Ana səhifə / Cəmiyyət / 22 nömrəli orta məktəbin direktoru Azər Ələkbərov şagirdi döyüb?

22 nömrəli orta məktəbin direktoru Azər Ələkbərov şagirdi döyüb?

22 nömrəli tam orta məktəb şagirdin direktor tərəfindən döyülməsi məsələsinə aydınlıq gətirib. 

Məktəbdən verilən məlumatda bildirilir ki, təhsil ocağının bir nəfər IX sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunur: “Şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub. Şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını-ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub”.

Qeyd olunub ki, inspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib: “Məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb. Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur”.

Qeyd edək ki, bəzi mətbuat orqanlarında Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 22 nömrəli tam orta məktəbin direktoru Azər Ələkbərovun şagirdi köynəyinin üzərindən jilet geymədiyi üçün döydüyü bildirilib. (Report)

Həmçinin oxuyun

Vüsalə Mənsimova Mübariz və Mais Mənsimovları məhkəməyə verdi

Məşhur azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov və qardaşı Mais Mənsimov barəsində …