Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Əli Kərimli və Cəmil Həsənlidən hakimiyyətə mühüm jest – Bu ay aksiya keçirilməyəcək!

Əli Kərimli və Cəmil Həsənlidən hakimiyyətə mühüm jest – Bu ay aksiya keçirilməyəcək!

“Beynəlxalq diqqətin Azərbaycana yönəldiyi bir dönəmdə – Avropa Oyunları ərəfəsində Milli Şuranın icazəsiz aksiyalara gedəcəyi haqda xəbərlər tamamilə yanlışdır. Əksinə, Əli Kərimli ilə Cəmil Həsənli arasında qeyri-rəsmi razılıq var ki, ümumiyyətlə, bu ay ərzində hər hansı aksiya keçirilməsin”. Bu fikirləri Strateq.az-ın əməkdaşına Milli Şuranın Koordinasiya Mərkəzinin adının çəkilməsini istəməyən üzvlərindən biri deyib. Milli Şura təmsilçisinin sözlərinə görə, onsuz da mövcud qanunvericiliyi əsas gətirən hakimiyyət indiki şəraitdə hər hansı aksiyaya icazə verməyəcək: “İcazəsiz aksiyaya isə getmək niyyətimiz yoxdur. Milli Şurada beynəlxalq diqqətin ölkədə olmasından yararlanaraq nəyin bahasına olursa-olsun aksiyaya gedilməsini istəyənlər var, ancaq həm Əli bəy, həm də Cəmil Həsənli buna qarşıdırlar və bildiyimə görə, ilkin qənaət budur ki, bu ay ərzində hər hansı aksiya keçirilməsin”.

Sosial şəbəkələrdəki aksiya çağırışlarının Milli Şuranın iradəsini əks etdirmədiyini deyən KM üzvü onu da bildirib ki, hansısa qüvvələr bu situasiyadan istifadə etməyə çalışsalar da, Milli Şuraya daxil olan partiyalar onları dəstəkləməyəcək: “Belə həssas məqamda kimlərsə öz fəaliyyətlərini bizim adımızla bağlamaq istəyirlərsə də, bunun bizə hər hansı aidiyyəti yoxdur. Bizə məlumdur ki, hökumət belə məsələlərdən bəhanə kimi istifadə edib Milli Şuranı cəmiyyətə destruktiv qüvvə kimi qələmə vermək, seçkiqabağı növbəti repressiya dalğasına başlamaq istəyir. Ona görə də, hər hansı bəhanəyə yol verilməsin deyə, yəqin ki, Milli Şuranın bu məsələ ilə bağlı yaxın günlərdə rəsmi mövqeyi açıqlanacaq”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə Avropa Oyunları ərəfəsində paytaxda icazəsiz aksiyaların keçirilməsi təşəbbüsü ortaya atılıb. Bəzi çevrələrdə bunu AXCP və bütövlükdə Milli Şura ilə bağlamağa çalışsalar da, ekspertlərin qənaətincə, bu, daha çox ölkədə sabitliyi pozmaqda maraqlı olan dairələrin dezinformasiya, əks-təbliğat işidir və məqsəd beynəlxalq tədbir ərəfəsində süni ajiotaj yaratmağa hesablanıb.

Görünür, Milli Şura rəhbərliyi də həm bu amili, həm də hökumətin Avropa Oyunlarından sonra daha sərt tədbirlərə əl ata biləcəyini nəzərə alaraq, aksiya keçirməkdən imtina edib. O da mümkündür ki, Cəmil Həsənli və Əli Kərimli belə bir kritik situasiyada centlmen davranış nümayiş etdirməklə, hakimiyyətə konfliktli situasiyada maraqlı olmadıqlarının mesajını vermiş olurlar.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın