Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / 250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib

250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, bununla əlaqədar Komitə tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanılıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu və yazılı imtahanlar nəticəsində 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb.

Bununla yanaşı, hakimliyə namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və 250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib.

Həmin namizədlərlə test imtahanı noyabr ayının 23-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək, həmçinin sənəd qəbulu bundan sonra da davam edəcək.

Müasir texnologiyalar tətbiq edilməklə keçirilən və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaq.

Eyni zamanda Komitə xatırladır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Ödənişin məbləği belə xidmətlərin tariflərinə əsasən müəyyən edilib (110 AZN, ƏDV-siz).

Namizədlərin rahatlığı üçün DİM noyabrın 14-dən etibarən dim.gov.az saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”nin elektron təqdim olunmasına və imtahana görə ödənişin elektron aparılmasına şərait yaradacaq.

Hakimliyə namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni imtahana mütləq gətirməlidir. Əks təqdirdə, imtahana buraxılmayacaq. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62

Həmçinin bildirilir ki, əvvəlki müsabiqə zamanı uğur qazanmış 81 nəfər hakimliyə namizədlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaq.

Həmçinin oxuyun

Hacı Şahin Həsənlinin xatirəsinə həsr olunmuş film çəkilib -VİDEO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkilib. Filmin müəllifi …