi, igidliyi ilə seçilirdi. Sakit, təmkinli idi. Çox sevilirdi.

– Vətən müharibəsindəki qələbəmizdən bir ildən çox zaman keçib. Bir çox faktları nəzərə alaraq deyə bilərik ki, sanki döyüşlər hələ yeni başa çatıb. Siz necə, o günləri necə xatırlayırsınız?

– Çağırışla gələn şəxsi heyətlə toplandıq. Həkim kimi mənə şəxsi heyət verildi. Müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində döyüşlərdə iştirak etdik. İşğaldan azad edilən hər kəndin adını eşidəndə qürurlandıq. Qələbə sevincini isə başqa heç bir sevinclə müqayisə etmək mümkün deyil. Bu duyğunu döyüş meydanında yaşamaq tamam başqadır.

– Xalqımız bu müharibədə orduya əlindən gələn köməyi etdi. Hər kəs əlindən gələn qədər hərbçilərimizə dəstək olmağa çalışdı. Bu, əlbəttə ki, orduya böyük stimul verirdi. Xaricdə yaşayan soydaşlarımız da müharibə dövründə kifayət qədər fəal idilər. Xüsusilə, xaricdə çalışan həkimlərimiz ilk gündən yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün Vətənə döndülər.

– Xaricdə ezamiyyətdə olan həkimlərimiz çox idi. Onların hamısı çağırıldı. Hətta elə həkimlər var idi ki, onlara gözləmək tapşırılsa da, təkidlə kursu yarımçıq qoyaraq Azərbaycana qayıtmışdılar. Müəyyən yerlərdə tibb müəssisələri, səhra hospitallar açılmışdı. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında iş çox ağır idi. Birmənalı şəkildə bütün Azərbaycan xalqı ayağa qalxdı.

– Döyüşdə yaralanan əsgərlərin bir çoxu yenidən savaşmaq üçün can atırdı. Ağır yaralanmış, son nəfəsini verən əsgərləri son görən siz olursunuz. O anlar bəlkə də ən çətin anlardır…

– Elə yaralı əsgərlər var idi mənə yalvarırdılar ki, mənə sarğı qoyun döyüşə qayıdım. Döyüş yoldaşlarının yanında olmaq istəyirdilər, “döyüş yoldaşlarım öndədir, onların yanında olmalıyam” deyirdilər. Yüngül yaraları olanlara yardım edib, döyüşməyə icazə verirdik. Ağır yaralı olanlar da döyüşmək istəyirdilər, bu isə mümkün deyildi.

Tibb xidməti polkovnik-leytenantı Əliyev Ramin “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …