Cümə , Aprel 26 2024
Ana səhifə / Cəmiyyət / Əkbər Qoşalı uyğur türklərinin vəziyyətindən danışdı: “Onların sayının gündən-günə azaldığı deyilir…”

Əkbər Qoşalı uyğur türklərinin vəziyyətindən danışdı: “Onların sayının gündən-günə azaldığı deyilir…”

Zaman-zaman mətbuatda uyğur türklərinin Çin hökuməti tərəfindən təzyiqlərə, zorakılığa məruz qalması ilə bağlı məlumatlar yayılır və bu məsələ bütün Türk dünyasını narahat edir. Son olaraq, uyğur türklərinin tanınmış xalq ozanı Abdurrahim Heyitin qaldığı həbsxanada dünyasını dəyişməsi bir daha bu məsələni gündəmə gətirdi.

Daha sonra ona oxşadığı iddia edilən bir şəxsin videosu yayılaraq, ozanın həyatda olduğu bildirildi. Bu ziddiyyətli məlumatlar, eləcə də uyğur türklərinin vəziyyəti ilə bağlı dəqiq məlumatların olmaması da problemin varlığını bir da göz önünə sərir. Türk dünyasının tanınmış fikir adamları bu məsələni pisləyərək, uyğur türklərinin hüquqlarının qorunması ilə bağlı müzakirələr apardılar.

Tanınmış türkoloq, şair, Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri Əkbər Qoşalı musavat.com-a açıqlamasında Türk dünyasının bu yaralı yerinə toxunaraq, uyğurların hazırki durumu haqqında informasiya qıtlığı olduğunu diqqətə çatdırdı: “Çin dövlətinin quruluşu elədir ki, bu barədə dəqiq məlumatlar əldə etmək imkanımız yoxdur. Mən bunu öz müşahidələrimə əsasən deyirəm. Ziddiyyətli məlumatlar var. Mən ozanımızın yaşadığına inanmağa çalışıram. Bu hadisənin timsalında da gördük ki, gah ölüm xəbəri yayılır, gah sağ olduğu deyilir. Abdurrahim Heyit sənət adamıdır, o, siyasət adamı deyil, terrorçu deyil. Çin hökuməti əslində belə bir adamın ölümündə deyil, yaşamasında maraqlı olmalıdır. Ən adi bir informasiyanın dəqiq verilməməsindən, bu informasiyasızlıq  mühitinin olmasından da görürük ki, vəziyyət nə qədər xoşagəlməzdir. Uyğurlar Türk xalqlarının ən qədim şəhərsalma, ən qədim mədəniyyət nümunələri yaradan bir boyu kimi fərqlənən xalqdır”.

Ə.Qoşalı təəssüf hissi ilə bildirib ki, uyğur türkləri uzun illərdir, nəinki müstəqil dövlət, hətta muxtariyyət hüquqlarından da minimum səviyyədə istifadə edə bilməyən bir toplum halına gəliblər: “Saylarının gündən-günə azaldığı deyilir, bu barədə çox ziddiyyətli informasiyalar dolaşır. Xüsusilə də assimilyasiya nəticəsində… Bizim o informasiyaları dəqiqləşdirmək imkanımız yoxdur. Əgər deyirlər ki, məlumatlar yanlışdır, əslində vəziyyət o qədər mürəkkəb deyil. Əgər belədirsə, o zaman Çinin səlahiyyətliləri maraqlı olmalıdırlar ki, türk ölkə və topluluqlarından bu barədə narahatlıq keçirən insanları, beynəlxalq ictimaiyyətin nümayəndələrini həmin toplama kamplarının olmamasına inandırsınlar. Həmin insanların öz şəhər və kəndlərində yaşadığını əyani şəkildə göstərsinlər. Bu, Çin üçün də maraqlı olmalıdır. Bütün dünya üçün bu məsələyə aydınlıq gətirilməlidir. Təəssüf ki, biz də ancaq informasiya mənbələrindən oxuya bilirik və o məlumatların nə qədər dəqiq olduğunu ən ciddi mətbuat orqanları da söyləyə bilmir. Bu qeyd etdiyimiz sözlər də vəziyyətin mürəkkəbliyini bir daha ifadə etməkdədir”.

Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının sədri uyğur ədəbiyyatı ilə bağlı nümunələrin çox məhdud olduğunu da dilə gətirdi: “Biz daha çox ədəbiyyatla məşğul olan təşkilatıq. Təəssüflər olsun ki, uyğur ədəbiyyatından danışarkən yalnız şifahi xalq ədəbiyyatı və ya Doğu Türküstandan kənarda yaşayan yazarların əsərləri əsasında fikir bildirə bilirik. Bu, nə dərəcədə oradakı etnoqrafik yaddaşı, bugünki  insanın yaşantılarını, sosial durumunu, arzu və istəklərini ifadə edir – bu, ayrı bir söhbətin mövzusudur. Müasir dövrdə Uyğurıstanda yaşayan insanlarla əlaqə qurmaqda problemlər var. Gücümüz Tanrıya üz tutmağa və dünyanda ədaləti təmin etməyə məsul beynəlxalq təşkilatlara səslənməyə çatır ki, onlar oradakı insanların taleyinə biganə qalmasınlar”.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …