Ana səhifə / Cəmiyyət / Ərdoğan Bakıya görə buna getməyəcək – Zahid Oruc

Ərdoğan Bakıya görə buna getməyəcək – Zahid Oruc

Bütövlükdə Azərbaycanın neft müqavilələri, Bakı-Ceyhan və başqa layihələri olmadan belə, rəsmi Bakı tarixi, siyasi, strateji mənada Türkiyə üçün vazkeçilməzdir.

Bu sözləri Axar.az-a Ermənistanla Türkiyə arasında sərhəd açılımı məsələsinin Avropada gündəmə gəlməsini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, Ermənistanın hər hansı beynəlxalq qurumdakı təmsilçisinin iddiaları müxtəlif aralıq mərhələləri üçün bu ölkənin mənafelərinin tələb etdiyi məsələlərdir:

“Bu məsələlər gündəmə gələ bilər, müəyyən bir zaman istismar olunar, ancaq sonra təkrar gündəlikdən çıxarılar. Biz bunu müxtəlif zamanlarda görmüşük. Türkiyə-Ermənistan arasında sərhəd açılımı əməliyyatı Birləşmiş Ştatların planı idi. ABŞ 2009-cu ildə bu qərarı Vaşinqtonun mənafelərini böyük bir məkanda irəlilətmək naminə vermişdi. Onlar təkcə Ermənistan üçün deyil, Orta Asiyaya qədər gəlib çıxan böyük bir qurşaqda öz geosiyasi maraqlarını həyata keçirmək istəyirdilər. Lakin Azərbaycanın böyük dirənişi sayəsində bu plan baş tutmadı. O dövrdə Vaşinqtonla Bakı arasındakı münasibətlər pisləşsə də, Azərbaycan Dağlıq Qarabağ məsələsini həmin sərhəd açılımı ssenarisinin tərkib hsisəsinə çevirməyi bacardı. Nəhayətdə, Ərdoğan hakimiyyəti bütün qeyd olunan yanaşmaları və Bakıdan edilən çağırışları qəbul etdi və o səbəbdən iki il dövriyyədə saxlandıqdan sonra, hətta parlamentdə ratifikasiyası üçün adddımların səmərəsiz olduğunu görəndə, planın üzərindən xəttə çəkildi”.

Millət vəkili bildirib ki, hazırkı dönəmdə də Ermənistanı hər hansı bir şəkildə Avropanın ayrılmaz tərəfdaşına çevirməyə çalışanlar az deyil:

“Çünki Ermənistan Rusiyanın regionda yeganə müttəfiqi, Moskvanın hərbi dayaqlarını formalaşdıran tərəfdir. Coğrafi məkan kimi elə bir özəlliyi yoxdur, ancaq mühüm bir şəkildə Qafqazda separatçıdır. Söhbət işğallarına görə deyil, beynəlxalq siyasi layihələri dağıtdığı üçün separatçı olmasından gedir. Yəni hər hansı bir şəkildə Rusiyanın mövqeyi orada dominantlıq təşkil etdiyindən Qərbin siyasəti normal işləmir. Baxın, yaxın qonşuluq proqramı da məhz bu səbəblərə görə bütöv arxitektura boyunca işləmədi. Halbuki Avropa Birliyi TASİS və TRASEKA proqramını hələ 90-cı illərdə işləyəndə Yaxın Qonşuluq və ya Şərq Tərəfdaşlığı proqramı mövcud deyildi. Qərb strateqləri, beyin mərkəzləri, siyasi institutları onu işləyib hazırlayırdılar ki, Qafqaza vahid bir məkan kimi yanaşmaq lazımdır. Doğrudur, orada 100 illik müharibələr gedib və Rusiya bu regionda əsas şərtləri diqtə edib, lakin bununla bərabər, nəyin bahasına olursa-olsun, Ermənistanla Türkiyənin münasibətlərini yaxşılaşdırmaq mahiyyətcə, bölgədə Qərbin mənafeyinə xidmət edəcəkdi. Ona görə də bəlkə də bu cür ideyaları hazırkı dövr Almaniyada, o cümlədən Fransada istəyərlər. Ancaq ABŞ-ın iradəsi olmasa, onu irəliyə apara bilməyəcəklər”.

Zahid Orucun sözlərinə görə, Qərb ölkələrindən səslənən bu cür bəyanatlarla iş bitmir:

“Daxildə böyük müqavimət cəbhəsi var və bir çoxları Türkiyə ilə əlaqələr qurulacağı təqdirdə bunun Ermənistanın dövlətçiliyinin itirilməsinə səbəb olacağını düşünür. Çünki “Türkiyə avtomatik olaraq Ermənistanı iqtisadi cəhətdən işğal edəcək” yanaşması əsassız deyil. Türkiyənin iqtisadi, hərbi gücü var və əlaqələr daha da dərinləşə, bu, öz nəticəsini verəcək. Ancaq məsələ başqa bir nöqtədədir. Bu da ondan ibarətdir ki, Türkiyə heç bir zaman Azərbaycanın maraqlarını qurban vermək hesabına Ermənistanı qazanmaz. Azərbaycanın itirilməsi fonunda qazanılacaq nə varsa, əslində itkidir. Bütövlükdə Azərbaycanın neft müqavilələri, Bakı-Ceyhan və başqa layihələri olmadan belə, rəsmi Bakı tarixi, siyasi, strateji mənada Türkiyə üçün vazkeçilməzdir. Bu fonda sərhəd açılımı məsələsi yalnız Qarabağ ərazilərininin işğaldan azad olunması kontekstindən mümkündür. Əlbəttə ki, ölkəmiz içərisində də belə düşüncələr var ki, əlaqələr, kommunikasiyalar bərpa olunsa, türklərlə birləşmək hesabına erməniləri daha tez ram edə bilərik. Bu, bir nəzəri yanaşmadır. Bu plana Rusiya seyrci qalmaz. Bu üzdən bu məsələnin yenidən Avropada baş qaldırması, görünür, hansısa layihələrlə əlaqədardır. Ancaq reallıqda Türkiyənin bu cür planlara müsbət reaksiya verəcəyini gözləmirəm”.

Qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Jan-Fransua və Avropa Birliyinin Ermənistandakı nümayəndə heyətinin üzvü Dirk Lorents ötən gün Ermənistan və Türkiyə arasında ikitərəfli münasibətlərin və işgüzar əlaqələrin inkişafının labüdlüyünü dilə gətirib, bu yöndə çalışdıqlarını vurğulayıblar.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın