Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar… – Müraciət

Ədliyyə nazirliyinin yüksək vəzifəlisinə ağır ittihamlar… – Müraciət

“Biləcəri Təmir Quraşdırma” QTSC-nin kollektivi Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin heç bir ölçüyə sığmayan qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə şikayət ünvanlayıb. Surəti «təzadlar» qəzetinə təqdim edilmiş şikayətdə deyilir:
Çox hörmətli cənab Prezident!
10.08.2018-ci il tarixli ərizə ilə Azərbaycanın Birinci vitse-Prezidenti Mehriban xanım Əliyevaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baş verən ədalətsiz proseslər, eləcə də hakim Aidə Hüseynin heç bir ölçüyə sığmayan qanunsuz və əsassız hərəkətləri, bu hərəkətlərin məhsulu olan qanunsuz qərarları barədə müraciət etmişdim (O cümlədən bütün Ali Dövlət Orqanlarına və aidiyyəti strukturlara da). Yalnız 1-ci Vitse-Prezidentin aparatının müvafiq qaydada Ədliyyə Nazirliyinə və Bakı Apellyasiya Məhkəməsinə istiqamətləndirdiyi sorğuya hər iki ünvandan “araşdırılaraq ədalətli və qanuni qərar çıxarılacaqdır” deyə bizə məlumat verilmişdir.

«Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bizə məxsus həmin metal boruların əlimizdən alınaraq yaxın adamlarına məxsus əraziyə daşıtdırılması üçün hər gün qanunsuz cəhdlər etməkdədir…»
Cox təəssüflə qeyd edirik ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməndə baş verən hakim özbaşınalığı Bakı Apellyasiya Məhkəməsində də davam etmişdir. Belə ki, 03.10.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Abiyevanın sədrliyi ilə saat 17:10-da məhkəmə baxışı keçirilmişdir. Mübahisəli iddia ərizəsinə baxış olmasına baxmayaraq, cox təəccüblüdür ki, cəmi 15 dəqiqə ərzində Kəmalə Abiyeva heç kimə bir sual vermədən, heç bir araşdırma aparmadan cox tələsik olaraq müşavirəyə çıxıb 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin qərarını qüvvədə saxlamaqla boruların üzərinə həbs qoyulması barədə qərardad qəbul etdi.
Olduqca gülünc bir vəziyyət yaranıb: Bakı Apellyasiya Məhkəməsinin və Ədliyyə Nazirliyinin bizə ünvanladığı məktublarında “ədalətli və qanuni qərar qəbul ediləcəkdir», -yazılsa da, qanun keşiyində duran və Konsitutsiyamıza uygun qərarlar qəbul etməyə cavabdeh olan hakim Kəmalə Abiyevanın etdiyi növbəti hakim özbaşınalığı yerə – göyə sığan deyildir.
Qısa olaraq qeyd edirik ki, səhmdarı olduğumuz “Biləcəri Təmir Quraşdırma” QTSC ilə 16 saylı İİT Tresti arasında bağlanmış müqavilə şərtləri sonuncunun tərəfindən pozulduğundan 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəmədə iddia qaldırıldı, 10.02.2015-ci il tarixli qətnamə ilə (hakim Aidə Hüseyn) 16 saylı İİTT-nin 6.468.936 manat pulun bizə ödənilməsi qət edildi. Qarşı tərəfin Bakı apellyasiya və Ali Məhkəmələrə şikayətləri təmin edilmədi, Konstitusiya Məhkəməsi də xeyrimizə qərar verdi. Sonradan 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin hakimi Aidə Hüseyn və Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva cavabdehlə sövdələşərək 3-cü tərəf kimi «Cənnət Park» adlı MTK-nı bu mülki mübahisəyə süni surətdə cəlb edərək mülkiyyətimizin üzərinə qanunsuz olaraq həbs qoymuş, sahibkarlıq fəaliyyətimizi iflic hala salmışlar. Bu azmış kimi, heç bir əsas olmadan Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev bizə məxsus həmin metal boruların əlimizdən alınaraq yaxın adamlarına məxsus əraziyə daşıtdırılması üçün hər gün qanunsuz cəhdlər etməkdədir. Hətta boruların bir hissəsi Nurəddin Mustafayevin qanunsuz tapşırığı ilə bizdən xəbərsiz naməlum əraziyə aparılmışdır.
Hörmətli Prezident!
Dövlətimizin adından bu cür ədalətsiz qərarlar qəbul edən hakimlər – Aidə Hüseyn və Kəmalə Abiyevanın hərəkətləri Dövlətimizə qarşı əsl terror kimi başa düşülə bilər. Çünki Azərbaycan vətəndaşlarının, sahibkarların dövlətə və dövlətçiliyə olan inamını sındıran qərarlarını, Ali rəhbər orqanların ünvanladığı sorğulara yalan cavab vermələrini necə başa düşmək olar?
Əgər bir mübahisə saysız-hesabsız məhkəmə müstəvisinə çıxarılırsa və hakimlər ancaq insanların hissinə, əsəbinə toxunmaqla yalan və qanunsuz qərarlar qəbil etməkdə davam edirlərsə, bunun nəticəsinin nə olacağını təsəvvür etmək çətin deyildir. Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli iş № 2-2(102)-252(2017) saylı və Azərbaycan Konstutusiya Məhkəməsinin 08 yanvar 2018-ci il tarixli № A/11-T-40 saylı qərarlarına belə məhəl qoymayan hakimlərə kim himayədarlıq edir? Niyə bu cür biabırçılığa son qoyulmur? Bütün bu baş verənlər az imiş kimi, yeni bir yerə-göyə sığmayan əməlləri Qaradağ rayon İcra Şöbəsi yaratdı. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə boruların üzərinə qanunsuz olaraq həbs qoyulur (xüsusi mühafizə olunan ərazidə yerləşdirilməklə). Diqqətinizə çatdırırıq ki, boruların yerləşdiyi «Sədərək» bazarı yaxınlığındakı sahə vaxtilə Binəqədi İcra şöbəsi tərəfindən eyni həmin boruların saxlanmağı üçün təşkil edilib (məktubun surətləri əlavə edilir).
Lakin icra tədbiri adı altında bizim mülkiyyətimiz olan (Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarı, iş № 2-2(102)-252(2017) borular bizim iştirakımız olmadan tərtib edilən aktla birtərəfli şəkildə daşınaraq qarşı tərəfin ərazisinə aparılmışdır ki, bütün bunları icra məmuru etmişdir. İcra məmuru boruları aktla “Cənnət Park” MTK-ya təhvil vermişdir.
Bu qanunsuz hərəkətlə bağlı şəxsən müəssisəmizin direktoru 3 dəfə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin, iki dəfə ədliyyə nazirinin müavini Vilayət Zahirovun qəbulunda olmuşdur. Bu barədə dəfələrlə İcra Baş İdarəsinə müraciət olunub. 10 dəfə Qaradağ rayonu üzrə kuratorla danışılıb ki, rəhbərliyə məlumat verilsin. Lakin saysız-hesabsız teleqramlar, müraciətlər, qaynar xətt vasitəsilə də məlumat verilməyimizə baxmayaraq özbaşınalığa son qoymurlar. Və bütün bu işlər İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevin himayədarlığı ilə həyata keçirilir. Çünki Qaradağ rayon Prokurorluğuna şikayət etdikdən sonra prokurorluq tərəfindən icra məmurunun vəzifə səlahiyyətlərini aşma və vəzifə səlahiyyətlərindən sui-istifadə və s. hərəkətlərinin səbəbi soruşulduqda Qaradağ rayon İcra şöbəsinin rəisi Kamal Əliyevin “Mən heç kiməm, bu Baş İdarə rəisi Nurəddin Mustafayevin tapşırığıdır, mən onsuz heç nə edə bilmərəm», -deməsi kifayət idi. Və bu hal 2017-ci il də yenə də bu boruların biabırçı məhkəmə çəkişmələrinin davamında boruların üzərindən həbs götürüldükdən sonra baş vermişdir, o vaxt biz tərəfdən Qaradağ İcra şöbəsinə rəsmi sorğu ünvanlanmışdı. Sorğuya 17/XI-2017-ci il tarixdə (həftənin 5-ci günü) müsbət cavab verilərək həm bizə, həm də Qaradağ Polis İdarəsinin rəisi Ə.İbrahimova ünvanlandırılmışdı ki, boruları maneəsiz apara bilərsiniz. Biz boruları daşıyarkən 19 noyabr 2017-ci il tarixdə icra məmuru əlində məktubla işi dayandırın, deməklə məktubu göstərdi. Yenə böyük bir təəccüblük və saxtalıq. 19 noyabr 2017-ci il tarixi ilə (diqqət edin-həftənin bazar günü) Qaradağ Polis İdarəsinə ünvanlanmış (ancaq polis idarəsinə) məktubu bizə göstərdilər. Yalandan yazılmışdı ki, «Ali Məhkəmənin 30 iyun tarixli qərarı ilə boruların üzərinə həbs qoyulduğuna görə 17 noyabr tarixdə verilmiş, məktub etibarsız sayılsın».
Həmin məktubla Qaradağ İcra şöbəsinin rəis əvəzi Kamal Əliyevin yanına gedərək «Bu nə məktubdur yazmısınız? Əgər Ali Məhkəmə boruların üzərinə həbs qoyubsa, icra vərəqi olmalıdır. Hanı icra vərəqi???», -deyə soruşduqda rəis əvəzi utanıb başını aşağı saldı, yenə də Nurəddin Mustafayevin tapşırığını dilə gətirdi. Onda soruşduq ki, bəs niyə belə yalan məktubu yazmısan? Cavab belə oldu ki, Nurəddin Mustafayev səhər saatlarında zəng edib (həftənin bazar günü!) dedi ki, nə edirsən et, bu işi pozmaq lazımdır, mən də onun diktəsi ilə bu məktubu yazmışam (məktubların surətləri əlavə olunur).
Mən anlamıram, dövlət məmuru olan Nurəddin Mustafayevə bu qanunsuz hərəkətlər niyə lazımdır? Başqasına məxsus metal borular onun nəyinə gərəkdir? Bu nə özbaşınalıqdır???
Ölkənin hər tərəfindəki uğurları və naliyyətləri görüb sevinmək istəyən insanların bütün ümudlərini, inamını məhv edən üzdəniraq məmurların bu əməllərini coxmu teatr səhnəsi kimi müşahidə edəcəyik?
Hörmətli cənab Prezident!
Yəqin ki, Sizin kimi mötəbər, Xalqını və Dövlətini sevən bir İnsan və Azərbaycan Respublikasının Prezidenti olmaqla bu hallardan məlumatlı deyilsiniz. Ancaq biz yenə də Sizə olan böyük inamımıza və ətrafınızda (komandanızda) olan sağlam düşüncəli və Sizə etibarlı olan əməkdaşların hərtərəfli araşdırma aparacağına inanırıq. Azərbaycan və Dövlətçilik naminə, ona sui-qəsd edən, onun qanunlarına hörmətsizlik və nüfuzunu aşağılamağa çalışan, Ədliyyə sisteminə bütövlükdə sarsıntı verən hakimlərin və məmurların əməllərinin layiqli cəza ilə qiymətləndiriləcəyinə ümid edirik.
Hörmətlə:
“Biləcəri təmir quraşdırma” Qapalı
Tipli Səhmdar Cəmiyyətinin kollektivi \\tezadlar.az\\

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …