Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Cəmiyyət / Əli Həsənovun yeddi ildir gizli saxladığı sirr…

Əli Həsənovun yeddi ildir gizli saxladığı sirr…

Dünən yaşı ilə bağlı təqaüdə göndərilən baş nazir müavinlərindən Əli Həsənov eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. 

Hazırda həmin Komissiyanın saytında Həsənov təkcə sədr kimi yox, eyni zamanda baş nazirin müavini kimi göstərilir. 

Qaynarinfo xəbər verir ki, bu gün səhər saytda “Cəzaçəkmə müəssisələrində sosial lövhələr quraşdırılıb” başlıqlı xəbər yerləşdirilsə də, Komissiyanın tərkibi ilə bağlı bölmədə Ə.Həsənovun statusuna “əl gəzdirmək” unudulub. Yəqin ki, bu texniki məsələ qısa vaxtda yoluna qoyulacaq.

Əli müəllimin sözügedən Dövlət Komissiyasının sədri kimi ən maraqlı çıxışı 2012-ci ilə təsadüf edir. 

Qaynarinfo xatırladır ki, Əli Həsənov həmin ilin iyununda məmur övladlarının narkomaniyaya qurşandığını bəyan etmiş, lakin onların adlarını açıqlamaq istəməmişdi: 

“Bəzən imkanlı ailələrin uşaqları hər şeylə məşğul olur. Fikirləşirlər ki, narkotikdən istifadə etməyib, görsün, edəndə nə olacaq? Məqsədi narkoman olmaq deyil. Amma bu yolla çevrilirlər. Bu xəstəliyə düçar olanlar da əsasən də imkanlıların uşaqlarıdır. Çünki imkansızların narkotik bunu almağa vəsaiti yoxdur”.

Bununla bağlı, sabiq vitse-premyer məmurlara sərt mesaj ünvanlamaqdan çəkinməmiş, belə bir xəbərdarlıq ünvanlamışdı: 

“Bir gün başlayacağam onların övladları haqqında danışmağa, onda ayılarlar. Bir dəfə demişdim, mətbuat 6 ay məndən yazdı ki, nə vaxt onların adlarını açıqlayacağam. Belə getsə, açıqlamalı olacağam”.

Lakin həmin çıxışın üstündən uzun müddət keçsə də, Həsənov narkoman məmur övladlarının adını açıqlamadı. Hətta bir müddət sonra yerli mətbuat Dövlət Komissiyasının sədrinə narkoman məmur övladlarının siyahısında kimlərin olduğu barədə sual ünvanlasa da, Həsənov həmin sualı cavabsız buraxdı. 

Budur, Əli müəllim baş nazir müavinliyindən kənarlaşıb, yəqin ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri vəzifəsini də öz xələfinə təhvil verməli olacaq. Vaxtilə haqqında danışdığı və ölkədə böyük rezonans doğuran, uzun müddət geniş müzakirələrə səbəb olan, məmurların və övladlarının qəlbinə xof salan siyahı isə elə sirr olaraq da qalacaq… 

Həmçinin oxuyun

Paytaxtda 600 manata səməni satılır? – VİDEO

Novruz bayramına artıq sayılı günlər qalıb. Bu bayramın əsas simvollarından biri olan səməni demək olar …