Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Əli Həsənovun “nazir vuran KİV-lərə” xəbərdarlığına reaksiya

Əli Həsənovun “nazir vuran KİV-lərə” xəbərdarlığına reaksiya

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son zamanlar kütləvi informasiya vasitələrində sui-istifadə hallarının artması faktı ilə bağlı sərt fikirlər səsləndirib: “Azərbaycan Respublikasında söz və məlumat azadlığı, hər kəsin, o cümlədən kütləvi informasiya vasitələrinin, jurnalistlərin sərbəst şəkildə informasiya əldə etmək, hazırlamaq və yaymaq hüququ tam təmin edilib.
KİV-lər Azərbaycanın daxili və xarici siyasəti, cəmiyyət həyatının müxtəlif sahələri, habelə dünyada baş verən mühüm hadisələr haqqında çoxsaylı məlumatlar, müxtəlif şərh və təhlillər hazırlayır və ictimai rəyə təqdim edirlər. Söz və məlumat azadlığı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissəsidir və qarşıdan gələn dövrdə də Azərbaycan dövləti KİV-lərin müstəqilliyinin gücləndirilməsi istiqamətində səylərini davam etdirəcəkdir.
Bununla yanaşı, təəssüflə qeyd etmək lazım gəlir ki, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında həqiqətə uyğun olmayan, əsassız, qərəzli, hətta şantaj xarakterli çoxsaylı məlumatlar yayılır. Vəzifəli şəxslərin guya işdən “kənarlaşdırılması”, rəhbərlik etdikləri qurumlarda “yoxlamalar”, evlərində “axtarışlar” aparılması, məmurların “həbsi”, vəzifələrindən uzaqlaşdırılmış bəzi dövlət qurumlarının rəhbərləri ilə “əməkdaşlığı” və s. bu tipli qərəzli məlumatlar məqsədli şəkildə dövriyyəyə buraxılır. Əminliklə demək olar ki, belə məlumatlar yayan KİV-lər bununla öz tirajlarını artırmağa və mənfəət əldə etməyə çalışırlar. Diqqətə çatdırıram ki, bu tipli fəaliyyət qanuna ziddir və birbaşa hüquqi məsuliyyət doğurur. Təəssüf ki, bəzi hallarda aparıcı KİV-lər də belə dezinformasiyaları tirajlayaraq öz oxucularını çaşdırırlar. Sosial şəbəkələrdə və məqsədli şəkildə fəaliyyət göstərən internet saytlarında yerləşdirilmiş yalan məlumatlar yoxlanılmadan, həqiqiliyi araşdırılmadan həmin ciddi media orqanlarının səhifələrinə yerləşdirilir. Nəzərə almaq lazımdır ki, mövcud hal dövlət orqanlarının nüfuzuna xələl gətirir, onların iş rejiminin pozulmasına, cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olur və ümumilikdə, Azərbaycan dövlətinin imicinə mənfi təsir göstərir.
Hesab edirik ki, Azərbaycan KİV-ləri, jurnalistlər daim məsuliyyətli olmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməli, KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən sui-istifadə hallarına yol verməməlidirlər. Jurnalist birlikləri, xüsusilə Mətbuat Şurası hazırda müşahidə olunan mənfi meyllərin aradan qaldırılması istiqamətində əməli tədbirlər görməlidirlər. Əks təqdirdə qanuna zidd fəaliyyət göstərən, yalan məlumatlar yayan, cəmiyyətdə çaşqınlıq yaradan KİV-lər və jurnalistlər haqqında müvafiq hüquqi ölçü götürüləcək”.
Bunun ardınca Mətbuat Şurasının sədri Əflatun Amaşov da açıqlama verərək, yalan və böhtan xarakterli məlumat yayan internet KİV-lərin adının cəmiyyətə açıqlanacağını deyib. MŞ sədri bildirib ki, son günlər mətbuatda dərc olunan yalan və böhtan xarakterli məlumatlarla bağlı iclas keçiriləcək:
“Mətbuat Şurasının həmin hadisələrlə bağlı missiyası monitorinq aparmaq və nöqsana yol verən jurnalistlərə tövsiyə verməkdir. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə məsləhətləşmə aparırıq. Yaxın günlərdə bununla bağlı tədbir keçiriləcək və orada bu məsələləri müzakirə edəcəyik”.
Ə.Amamşov qeyd edib ki, jurnalistlər peşə davranış qaydalarının prinsiplərinə və “KİV haqqında” Qanuna əməl etməlidirlər. Onun sözlərinə görə, hər hansı bir şəxs haqqında haradansa eşidilən şayiələri yaymaq, ölkə ictimaiyyətini çaşdırmaq kimi əməllər yolverilməzdir:
“Jurnalistika baş vermiş hadisələri cəmiyyətə çatdıran əsas vasitədir, amma qanunvericilik daxilində fəaliyyət göstərmək lazımdır. Heç bir əsası olmadan, kimsə kiminsə qohumudur, haradasa işləyib və s. kimi düzgün olmayan məlumatlar yazılır. Jurnalistlər insanların şərəf və ləyaqəti ilə bağlı məsələlərdə daha diqqətli olmalıdırlar. Jurnalistika IV hakimiyyət missiyasını layiqincə yerinə yetirməlidir. Təəssüf ki, bir sıra xəbər portalları var ki, onlarla bağlı Mətbuat Şurasına şikayətlər daxil olur. Çox təəssüf ki, bir sıra tanınmış saytlar var ki, mənbə kimi onlara istinad olunur”.
Artıq media cameəsindən bu məsələyə Mətbuat Şurası səviyyəsində münasibət bildirilib. Bəs məsələnin hüquqi tərəfi necə ola bilər? Çünki hər iki bəyanatda biz hüquqi məsuliyyətlə bağlı vurğulara rast gəlirik. Belə halların qarşısını almaq üçün daha nələr edilməlidir?
Media üzrə ixtisaslaşan hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, bununla bağlı kifayət qədər hüquqi mexanizmlər mövcuddur: “Bilirsiniz ki, Azərbaycanda media sahəsi ilə bağlı qanunvericiliyin bir qədər sadə olması istənilən adama tez bir zamanda sayt və ya qəzet açmağa imkan verir. Ancaq biz dəfələrlə müşahidə etmişik ki, bu sahəyə nüfuz edən təsadüfi adamlar ciddi problemlərin yaranmasına səbəb olur. Siz fikir verin, belə hadisə ilə biz ötən ilin avqustunda cəbhədə yaşanan gərginlik zamanı rastlaşdıq. Həmin hadisədə də bəzi media nümunələri özlərini qeyri-peşəkar apardı. Məsələ ciddi dairələrdə müzakirə olundu, hətta PA səviyyəsində. Biz şahid oluruq ki, son günlər bəzi nazirliklər ətrafında baş verən hadisələri bəzi mətbuat orqanları öz xeyirlərinə yozmaq istəyir. Heç bir fakta əsaslanmadan kimlərinsə həbs edilməsi, işdən çıxarılması barədə məlumatlar yayılır. Hətta bəzi məmurlar bu məsələdə ciddi şantaja da məruz qalır. Onları işlərində nöqsanlara yol verən və nəticədə vəzifəsindən azad olunan nazirlərlə yaxınlıqda təqsirləndirirlər. Artıq peşə etikasına riayət olunmayanda söz hüququn olur. Məlumdur ki, “KİV haqqında” Qanuna edilən son dəyişikliyə görə, cinayət işləri ilə bağlı yayılan doğru olmayan məlumatla bağlı istintaqa prosessual nəzarəti həyata keçirən qurum dərhal, yəni məhkəmənin hökmü olmadan məlumatı yayan KİV-dən təkzib tələb edə bilər. Mən bu məsələdə bəzi dövlət qurumlarının passivliyini də diqqətə çatdırmaq istəyirəm. Barəsində dezinformasiya yayılan qurum dərhal məsələyə reaksiya verməlidir. Əks təqdirdə şayiə daha geniş arealı əhatə edir. Mənə elə gəlir ki, “KİV haqqında” Qanunun tələblərinə cavab verməyən fəaliyyətlə bağlı müxtəlif tədbirlər görülə bilər. Mətbuat Şurası KİV-lərə xəbərdarlıq edə və ya konkret yazılarla bağlı məhkəmələrə müraciət oluna bilər. Həmçinin məqalələrin dərci olmadan jurnalist və redaksiyanın yol verdiyi qanun pozuntusu ilə bağlı prokurorluq orqanlarına şikayətin edilməsi də hüquqi normalara uyğundur”.
Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın