Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət /  Mirmahmud Mirəlioğlunun son cəhdinin taktiki və strateji məqsədləri…

 Mirmahmud Mirəlioğlunun son cəhdinin taktiki və strateji məqsədləri…

Xəzər Teyyublu: “Çünki elə bir situasiya yetişər ki,
Mirmahmud bəyin partiyaya rəhbərlik etməsi zərurəti yaranar”

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu son planları ilə bağlı mediaya açıqlama verib. Partiya sədri müxalifət cameəsində olan bəzi neqativlikləri də dilə gətirib. O bildirib ki, hərə bir tərəfdə özünü lider elan edir: “Ona görə də müxalifət vahid mövqeyə gələ bilmir”.
M.Mirəlioğlu müxalifət düşərgəsində yaranmış bu durumun səbəbini düşərgədə olan bəzi adamların zəif xarakterə sahib olmalarından irəli gəldiyini deyib: “Artıq parlament seçkilərinə 3 aya yaxın bir vaxt qalıb. Lakin hələ də seçki siyahısı ilə bağlı didişmələr bir-birini təhqir etməklə davam edir, bu göz qabağındadır. Hamı birinci olmaq istəyir, ancaq nəinki birinci, heç axırıncı da ola bilmir. Çünki düşərgədə qolçomaqlıq prinsipi var. Seçkiyə bir müddət qalmış bir adam bir təklif verəcək, müzakirə olunacaq, qərarlar qəbul olunacaq, bu gün bir yerdə olanlar sabah ayrılacaq, ayrı olanlar isə sabah bir arada olacaqlar. Onsuz da hər dəfə taktika dəyişir, amma nəticə olmur. Mənə elə gəlir ki, taktikadansa, bu adamların məsələlərə münasibəti, özləri dəyişməlidir. Çox təəssüf ki, bu yoxdur. Gəlişigözəl sözlər deyirik, təmtəraqlı fikirlər səsləndiririk, amma gözlədiyimiz nəticə alınmır”.
KXCP sədri bu gün güclü müxalifətin olmadığını bildirib. Vurğulayıb ki, mövcud müxalifət çox zəifdir, pərən-pərəndir və bu dağınıq qüvvənin konkret vahid mövqeyinin olması da mümkün deyil: “Biri deyir ki, ən böyük güc mənəm, çünki səfirlər mənimlə görüşür. Digəri bildirir ki, mənim yaşım səndən çoxdur, mən daha böyük müxalifətəm. Başqa biri də deyir ki, dünya məni tanıyır. Yəni bütün bunlara görə müxalifət vahid mövqeyə gələ bilmir. Müxalifətin hansı uğurundan danışmaq olar? İndi, ola bilsin, kimsə desin ki, Mirmahmud pessimistdir, amma bu bir reallıqdır. 23 ildir hər şey öz yerindədir, heç bir dəyişiklik yoxdur”.
Mirmahmud Mirəlioğlu partiyanın qurultayında sonuncu dəfə sədrliyə namizədliyini irəli sürəcəyini bildirib və qeyd edib ki, sonrakı dönəmlər üçün partiyaya rəhbərlik etmək fikri yoxdur. Bunun səbəbi nə ilə bağlıdır?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu açıqlamasında bildirdi ki, onlar Mirmahmud bəyin fikirlərinə hörmətlə yanaşırlar: “Mirmahmud bəyin tək bir partiyada nüfuzu çox deyil. Bu cür şəxsiyyətlər Milli Azadlıq Hərəkatının yadigarlarıdır. Onlara qarşı sayğı və böyük ehtiram duyulmalıdır. Bizim sədrin də qurum daxilində böyük nüfuzu var. O, gələcəkdə sədr olmayacağını deyirsə, bu onun nə dərəcədə demokrat olmasından xəbər verir. Yerini gənclərə vermək istəyir. Ancaq indidən həmin dövr üçün nəyisə tam proqnozlaşdırmaq olmaz.
Çünki elə bir situasiya yetişər ki, Mirmahmud bəyin partiyaya rəhbərlik etməsi zərurəti yaranar. Bir sözlə, sədrin verdiyi açıqlama heç də onun partiya ilə yolunu ayıracağı kimi yozula bilməz”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın