Azinforum.az Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç pilləli və iki mərhələli olmaqla keçirilən növbəti komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb edilmiş bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb.

Komanda-qərargah təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində icrası həyata keçiriləcək.

Aviasiya bölmələrində keçirilən təlim-məşq uçuşları zamanı SU-25 hücum təyyarələri və Mİ-35 döyüş helikopterləri ilə yer hədəflərinə müxtəlif döyüş manevrlərindən hücum məşq etdirilib.

Tank bölmələri ilə kompleks məşğələlərdə tankçılarımızın sürücülük və atəş bacarıqları yoxlanılaraq qiymətləndirilib. Tankçıların Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzindəki trenajorlarda virtual olaraq mənimsədikləri vərdişlər, səhra şəraitində təşkil olunan praktiki məşğələlərdə daha da təkmilləşdirilib.