Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / “Ərə gedə bilməyən, gözəl olmayan kök qızlar…” – Alimin bu təklifi qalmaqala səbəb oldu

“Ərə gedə bilməyən, gözəl olmayan kök qızlar…” – Alimin bu təklifi qalmaqala səbəb oldu

Azərbaycanlı filosof Niyazi Mehdi sosial şəbəkədə paylaşdığı fikirlərə görə tənqid hədəfi olub. 

O, ərə gedə bilməyən qızlara özünəməxsus tövsiyə verib:

“Ərə gedə bilməyən gözəl olmayan kök və ya hündür qızlara sözüm: idmanda (ağırlıq qaldırmada, güləş növlərində, basketbolda və s.) özünüzü sınayıb Azərbaycanı ucaldın ki, stressdən çıxasınız”.

Bu paylaşımdan sonra Niyazi Mehdi tənqid və təhqirlərlə qarşılaşıb. Bir gün sonra öz fikirlərinə aydınlıq gətirən filosof yazıb:

“Mənim aşırı köklükdə, irilikdə, boy-buxunda olan qız uşaqlarının ata-analarına verdiyim məsləhət FB-də bəyənmələrlə yanaşı çoxlu mənfi şərhlər də törədib. Məsləhətimsə bu idi: əgər belə qızların bilik və ya sənətdə özlərini gerçəkləşdirmək həvəsi və ya istedadı yoxdursa, onların idmançı karyerasını düşünün. Çox kök qız arıqlaya bilmirsə, ağırlıq qaldırmada, boksda, güləşdə bacarıq göstərib mənalı həyat qura bilər. Çox hündür qızlar voleybolda, basketbolda karyera edə bilərlər (bu zaman öz bablarını tapıb ərə getmək şansını da qazanarlar). 

Belə qızların və ata-analarının çoxunun həyatını nə zəhərləyir? Gələcəkləri necə olacaqlar, kimə ərə gedəcəklər və s. Arif adamlar bu qısa fikri özləri dolğunlaşdıra bilərlər. Hər millətin ciddi problemi öz insan resursundan maksimum istifadə etməkdir. Qadın azadlıqları, insanların bərabərlikləri, yəni silk ayrı-seçkiliyindən qurtulması hamını ölkəsinə xidmət etməyə cəlb edir. Millətin ciddi resursu çirkin, qüsurlu gənclərindən əmələ gəlir. Bu üzdən uğurlu millət o ulusdur ki, çirkinlərini öz amaclarına cəlb edə bilir. İdman belə cəlb etmə vasitələrindən biri olub.

Biz ata-ana kimi kök, yaraşığı olmayan qızlarımızın (elə oğlanlarımızın da) küskün, bədbəxt psixologiyada böyüməsini istəmiriksə, bir variant olaraq onların idmançı kimi karyerasını da düşünməliyik. Bununla pul da qazana bilərlər, ərə getməyə bab da tapa bilərlər. 

Sözlərimə reaksiyadan gördüm ki, FB-də xeyli oğlan-qız kiminsə üstünə tökülüşüb düşmək mərəzinə tutulub. Çox az gənc təklif olan ideyanı gəlişdirməyi düşünür. “da-də” ədatını yerlik hal şəkilçisi kimi sözə bitişik yazan “savadlılarımız” “gör Azərbaycan filosofu, professoru nə gündədir” deyibən nalə çəkir. Onlara elə gəlir ki, əgər nalə çəkirlərsə, ələ salırlarsa, deməli, vicdanın səsidirlər. Ancaq biri də demir ki, bəs necə edək ki, yaraşığı-yapışığı olmayan qızlarımızı bədbəxt duyğulardan qurtarıb şanslı edək”.

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …