Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / 400 bağça müəllimi etiraz edir, nazirlik isə susur…

400 bağça müəllimi etiraz edir, nazirlik isə susur…

Bakıda 400-dən yuxarı bağça müəllimi etiraz aksiyası keçirəcək. 
Bir qrup bağça müəlliminin Qaynarinfo-ya ünvanladığı məktubda deyilir ki, onları Elm və Təhsil Nazirliyinin qarşısına aparan səbəb əmək haqqlarının kəsilməsidir:
“Bağçalarda acınacaqlı vəziyyət yaranıb, iki aydır bütün müəllimlərin əmək haqqları kəsilib. 400-dən çox bağça müəllimlərindən ibarət qrup yaratmışıq. Bu qrupda bütün bölgələrdən müəllimlər bir-birinin problemini eşidə və müzakirə edə bilir. Qeyri-ixtisaslı müəllimlərin işdən kənarlaşdırılması absurddur. Bizim ən azı 15-20 il iş təcrübəmiz var. Hətta elə müəllim var ki, 30 ildir işləyir, uşaqların və valideynlərin sevimlisidir. İndi biz qeyri-ixtisaslı olduğumuz üçün iki aydır ki, maaşlarımızı kəsiblər, hamımızı 14-cü dərəcədən 10-cu dərəcəyə endiriblər. Bu, yolverilməzdir və qanunsuzdur”. 
Məktubda daha sonra qeyd edilir ki, narazılıqlar barədə Elm və Təhsil Nazirliyinə məlumat veriblər, lakin onlara heç bir rəsmi cavab verilmir: “Amma mühasibatlıqdan deyirlər ki, onlara belə göstəriş gəlib. Bütün müəllimlərin maaşları 76-100 manat arasında kəsilib. Maaşları kəsilən müəllimlər belə qərara gəlmişik ki, Elm və Təhsil Nazirliyinin qarşısına yığışaq, aksiya keçirək və şikayətimizi nazirə çatdıraq. Biz geri çəkilmək fikrində deyilik. Hüquqlarımızı qoruyacağıq. Maaşlarımızın kəsilməsi qanunsuzdur. 100 manat az pul deyil, ailəmizin bir probleminin həllidir. İşə həvəsimiz ölüb, bilmirik nə edək, nə uşağa yaxın dura bilirik, nə evimizdə dinclik tapırıq. Bizi gör nə vəziyyətə salıblar?! İşə piyada gedirik ki, yola verdiyimiz pulu evimizə çörək alaq, bunlar da 70-100 manatımız kəsirlər. Bu pul mənim dərmanımın aylıq puludur, 30 gün səhər tezdən işə gedirəm, hər uşağın nazı ilə oynayıram, axı o pulu niyə kəsirsiniz? İndi maaşımız kəsirlər, gələn aydan da bizi işdən çıxara bilərlər. Bu boyda müəllim ordusunu işdən çıxartmaq olar? Günahım nədir? Evimizdə xəstələrimiz var. İşimizin öhdəsində yüksək səviyyədə gəlirik”. 
Məktubda bildirilir ki, hazırda çalışan bağça müəllimləri məktəbəqədər ixtisası bitirənlərdən daha təcrübəlidirlər:
“Onlar heç uşaqla davranışı belə bilmirlər, təcrübələri yoxdur, bizlər isə bu işə on illərimizi vermişik”. 
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov hesab edir ki, həmin müəllimlər zəruri təcrübəni toplayıblarsa, müvafiq profil üzrə təhsil alanlardan geri qalmırlarsa, o zaman bu müəllimlərlə belə davranmaq düzgün deyil:
“10-20 il profil ixtisası olmadan işləyibsə, deməli, ali təhsil müəssisəsində aldığı təhsildən 10 dəfə artıq təcrübə toplayıb. Yaxşı olardı ki, onlar etiraz aksiyası deyil, birgə müraciət qəbul eləsinlər. İnsanlarlın əmək haqqını azaltmaq səhv yoldur. Onsuz da onların əmək haqqı kifayət qədər  deyil”.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …